“Müəllim, məni yaradıcılığa ruhlandır!” | |
ADPU-nun təşkilatçılığı ilə universitetin Şamaxı filialında iyunun 2-də “Müəllim, məni yaradıcılığa ruhlandır!” mövzusunda növbəti pedaqoji oxular keçirilib. Oxuların məzmununda təhsilalanlarda mənəvi-əxlaqi dəyərlərin inkişaf etdirilməsi və müasir tendensiyalar, humanist pedaqogika üzrə mövcud qabaqcıl təcrübənin mübadiləsi və təhsilə inteqrasiyası məsələləri yer alıb. Oxularda ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti, Humanist Pedaqogika Mərkəzinin nümayəndələri, filialın professor-müəllim heyəti və tələbələri, həmçinin Şamaxı, Ağsu, Bərdə, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Oğuz, Qəbələ, Qobustan, Sabirabad və Ucar rayonlarının qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Tədbirdən öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və ADPU-nun rektoru, professor Cəfər Cəfərov başda olmaqla bir qrup elm adamı Şamaxı şəhərindəki ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Plenar iclasda filialın direktoru, dosent Tünzalə Yusifova tədbir iştirakçılarını kollektiv adından salamlayıb, pedaqoji oxuların filialda keçirilməsinə yaxından dəstək, diqqət və qayğı göstərdiklərinə görə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına və ADPU-nun rektoruna minnətdarlıq edib.
Rektor Cəfər Cəfərov tədbir iştirakçılarını salamlayaraq humanist pedaqogika üzrə oxuların mahiyyəti haqqında geniş məruzə edib.
Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova qonaqları icra hakimiyyətinin başçısı adından salamlayıb və belə bir tədbirin qədim mədəniyyət beşiyi olan Şamaxı şəhərində keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Tədbirin plenar iclasında ADPU-nun nəzdində ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov “Müasir pedaqogikanın daşıyıcıları”, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov “Yaradıcı ürəklərin simfoniyası”, Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov “Müəllim, uşaqla yüksəl!”, ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov “Humanist tərbiyə mədəniyyəti” mövzularında təqdimatlarla çıxış ediblər.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov informasiya cəmiyyəti dövründə gənc nəslin müasir tələblərə uyğun formalaşdırılması üçün cəmiyyətin, xüsusilə müəllimin və məktəbin əsas vəzifələri barədə çıxış edib.
Sonra ustad dərsləri keçirilib. Azərbaycan Respublikasının Əməkdar müəllimi Asif Cahangirovun “Yaradıcı direktor-yaradıcı mühit” və Bakı Humanitar Kollecinin direktor müavini Afaq Əliyevanın “Öyrənən və öyrədənlər – kimdir onlar?” mövzusunda ustad dərsləri təhsil işçilərinin marağına səbəb olub.
Ustad dərslərindən sonra müzakirələr – pedaqoji oxuların iştirakçıları ilə panel görüşü, sualların cavablandırılması baş tutub. Tədbir iştirakçıları pedaqoji oxuların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirdə iştirak edən 200-ə qədər təhsil işçisinə sertifikatlar təqdim olunub.
|
|
06.06.2018 | 18:17 | |
|
|
|