"Bu günün gəncləri ölkənin qarşısında duran ən ümdə məsələləri həll etməyə qadirdirlər"

"Təhsil" Televiziyası  dekabrın 5-də "Təhsil naziri ilə söhbət"in davamını yayımlayıb.  Verilişin qonağı olan Təhsil naziri Emin Əmrullayev media nümayəndələrini maraqlandıran sualları cavablandırıb,  digər bir sıra mühüm məqamlara  da aydınlıq gətirib. Qeyd edək ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun  aparıcısı olduğu verilişdə İctimai Televiziyanın əməkdaşı Vüsalə Məmmədova və 1 news. az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı iştirak ediblər.      

 

Təhsil  naziri ilə söhbətin  II hissəsini oxucularımıza təqdim edirik.

 

Valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var 

 

Rəhman Hacı: 

- Valideynləri narahat edən konkret məsələlər var. Misal üçün, mən həmin o sorğunu aparanda ən çox təkrarlanan suallardan biri də məktəblərdə korrupsiya ilə bağlı vəziyyət,  müəllimlərin maaşlarının kifayət qədər yüksək olmaması  və bundan irəli gələn motivasiyanın aşağı olması məsələləri  idi. Sizin fikrinizcə, bu üç məsələdə - korrupsiya, müəllimlərin motivasiyası, ümumiyyətlə,  müəllimlərin şagirdlərə münasibəti ilə bağlı etimadını  necə qaldıra bilərik?

 

Emin Əmrullayev, Təhsil naziri:

- Mənə elə gəlir ki, son hadisələr onu göstərdi ki,  hər şeyə rəğmən bütün narazılıqlara baxmayaraq bu gün müstəqillik dövrümüzdə  doğulan, böyüyən, məktəbi bitirən Azərbaycan gəncləri  ölkənin qarşısında duran ən ümdə məsələləri həll etmək bacarığında və qabiliyyətindədirlər.

 

Baxmayaraq ki, təhsilimiz haqqında  biz, ümumiyyətlə, çox narazı danışırıq,  ancaq onu da qeyd edək ki, böyük məsələlərin həlli istiqamətində uğura malikik və  dünyanın ən yaxşı universitetlərini bitirmiş kifayət qədər azərbaycanlılarımız var. Və həmin gənclərimiz haradasa, belə deyək də, xüsusi şəraitdə böyüməyiblər. Onlar da məhz bu şəraitin yetirməsidirlər. O ki qaldı sizin dediyiniz korrupsiyaya,  burada bir mənəvi, ikinci yenə də qayda məsələləri var. Mənim baxışıma görə valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, düzgün deyil. Amma eyni zamanda,  valideynin məktəbə kömək etmək hüququ və səlahiyyəti var  və bu o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir. Sadəcə olaraq təsvir edə bilərəm ki, tutaq ki, bu hansısa bir irəlidə olan təhsil sistemində necə baş verir? Məsələn, adətən məktəblər hansısa məqsəd müəyyənləşdirir  və öz icmasına müraciət edir ki, biz həyətdə olan idman meydançasını təmir etməliyik. Bunun üçün isə deyək ki, on min manat  pul lazımdır. Artıq  həmin məktəb istər valideynlərə, istər həmin icmada olan biznesə, istər özünün məzunlarına, istərsə də  ölkədə idman sahəsi ilə  məşğul olan QHT-lərə müraciət edir.  O pul toplanır, hesabat verilir və nəticə etibari ilə idman meydançası təmir olunur. Və insanlar da özlərini xoşbəxt hiss edirlər. Bu, yeni terminologiyada fandreyzinq adlanır. Hətta məktəb direktorlarına  fandreyzinqin necə aparılması ilə bağlı  ayrıca təlimlər də keçirilir.         

 

Bizim kontekstdə mənə elə gəlir ki, qeyd etdiyim ana prinsip bundan ibarət olmalıdır ki, hər hansı bir valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu səhvdir, son dövrlərdə belə deyək də, il ərzində bir neçə direktor buna görə öz işindən azad edilib. Və belə  hallar olarsa,  biz buna qarşı tədbirlərimizi  yenə davam etdirəcəyik.

 

Müəllim əməkhaqqısı son dövrdə ən çox artan əməkhaqlarından biridir

 

Müəllimlərin motivasiyası ilə bağlı  ikinci sualınıza  qısa cavab verməyə çalışacağam. Müəllimin  motivasiyası və  əməkhaqqısı arasında yəqin ki, böyük əlaqə var.

Bilirsiniz ki, son dövrlərdə  ölkə rəhbərliyinin müvafiq sərəncamları ilə təhsil işçilərinin əməkhaqqısında əsaslı dəyişikliklər edilib. Müəllimlərin əməkhaqları son dövrdə ən çox artan əməkhaqlarından biridir. Demək olar ki,   ölkə üzrə orta əməkhaqqına çatır.

Müəllim əməkhaqqısına, yəni onun miqdarına təsir edən faktorları düzgün başa düşməliyik.Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış  "stavka" sistemi ilə işləyir. Həmin sistem saata bağlıdır. Müəllimlər  bir çox hallarda ona görə aşağı maaş alırlar ki, onların heç saatları çox yuxarı deyil.

 

Mənə elə gəlir biz təhsil sistemi olaraq son illərdə  iki böyük uğura imza atmışıq. Bir Azərbaycanda şagird- müəllim nisbəti kifayət qədər yaxşılaşıb. Təxminən əvvəl 8 və ya 9  şagirdə 1 müəllim düşürdüsə, indi biz bunu 11-ə qaldıra bilmişik. Bu, nə deməkdir? Bu, müəllimlərin dərs yükünün də artması deməkdir. O cümlədən bir saata görə ödənilən  əməkhaqqı da artıb. Yəni bu istiqamətdə işlər, mümkün dərəcədə iqtisadi belə deyək də,  göstəricilər imkan verdikcə yəqin ki, davam edəcək.

 

Sualınızdakı digər məqama gəldikdə, müəllimin motivasiyası heç də digərlərində olduğu kimi həmişə əməkhaqqıya bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərimizə  daha çox motivasiya verə bilər.

 

Ən yaxşı keyfiyyəti olan məktəblər qura biləcəyik

 

Vüsalə Məmmədova:

- Torpaqlar işğaldan azad edildi və artıq hər kəs öz sahəsində hazırlıq işlərinə başlayıb. Müharibənin ağır illərində o əraziləri  tərk edən  övladlar təhsil hüququndan məhrum olundular  və çox ciddi bir problemlə üz-üzə qaldılar. Bu, ötən əsrin sonları idi. Məcburi köçkün məktəblərin vəziyyəti heç vaxt qənaətbəxş olmayıb, məmnun olmamışıq. Bir  keçmiş məcburi köçkün olduğuma görə bu məsələləri  daha detallı bilirəm. Bu gün vaxtilə öz torpaqlarından  məcburən didərgin düşən həmin insanlar artıq valideyn olaraq ora qayıdacaqlar. Biz həmin o qənaətbəxş olmayan məktəblərəmi geri qayıdacağıq? Və ya məsələyə nikbin yanaşsaq işğaldan azad edilən torpaqlarımızda təhsili hansı səviyyədə quracağıq ki, orada keyfiyyətli təhsilə təminat verək.   

 

Emin Əmrullayev, Təhsil naziri:

- Sualınız iki hissədən ibarətdir. Birinci məsələ odur ki, tikinti, geri qayıdış prosesi,  bütün bu işlər  kompleks həll olunacaq. Standart olaraq əhalinin altıda bir  sayında biz məktəb tikintisini keçirdirik. Deyək ki, altı min sakini olan yerdə min nəfərlik məktəbə ehtiyac olur. Mən əminəm ki, ən yaxşı məktəblər tikiləcək. O ki, qaldı keyfiyyətlə bağlı bəlkə də kədərli bir hekayənin sonudur ki, işğal zamanı həmin torpaqlarda olan  bütün məktəblər, infrastruktur dağıdılıb. Amma məsələnin müəyyən mənada yaxşı ardı, davamı ondan ibarətdir ki, biz hər şeyi sıfırdan başlaya bilirik. Düşünürəm ki, bu proses həmin o yerlərdən olan insanlar üçün də yeni imkanlar yaradacaq. İnanıram ki, həmin yerlərdə ən yaxşı keyfiyyəti olan məktəblər qura biləcəyik.

 

Əvvəl məqsəd qoyulmalı, sonra ona uyğun infrastruktur qurulmalıdır

 

Cəsarət Valehov:

- Beynəlxalq praktikada belə deyək, hətta məktəblərin infrastrukturu  ilə bağlı  yeni yanaşmalar var. Divarsız sinif otaqları, ümumilikdə tamamilə qurğulardan inşa olunmayan məktəblər və s. Bizdə ümumiyyətlə, məktəblərin infrastrukturu ilə bağlı bəlli bir təcrübə var, yəni planlama var. Növbəti planda  bu infrastrukturda hansısa özəlliklər dəyişə bilərmi?  

 

İkinci məsələ, mən sizi həm nazir olana qədər, həm də indi nazir olduğunuz vaxtda müşahidə etmişəm ki, ən çox ifadə etdiyiniz sözlərdən biri ölçülə bilən sözüdür. Və xatırlayıram ki, ötən ilin elə dekabr ayında sizin iştirakınızla PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələrini biz  elan etdik. Bu nəticələrdən çıxış edərək 15 yaşlı Azərbaycan gənci  öz yaşıdlarından  nədə geri qalır və ya əksinə, hansı məqamlarda  ümidvericidir?    

 

Emin Əmrullayev, Təhsil naziri:

- Birinci sualla bağlı onu deyim ki, baxın,  biz yenə də məqsədlə alətləri bir-birindən fərqləndirməliyik. Adətən niyə məktəblərdə  yeni format, yəni, divarı götürürlər və yaxud stulları başqa cür bölürlər ? Bunlar təbii ki, kiminsə təxəyyülünə görə deyil, konkret  tədqiqatlara əsaslanır. Həmin tədqiqatlar göstərir ki, məsələn, bu, öyrənməyə müsbət təsir edir. İnsanlar bir-biri ilə nə bilim ikili partada yox, tək partada oturanda tutaq ki, fərdilik daha çox inkişaf edir. İnfrastruktur  təbii ki, büdcə ilə də bağlıdır.

 

Bizim kontekstdə bu, çox uğurlu bir layihə- modul tipli məktəblərdir. Biz hər il belə deyək də 30, 40, hətta bu il 60-a qədər modul tipli məktəbləri kiçik ərazilərdə tikə bilmişik. Bizim yeni məktəb modelimizdən danışanda məsələ burasındadır ki, bunlar hamısı bir-biri ilə bağlıdır. Birinci sual verirlər ki, məqsəd nədir?  Tutaq ki, məqsəd öyrənməkdirsə, məsələn, 40-42 nəfərlik sinifdə bunu eləmək olarmı? Hə, Sinqapur bunu edir. Orada standart olaraq  sinifdə ortalama 40 uşaq var. Onlar bunu edə bilirlər. Onların infrastrukturu buna uyğundur. Gələcəkdə biz də  tutaq ki, düşünürüksə ki,  daha çox böyükhəcmli siniflərlə gedəcəyik. Məsələn, 40 çox yaxşı rəqəmdir. O 2-yə, 4-ə, 5-ə və 8-ə bölünür və  siz qruplar edə bilərsiniz. 24 rəqəmi də  elədir. Məsələn,  2-yə, 3-ə, 6-ya,  8-ə bölünür və s. Yəni ilk növbədə biz nə istəyirik sualını müəyyən etməliyik,  ondan sonra məktəbimizi tikməliyik. Əvvəl məqsəd qoyulmalı sonra ona uyğun infrastruktur qurulmalıdır.

 

PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi proqramı bizim üçün mayak rolunu oynamalıdır

 

O ki qaldı ikinci sualınıza, biz  PISA, PIRLS və TİMSS beynəlxalq qiymətləndirmə tədqiqatlarında  iştirak edirik. Məncə, bu, ölkəmizə böyük imkanlar verir ki, biz haradayıq. Çünki PISA-da soruşulan suallar insanlarda konkret bazara uyğun olan bacarıq və səriştələri ölçür. Biz isə məktəbdə daha çox hələ də özümüzün arzularımızı ölçürük ki, uşaqlar bizim arzularımıza nə qədər uyğundur yoxsa yox.

PISA -Beynəlxalq Şagird Qiymətləndirilməsi proqramı bizim üçün mayak rolunu oynamalıdır və bu nəticələr Azərbaycan təhsil işçiləri, bütövlükdə təhsil ictimaiyyəti, o cümlədən işə götürənlər, xüsusilə müəllimlərimizin qarşısında çox böyük bir  vəzifələr qoyur. Biz Təhsil Nazirliyi olaraq yalnız təlimlər vasitəsi ilə onlara bu reallığı göstrməklə köməklik edə bilərik.     

 

Davranış və qavrama çox vacib məsələdir

 

Rəhman Hacı:

- Bizim təhsilimizlə Avropanın və Amerikanın təhsili arasında bir neçə ciddi fərq var. Xüsusən də ali təhsildən söhbət gedəndə mən hardasa bir neçə çatışmamazlıq görürəm. Birincisi, bizim universitetlərimizdə və məktəblərimizdə tənqidi yanaşmaya daha çox ehtiyac duyulur. Sizin də  qeyd etdiyiniz kimi biz artıq qeyri-müəyyənlik vaxtında yaşayırıq.Bu zaman tənqidi  yanaşma daha da önəmli olur, onun vacibliyi atır. İkincisi, biz artıq " Big Data" dövründə yaşayırıq.Məlumatın sayı o qədər çox, həcmi o qədər böyükdür  ki, artıq məlumatın birincisini  tapmaq və sonradan təhlil etmək bacarığı böyük önəm daşımağa başlayır. Burada müəllimin, professorun rolu da dəyişir. Sizin fikrinizcə, biz nə qədər bu dövrün tələblərinə cavab veririk? Və ya  biz əgər cavab vermiriksə bu yeni təhsil formatına necə daha operativ, çevik keçə bilərik?

 

Emin Əmrullayev, Təhsil naziri:

- Mən bununla bağlı bir neçə məqama toxunmaq istərdim. Bir məsələ ondan ibarətdir ki, davranış, eyni zamanda qavrama  çox vacibdir. O mənada ki, hər bir insan öz gələcəyi ilə bağlı tutaq ki, necə düşünür?  Məsələn, insan var belə düşünür ki, onun bütün gələcəyini dövlət qurmalıdır. Daim belə bir hisslə yaşamağa davam edir. Mənim fikrimcə, təbii ki, bu, bizim sosialist keçmişimizdən gəlir. Bəzi hallarda insanlara səhv etdiklərini və o səhvləri göstərmək məncə, lazımdır. Belə ki, səhvlər özü də öyrənmək üçün çox vacib bir məqamdır. O mənada ki, uğur hekayələri və belə deyək, o qədər də uğurlu olmayan hekayələr arasında fərqə baxsaq həmin prosesi başa düşə bilərik.

 

Başqa bir məsələ  məncə, seçimlə bağlıdır. Üçüncü, mənə elə gəlir o dəyişiklik üçün istiqamət ondan ibarətdir ki, həqiqətən də tələb olmalıdır. Yəni, tələb çox vacib məsələdir. Burada yaxşı xəbər nədir? Artıq tələb get-gedə qloballaşır. Məsələn, elmdən danışırıqsa, elmə olan tələb indi qlobaldır. Yəni, yaxşı elmi tədqiqatlara, elmi ideyalara malik olan insan hansı ölkədə yaşamağından asılı olmayaraq ona istənilən yerdə hər cür şərait yaratmağa, qrant verməyə, START UP layihələri üçün viza verməyə və s. hamı hazırdır. İstedadlı insanlarımızı burada saxlamaq üçün müəyyən mexanizmlər və modellər düşünməliyik. Və təbii ki, rahatlıqla narahatlıq seçimi arasında məncə, çoxlu müzakirələr aparmalıyıq. Çünki biz bəzən rahat həll yolları axtarırıq. Dəyişiklik ümumiyyətlə həmişə narahat bir prosesdir və nə qədər biz narahatlığımızı pozmağa hazırıq?  Belə deyək də,  cəmiyyət olaraq həmin o transformasiyanı bir yerdə keçməyə hazırıq sualı vacib olacaq. Məsələn, şərti olaraq biz bu günləri desək ki, gəlin birinci sinfə qəbul vaxtı hərə öz yaşadığı yerdə məktəbə getsin. Bu insanların kifayət qədər narazılığına səbəb olacaq. Məsələn, bizə nazirlik olaraq bu, çox asandır, çünki hər şeyi planlaşdıra bilərik, məktəblər tikiləndə və s. Səmimi olaraq deyim ki, məktəblərdə, siniflərdə şagird sayı da normallaşar.

 

Həqiqəti bilmək istəyirsinizsə heç də bu günləri ən çox belə deyək də, tələb olunan məktəblər ən yaxşı məktəblər deyil.Yəni, reallıq budur ki, məsələn, biz PİSA tədqiqatından görürük ki, Bakının bütün məktəblərinin hər birində qrupda ən yüksək nəticə və eyni zamanda ən zəif nəticə göstərən şagird vardır. Fərqi yoxdur, bu lisey və ya gimnaziyadır. Sadəcə olaraq insanlar  bəzən belə düşünürlər ki, filan müəllim daha yaxşıdır, mütləq uşaq onun yanına getməlidir. Hətta o müəllimi bir il belə gözləyən insanlar var. Övladının məhz həmin müəllimin sinfində təhsil almasını istəyir.     

 

Ali təhsil daha çox iqtisadi faktordur

 

Vüsalə Məmmədova:

- Siz nazir kabinetinə auditoriyadan keçib gəlmisiniz. Azərbaycanın  ali təhsil sistemində hansı müsbət və mənfi tərəflər var? Siz yəqin ki, bunu hamımızdan yaxşı bilirsiniz. Mən bir kənardan və eyni zamanda uzun müddət  də içində olan biri kimi deyim ki, Azərbaycanda ali təhsil pilləsi çox sürətlə inkişaf edib. Açıq da görünür ki, bütün bu sahələrdə irəliləmək üçün universitetlər ayrı-ayrılıqda çox ciddi rəqabət mühitindədirlər, çalışırlar. Amma bütün bu cəhdlərin fonunda qiyabi təhsil çox bəsit görünür.

 

Emin Əmrullayev, Təhsil naziri:

- Təhsil sistemləri artıq o qədər bir-birinə yaxınlaşıb, o qədər  informasiya var ki, bir çox şeyi yenidən kəşf etməyə ehtiyac yoxdur. Yəni, onlar var və onları tətbiq eləmək çətindir. Çünki tətbiq daha çox insanların həyatını dəyişir və hər bir dəyişkənlik də müəyyən müqavimətlə üzləşir. Bu müqaviməti isə təbii ki, çox bərk qırmaq da mümkün deyil. Bəzi hallarda ünsiyyətə girib belə deyək də o dialoq vasitəsi ilə dəyişdirilməsi vacibdir. Ali təhsillə bağlı siz müsbət tərəflərdən danışdınız. Burada 2-3 vacib məsələ var. Birinci məsələ, məqsəd nədən ibarətdir. Məqsəd kağız parçasıdır yoxsa, bacarıqlardır? 

Bütün dünyada ali təhsil əslində daha çox iqtisadi faktordur, nəinki təhsil faktoru. Bu, bir investisiyadır. Biz  nə qədər investisiya qoyuruq, hansı bacarıqları öyrənirik? Sonra bunun müqabilində  bütün həyatımız boyu həmin bacarıqları hissə-hissə satıb, necə deyərlər, gələcəyimizi təşkil edirik. Ona görə,  biz ali təhsilə mənə elə gəlir ki, baxışımızı bu yöndən dəyişməliyik, daha çox ona əmək bacarığına bağlılığı baxımından yanaşmalıyıq. Təhsilalanlar daha çox özlərinə sual verməlidirlər ki, onlar ətrafdakı adamların arzuladığı kimi olmaq istəyirlər, yoxsa həqiqətən də nəsə uğur əldə etmək həvəsindədirlər.

 

Qiyabi təhsil də təhsilin formasıdır, yəni biliyin öyrənilmə formasıdır ki, bunu  auditoriyada, eləcə də kompüter qarşısında öyrənmək olar və yaxud  gedib özün də oxuyub öyrənə  bilərsən.  Dəyişməyən qiymətləndirmədir. Yəni, sonda yekun attestasiya dediyimiz qiymətləndirmədə həqiqətən də ciddiyyət olmalıdır ki, əgər həmin şəxs o kvalifikasiyaya  uyğun bacarıqları nümayiş etdirmirsə ona diplom verilməməlidir. Amma yenə bizim kontekstdə bu illərə bağlıdır. Bizim kontekstdə nə qədər insan ali təhsil müəssisəsinə qəbul olunur və nə qədəri seçdiyi ali məktəbi bitirmir? Avropa və Qərb dövlətlərinə baxsaq,  ən yüksək bitirmə faizi bizdədir. Həmin adamlara deyəndə ki, siz bu standarta cavab vermirsiniz, bu zaman çox ciddi narazılıqlar yaranır.

 

Təhsil sisteminin ən böyük prioritetlərindən biri məktəbdəki şagirdlərin xoşbəxt olmağıdır        

 

Cəsarət Valehov:

- Siz söhbətiniz zamanı   qeyri -müəyyənliyin idarə olunmasına toxundunuz və doğrudan da indiki tədqiqatlarda bu, çox geniş müzakirə olunur. Bunu emosional intellekt məsələsi ilə də bir az əlaqələndirmək istəyirəm. Yəni, söhbət bizim məktəblərimizdə daha çox intellekt əmsalının klassik belə deyək, yöndə ölçülməsindən gedir. Amma emosional intellektin ölçülməsi ilə bağlı da  müəyyən boşluqlar var. Şübhəsiz, təkcə bizdə deyil, bütün dünyada bununla bağlı tədqiqatlar var. Bir də emosional tərbiyə məsələsinə toxunmaq istərdim.  Bir çox hallarda bizim müəllimlərimizlə şagirdlər arasında  emosional bağ düzgün qurulmadığından  bu o həmin uşağın təhsilinə də çox  ciddi ziyan vurur. Təcrid olunma, emosional sönmə yaranır və s. Həm emosional intellekt, həm də emosional tərbiyə ilə bağlı bizim üzərimizə hansı vəzifələr düşür?  

 

Emin Əmrullayev, Təhsil naziri:

- Müasir təhsildə artıq trend ondan ibarətdir ki, təhsil mexaniki deyil, daha çox psixoloji prosesdir. Yəni bilik bir tərəfdən o biri tərəfə mexaniki köçürülmür.Ona görə öyrədən yox, öyrənən var. Və öyrənən nə qədər öyrənə bilirsə o qədərini mənimsəyir. Ətrafdakı insanlar öz davranışı ilə, resurslarla və s. onun öyrənməsi üçün şərait yaradır. O mənada emosional deyək, rifah ən vacib faktorlardan biridir.

 

Mənə görə təhsil sisteminin ən böyük prioritetlərindən biri məktəbdəki şagirdlərin xoşbəxt olmağıdır. Biz bir çox hallarda cəmiyyətlə kifayət qədər dialoqda  olmalıyıq. Ümumiyyətlə, mühit çox önəmli məsələdir. Öyrənmək üçün ekosistem deyirik, orada müəllim, valideyn var. Orada çox işlər görülməlidir  o mənada ki, gözləntilər birinci düzəlməlidir.Yəni ən böyük məsələ gözləntidir. Məsələn, bir misal bizdəndir, bir misal Sinqapurdandır. Mən Sinqapurda olarkən xarici həmkarlarımıza sual verdim ki, siz emosional tərbiyəni necə ölçürsünüz və yaxud da onlar buna daha çox dəyərlər sistemi deyirlər. Onlar bildirdilər ki, biz bir çox şeyi ölçmürük və bu, kifayət qədər normaldır. Ölkənin rəhbəri dünyasını dəyişəndə sinqapurlular böyük bir növbə ilə vida mərasiminə qatılanda biz onda başa düşdük ki, hava çox isti idi. İnsanlara heç nə demədən bir  insan digərlərinə  su təklif edir və ya gətirirdi. Biz onda başa düşdük ki, təhsil sistemimizdə yəqin ki, hər şeyi düz eləmişik.

 

Mən özümüzdən də misal gətirmək istərdim.

 

  • Biz  44 gün davam edən Vətən müharibəsində  gördük ki, insanlarımız Qarabağ məsələsində, torpaqlarımızın azadlığı uğrunda həqiqətən də vahid ola bildilər, ərazilərimizi işğaldan azad etmək üçün birləşməyi bacardılar. Gördük ki, biz onlara bunu öyrədə bilmişik.

        

Təhsilin məzmunu ilə bağlı böyük müzakirələrə ehtiyacımız var

 

Rəhman Hacı:

- Mən də bir valideynəm. Qızlarımın ikisi də şagirddir. Məktəbdə ev tapşırıqları çox böyük həcmdə verilir. Bu zaman uşaqların evdə boş vaxtı belə qalmır. Belə ki, uşaqlar  məktəbdən qayıdan kimi bütün günü evdə ev tapşırığı ilə məşğuldurlar. Həmin tapşırıqlar o qədər çətin olur ki, hətta repetitorlarla da məşğul olurlar. Bu isə  onların çiyinlərinə əlavə bir yük deməkdir və s. Bunun səbəbi  nədir? Bu, yeni təhsilin bir hansısa xüsusiyyətidirmi? 

 

Emin Əmrullayev, Təhsil naziri:

- Nə qədər yük, nə qədər öyrənmək məsələsi. Məncə buna bir çox faktorlar təsir edir. Bir faktor, valideynlərin özündən gəlir. Valideynlər elə başa düşür ki, uşaqlar nə qədər çox oxusalar daha bilikli olacaqlar. Belə deyək də,  bəzi hallarda onları lazımsız yerə yükləyirlər, repetitor  yanına göndərirlər. Əslində isə bəlkə uşaq sadəcə olaraq öz boş vaxtında özü-özü ilə qalsa daha çox öyrənər. Və bu öyrənmə başa düşmək ilə bağlıdır. İkinci, müəllimlə bağlıdır. Çünki bir çox hallarda bizim standartlarla olan məsələlər təqdim etmədən asılıdır. Yəni onu çox tez öyrətmək və yaxud onu çox çətin və  uzun yolla öyrətmək olar. Bu artıq müəllimin bacarığından  asılıdır və ayrı-ayrı siniflər üzrə  yəqin ki, fərqlidir. Və nəhayət, üçüncü məsələ, mənə  elə gəlir ki,  bizim həqiqətən də təhsilin məzmunu ilə bağlı kifayət qədər böyük müzakirələrə ehtiyacımız var. O mənada ki, mən əvvəldə dediyim fikrə qayıdıram, məktəbi yükləməyimizdə əsas mənbə odur ki, bir çox hallarda biz məzmunu uşaqlardan  soruşmadan yazırıq.

 

Şəxsi fikrimi öyrənmək istəyirsinizsə, məncə öyrənmə daha çox, belə deyək,  aşağı siniflərdə bir əyləncə, oyun  formasında da olmalıdır. Yəni bu formatlara keçmək istəyimiz  yenə də daha çox müəllimlərimizlə bağlıdır.   

 

Cəsarət Valehov:

-  Emin müəllim çox təşəkkür edirik. Hörmətli  həmkarlara da təşəkkür edirik ki,bu gün vaxtın imkan verdiyi qədər  təhsillə bağlı müzakirələr aparıldı.  Şübhəsiz ki, təhsillə əlaqədar mövzunu kifayət qədər genişləndirmək olar.Yəqin ki, bu bizim sizinlə ilk görüşümz və sonuncu görüşümüz olmayacaq. Tərkiblər ola bilsin ki, dəyişilə bilər. Mənə elə gəlir ki, bugünkü format sizin də ürəyinizcə oldu.

 



11.12.2020 | 10:20