Məntiq Olimpiadasında 7000-ə yaxın şagird iştirak edib | |
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının ilk turu keçirilib.
Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn keçirilən olimpiadada ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri iştirak edib.
Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə məktəblərdən 7000-ə yaxın şagird rəqabət aparıb.
Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım (90 dəq) vaxt ərzində riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə olan marağını artırmaqdan ibarətdir.
Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə I, II və III yerlərin qaliblərinə diplom, fərqlənən iştirakçılara isə “Tərifnamə” təqdim olunacaq.
|
|
21.12.2020 | 13:44 | |
|
|
|