Sevgisi Vətən, amalı Zəfər olanlar | |
Onlar müəllim idi. Biri 23 il çalışmışdır məktəbdə, o birisi müəllimlik karyerasının hələ başındaydı. Ancaq ikisi də vətənini bütöv görmək istədi. Özünün şəhid olması bahasına başa gəlsə belə, hər biri Qarabağ Azərbaycandır həqiqətini dünyaya çatdırmağa, Qarabağın Azərbaycan olduğunu görmək istəməyənlərə göstərməyə qərarlıydı. Torpağı qanıyla yuyub canıyla bəslədilər. Bu böyük amalın 2783 şəhidindən biri Etiram Hüseynli, o birisi isə Tural Rəhimov oldu.
Arzusu şəhidlik olan müəllim
Hələ 3 yaşında olan Həsənin atasının 23 il müəllim işləyəndən sonra döyüşçü kimi şəhid olmaq da varmış nəsibində. Hərbi təlimlərdə yetişmiş, iliyinə qədər döyüşçü olan həmvətənləri ilə çiyin-çiyinə döyüşərək şəhid oldu. Onun yoxluğunu hər kəs öz itkisi sayır - dostu, iş yoldaşı, anası, həyat yoldaşı. Tanıyan hər kəs “Etiram məndən getdi”, - deyir. Əslində hər şəhidi kimi o da Vətəndən getdi - Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbin müəllimi Etiram Hüseynli.
Zəng edib mənə dedi ki...
Dostu Cabir Məmmədov S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə işə ondan sonra başlayıb: “Etiram bu məktəbdə məndən əvvəl işləyirdi. Burada yaşadığım 26 ildə yeganə dostum oldu. Ailəvi gediş-gəlişim olan yeganə şəxs idi. Qardaş idi mənə. Ayağım məni nə vaxt bura gətirirdi, özüm də bilmirdim. Bir də onu görürdüm ki, özümdən asılı olmadan çoxdan Etiramı tapıb ona qoşulmuşam”.
Hər kəs kimi Etiram müəllimin də çoxlu arzuları, planları olub. Dostunun böyük arzularından danışan Cabir müəllim deyir ki, o, 2 əsas arzusuna son bir ilin içərisində çatıb: “Ötən il Kərbəlaya getmişdi. Oktyabrın 24-də etdiyi bu ziyarət onun ən böyük arzularından biri idi. İkinci ən böyük arzusuna da bu il oktyabrın 24-də çatdı. Şəhid olaraq. Bu arzu ilə aprel döyüşlərində də cəbhəyə getmək üçün müraciət etmişdi. Bu dəfə bu arzusuna çatdı”.
Etiram müəllimin şəhid olduğu döyüş şəraiti ilə bağlı bildikləri isə budur: “Qubadlıya döyüşə gedəndə artilleriya atəşinə tutulublar. Yanında olan, ancaq sağ qalan əsgər yoldaşı dedi ki, kəlmeyi-şəhadət deyib, bitirən kimi olduqları maşın vurulub”.
Əslində, o an deyil, bir neçə gün əvvəldən Etiram müəllim evinə qayıdacağını bilib və dostu Cabir müəllimə zəng edib: “Evi təmir olunurdu. İş yarımçıq qalmışdı. Zəng edib mənə dedi ki, 4 günə gəlirəm, hazırlıq görün. Evin təmirini tamamlamağı tapşırdı. Dediyi kimi də oldu, 4 günə gətirdilər onu”.
Oğlu şəhid olan ANA: “Allah dualarımı eşitdi”
Anası Ümbülbanu Hüseynova üçün də Etiram müəllimin yeri xüsusi olub: “Oğlumu yox, arxa-dayağımı, sirdaşımı itirmişəm. Bir oğlum var ondan sonra, ancaq onun yeri ayrı idi. Etiramın itkisinə dözürəm, çünki bir təsəllim var. Tək təsəllim balamın şəhidlik zirvəsinə yüksəlməsidir. Bilirəm ki, onun məqamı yüksəkdir. Döyüşdə olduğu günlərdə hey dua edirdim ki, bircə əsir düşməsin. “Mərddi, qürurludu, balam əsirliyə dözməz”, - deyirdim dua edəndə. Allah dualarımı eşitdi”.
Anası Etiram müəllimin başqa bir arzusundan da danışıb: “Arzusuydu, Şuşaya bayraq sancacaqdı. Sentyabrın 21-də getdi. Ehtiyatda olan zabit idi. Mənə müharibəyə getdiyini deməsi ilə getməsi 2 saat çəkdi. O gündən dəniz kimi ləpə döydü ürəyim. Bir də ayın 24-nə kimi özümə yer tapa bilmədim. Balam ölümündən sonra da məni incitmədi. Xəbəri çıxandan 2 saat sonra gətirdilər. Bala tabutu gözləmək analar üçün çox ağırdı, o da bilirdi bunu yəqin. Balam məni heç gözlətmədi. Xəbəri çıxan kimi gəldi. Ötən il Kərbəlaya getmişdi. Gələndə dedi ki, “ana, imamdan bilirsən nə istədim?”, Soruşdum nə istədin deyə. Dedi ki, mənə şəhidlik nəsib etməyini istədim”.
Ehtiram müəllimin öz guşəsi olacaq
Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə muzey, həmin muzeydə Etiram Hüseynlinin adına xüsusi guşə olacaq. Bu barədə məktəbin direktoru Akif Xalıqov deyib. Onun sözlərinə görə, Vətən müharibəsi başlayana qədər məktəbdə gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi Etiram Hüseynlinin qarşısında bu, onların borcu, minnətdarlığıdır. Bununla onlar cəsarətli bir insan kimi tanıdıqları Etiram Hüseynlinin məktəb üçün etdiklərinin heç vaxt unudulmayacağını göstərmək istəyirlər: “Məktəbimizə daim birinciliklər qazandıran müəllim idi. Hərbi oyunlarda bizim məktəb məhz Etiram müəllim sayəsində respublika və rayon üzrə birinciliklər əldə etmişdi. O, şagirdlərə elə ruh verirdi ki, sanki onlar əsl əsgər idilər. Qeyd edim ki, məktəbimizin, Etiram müəllimin yetirmələri olan iki məzunumuz da şəhid olub”.
E.Hüseynli, sadəcə birinciliklər qazandıran yox, həm də məktəbdə vətənpərvərliyin təbliğini ən yaxşı şəkildə quran müəllimlərdən olub: “Hər il son zəng tədbirlərimizdə 3 hərbi geyimli şagirdimiz bayrağı meydana gətirərdi. Bayrağımızın ənənəyə çevrilən bu təntənəli gəlişi hər birimizin qəlbini qürurla doldurardı. Şagirdlərimizin, müəllimlərimizin, valideynlərin tədbirlərimizdə həvəslə izlədiyi səhnə olurdu bu gəliş. Ehtiramın bayraq şeirini səsləndirən səsi isə qulağımdan getmir”.
A.Xalıqovun sözlərinə görə, məktəbdə yaradacaqları hərbi vətənpərvərlik muzeyi sevilən müəllimlərinin adı ilə anılacaq.
Hərbçi müəllim
Şəhid müəllimimiz - Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbin müəllimi Tural Rəhimov.
Cəlilabad rayonunun Söyüdlü kəndində doğulub, Muğan kəndində məktəbə gedib, Fərzili kəndində müəllim işləyib. Ancaq uşaqlığından müəllimliyə yox, hərb sənətinə marağı olub. Böyüdükcə, hərbi həkim olmaq istəyib. Ancaq yolu ATU-ya düşməyib, LDU-dan keçib. Lənkəran Dövlət Universitetində kimya müəllimliyi ixtisasına yiyələnib.
Ali təhsilli olduğu üçün bir il həqiqi hərbi xidmət keçməli idi. Ancaq o, qısamüddətli kurs keçərək leytenant rütbəsi alır və zabit olaraq xidmət keçir. Bu səbəbdən hərbi xidməti 2 il çəkir. 2016-cı ilin aprel döyüşləri başlayanda Tural Rəhimovun hərbi xidməti davam edirdi.
“Hərbi xidmətdə olarkən 10 günlük məzuniyyətə gəlmişdi. Evdə oturub çörək yeyirdik. Birdən zəng gəldi. Telefonda ona döyüşlər başladığını, qayıtmasını söylədilər. Əlini qilağına aparıb “baş üstə”, - dedi və dərhal qalxdı. xəyalqırıqlığı yaşadığını, döyüşə girə bilmədiyi üçün necə ruhdan düşdüyünü indi də xatırlayır. Bəhruz Rəhimovun sözlərinə görə, hərbi xidmətdən ehtiyata buraxılandan sonra rayona qayıdaraq müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və 2016-cı ilin sentyabrından ixtisası üzrə Fərzili kənd ümumi orta məktəbində dərs deməyə başlayıb. Ötən il isə ailə qurub. T.Rəhimov bir qız atası idi. 5 aylıq qızı Qumru T.Rəhimovun qardaşına və vətəninə yeganə əmanətidir: “Oktyabrın 20-də evə zəng vurdu. Hamıyla danışdı, hamıyla halallaşdı. Qızını mənə tapşırdı. Dedi onu qürurlu böyüdüm. Mənəvi dayaq olum. Sıxılmasına imkan verməyim. “Qızıma dayaq ol”, - dedi. 21-dən 22-nə keçən gecə şəhid oldu”.
“Mən zabitəm, qabaqda getməliydim”
Hər kəsin təhsilli, əksəriyyətinin riyaziyyatçı olduğu bir ailədə böyümüşdü Tural müəllim. Aldığı təhsil və tərbiyə ona vətənini sevməyi öyrətmişdi. Vətən sevgisi tarixə olan marağına təsir etmişdi. Kimya müəllimi tarix ədalətsizliyə biganə qala bilmirdi: “Həmişə qoyurdu xəritəni qarşısına torpaqlarımız üzərində başqaları dövlət qurublar deyirdi. Xocalıdan olan bir dostu var. Həmişə ona təsəlli verib, səni öz torpaqlarına qaytaracağıq, deyirdi. Ən böyük arzusu vətəninin bütövlüyü idi”.
Vətən müharibəsi başlayana qədər T.Rəhimov səbr edib. Sakitliyini pozmadan dövlətin əks-hücumla bağlı qərarını gözləyib və vaxtı çatanda o da Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə müraciət edərək Orduya könüllü qatılmaq istəyini bildirib: “Sentyabrın 27-də Muğan kəndinə şəhid gəldi. İki qardaş gedib şəhidimizi qarşıladıq. Dəfnə qədər oradan ayrılmadıq. Qayıdanda dedi ki, mən zabitəm, ondan qabaqda getməliydim. Odur ki, elə həmin gün ikimiz də Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə müraciət etdik. Zabit olduğu üçün onun müraciəti dərhal qəbul edildi və döyüşlərə qatıldı. Füzuli, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etdi. Rayonlar geri alındıqca böyük sevinclə zəng edib bütövlüyümüzü bərpa edirik, deyirdi”.
“Məktəbimizin Turalın adını daşımasını arzulayırıq”
Tural artıq yoxdur. Ancaq vətən əmanəti bir qızı var. Ailəsinin isə Turalın qızı üçün təsəlli olacaq bir arzusu: “Biz Muğan məktəbində oxumuşuq. Qonşu kənddə yerləşən həmin məktəbi bitirmişik ikimiz də. Turalın qızı Qəmər də həmin məktəbdə oxuyacaq. Həmin məktəbin Turalın adını daşımasını arzulayırıq. Məktəbimiz bu yaxınlarda istifadəyə verilib. Müasir modul tipli məktəblərdən biridir. Məktəb Turalın adını daşısa, qızı üçün də mənəvi dəstək olar. Qardaşımın istəyi yerinə yetmiş olar. Qızı atası ilə qürur duyar, özünü atasız hiss etməz”.
“Yüksəliş” müsabiqəsinə qatıldı, yüksəldi!
Fərzili kənd ümumi orta məktəbin direktoru Fuad Bəhramov deyir ki, məktəblilər arasında vətənpərvərlik hissinin formalaşdırılmasında T.Rəhimovun müstəsna rolu oldu: “Tural müəllim məktəbimizə aprel döyüşlərindən sonra gəlmişdi. Şagirdlərə aprel döyüşləri başlayanda Ordumuzda müşahidə olunan döyüş əzmindən danışırdı. “Yüksəliş” müsabiqəsi başlayanda ikimiz də həmin müsabiqəyə qatıldıq. Yaxşı da nəticə göstərmişdi. Elə yüksəlişə də nail olub şəhidlik zirvəsinə çatdı”.
Məktəb direktoru T.Rəhimovun müəllim kimi də bacarıqlı olduğunu deyib: “Məktəbimizə müsabiqədə uğur qazanıb gəlmişdi. Bacarıqlı, qabiliyyətli, savadlı olmaqla yanaşı, zəhmətkeş idi. Hər məsələdə öndə idi. Biz onunla eyni vaxtda gəlmişik bu məktəbə. Mən direktor təyin olunduğum il o da müəllim kimi fəaliyyətə başlamışdı. Biz gəldiyimiz ilə qədər məktəbin, demək olar ki, nəticələri yaxşı deyildi. Yavaş-yavaş məktəbin nailiyyətləri artmağa başladı. Virtual məktəb platforması işə düşəndə hamıdan öndə Tural müəllim vardı. Fəaliyyətinin nəticəsi olaraq adı 22 yaxşı müəllimin siyahısında yer aldı. Hətta “Təşəkkürnamə” belə aldı”.
Görünən odur ki, Tural müəllim Vətən müharibəsinə qatılaraq şəhidlik zirvəsinə yüksəlməyi seçdi. Yeri cənnət, ruhu şaddır!
Ruhiyyə DAŞSALAHLI |
|
11.12.2020 | 11:17 | |
|
|
|