ATU-nun hazırlıq kursuna qəbul elektron qaydada aparılacaq

Yeni tədris ilindən Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparılacaq. Bu barədə ATU-nun Böyük Elmi Şurasında qərar verilib.

 

“Azərbaycan müəllimi”nə açıqlamasında ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov bildirib ki,  2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq: “Haızrlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında  xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir”.

 

Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələdə namizədlərlə “Skype” bağlantısı vasitəsilə müsahibə aparılır. Onun sözlərinə görə, artıq Türkiyə, İran, İraq, Yəmən vətəndaşları ilə “Skype” üzərindən müsahibələr aparılıb. ATU-nun rektoru, professor Gəray Gəraybəyli də prosesin təşkili ilə tanış olub, “Skype”la müsahibənin gedişini izləyib, prosedurun daha da təkmilləşdirilməsi üçün təkliflərini verib: “Müsahibə zamanı tələbəmiz olmaq istəyənlərin bilik səviyyəsi dəyərləndirilir. Müsahibə 8 nəfərdən ibarət komissiya tərəfindən götürülür. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun  ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onun ATU-nun hazırlıq kursuna qəbul üçün müraciəti təmin edilir”.

 

Qeyd edək ki, “Skype”la müsahibə 8-10 dəqiqə davam edir. Komissiya ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub. Müsahibə komissiyasının tərkibinə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, rektorun müşaviri Zülfüqar Musabəyov, ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilov, xarici tələbələrlə iş üzrə dekan Orxan İsayev və fənn  müəllimləri daxildir.

 

Universitetin hazırlıq kursuna qəbul edilmiş əcnəbi vətəndaşlara tələbə vizası almaq üçün müvafiq sənədlər göndərilir. Sənədləşmə işləri başa çatdıqdan sonra bu şəxslər respublikamızın miqrasiya qanunvericiliyinə uyğun qaydada tələbə vizası ilə təmin olunub ATU-nun hazırlıq kursuna qatıla biləcəklər.

 

Onu da bildirək ki, ATU-nun hazırlıq kurslarına ildə 2 dəfə - aprel-may və oktyabr-noyabr aylarında qəbul aparılacaq. Universitetdə hesab edirlər ki, bu, həm əcnəbi vətəndaşların universitetə cəlb olunmasına, həm də dərs prosesinin təşkil olunmasına imkan verəcək.

 

Ruhiyyə DAŞSALAHLI



06.06.2018 | 16:13