Xocalı faciəsinin dəhşətləri ADAU-da dilə gətirilib | |
Xocalı faciəsi nə qədər acı olsa da hər il onu xatırlamaq yaddaşların təzələnməsi, tarixi həqiqətlərin yenidən dilə və gündəmə gətirilməsi kimi də qiymətli, dəyərlidir. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə, hər il olduğu kimi bu il də təhsil müəssisəsinin bütün fakültələrində və tələbə evində Xocalı faciəsi kədər və sabaha inam ruhunda anılıb, bunun soyqırım olması faktların dili ilə təsdiqini tapıb. Aqronomluq fakültəsində və tələbə evində keçirilən anım tədbirlərindən əvvəl faciəni əks etdirən sərgiyə, Xocalı soyqırımına aid filmə baxılıb, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, dünyada çox böyük ədalətsizliklər baş verir. Bunların ən dəhşətlilərindən biri də Xocalı faciəsidir Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlayıb. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləboran edilib. Bu gün biz bunu dərin kədərlə yad etsək də güclü olduğumuzu da unutmamalıyıq. Bizim gücümüz ulu öndər Heydər Əliyev siyasətində, qüdrətli Azərbaycanda və ona yenilməzlik gətirən cənab prezident İlham Əliyevdədir. Biz mütləq əbədi torpaqlarımıza qayıdacağıq. Şəhidlərimizin ruhunu belə şad edəcəyik. Fakültənin dekanı, dosent Məhərrəm İsmayilov, torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov, aqronomluq ixtisasının birinci kurs tələbəsi Orxan Muradzadə, ictimai elmlər və multikulturalizm kafedrasının müəllimi Elgün Aslanov və başqaları çıxışlarında tarixi faciənin, insanlığa və bəşəriyyətə yönələn soyqırımın dəhşətlərindən danışıblar. Tələbələrin təqdim etdiyi şeirlər, Xocalıya aid səhnəciklər tədbirin təsirini artırıb, iştirakçıları bir anlığa həmin dəhşətli gecəyə qaytarıb. |
|
26.02.2018 | 14:45 | |
|
|
|