MDU-nun rektoru tələbələrlə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iqtisadiyyat və idaretmə, pedaqoji və mühəndlislik fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən görüşlərdə rektor MDU-da tədrisin distant təşkili məsələlərinə toxunub,Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə məsafədən təhsilin keyfiyyətinin və effektivliyinin yüksəldilməsi istiqamətində universitetdə həyata keçirilən zəruri tədbirlərdən, tələbələr üçün yaradılan müvafiq imkanlardan danışıb.

 

Sosial həssaslığın yüksək olduğu mövcud şəraiti nəzərə alaraq, cari semestr ərzində tələbələrlə silsilə xarakterli çoxsaylı görüşlərin keçirildiyini, universitetin inzibati və akademik heyət üzvləri ilə tələbələr arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə edildiyini diqqətə çatdıran rektor həmin görüşlərin MDU-nun idarə olunmasında və qəbul edilən bütün qərarların müzakirəsində tələbələrin fəal iştirakını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

 

Görüşlərdə 2020/2021-ci tədris ilinin payız semestrində tədrisin distant təşkili, mühazirə və seminar dərslərinin keyfiyyəti, elektron tədris resursları ilə təminat, sərbəst işlərin yerinə yetirilməsi, kollokviumların keçirilməsi vəziyyəti, qiymətləndirmə mexanizmi, imtahana hazırlıq, eləcə də universitet həyatının digər aspektləri barədə rektor və tələbələr arasında geniş fikir mübadiləsi aparılıb.

 

MDU-da artıq ənənə halına çevrilən belə silsilə görüşlərin təşkilini yüksək qiymətləndirən tələbələr mövcud reallıqlar nəzərə alınmaqla universitetdə onların rahat və keyfiyyətli təhsil ala bilmələri üçün yaradılan əlverişli şəraitdən razılıqlarını ifadə ediblər.

 

Tələbələrin çıxışlarında pandemiya dövrünün çətinliklərinə baxmayaraq, təhsillə yanaşı, tələbələrin karyera inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərin davam etdirilməsi, o cümlədən online formatda elmi konfransların keçirilməsi, xarici və yerli universitetlərin mütəxəssisləri tərəfindən peşəkar təlimlərin təşkili, beynəlxalq yarışlarda iştirakın dəstəklənməsinin böyük rəğbətlə qarşılandığı xüsusi qeyd olunub.

 

Tələbələr pandemiya səbəbindən bir sıra layihələrin mövcud imkanlar çərçivəsində online formada reallaşdırılması, tələbə təşkilatlarının işinin təkmilləşdirilməsi istiqamətində təşəbbüs və təkliflərlə çıxış ediblər.

 



15.12.2020 | 17:55