UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının finalı

UNEC-də “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib.

 

UNEC-in Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat fondunun (BAMF) sədri Umud Mirzəyev, “Kutvan Project Group”un təsisçisi Ali Kutvan, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

 

UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayev “Sosial biznes və sahibkarlıq” proqramı barədə ətraflı məlumat verərək, bildirib ki, tələbələr müsabiqəyə təhsil, texnologiya, kənd təsərrüfatı və səhiyyə sahəsinə dair 12 sosial biznes ideya təqdim ediblər. İdeya müəllifi olan komandalar “HUMAN Foundation”in dəstəyi ilə nüfuzlu qurumlarda altı həftəlik mentorluq proqramına qatılıblar. Sosial biznesin ölkələrin iqtisadi inkişafında və cəmiyyətdə gəlirlərin daha ədalətli bölgüsündə mühüm rol oydadığını vurğulayan A.Rzayev iştirakçılara uğurlar arzulayıb.   

 

Gənclərin sosial biznes və startap fəaliyyətinə təşviq edilməsinin vacibliyindən bəhs edən BAMF-ın sədri Umud Mirzəyev bunun bir ənənəyə çevrilməsinin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin Azərbaycan iqtisadiyyatına da mühüm töhfələr verə biləcəyini diqqətə çatdırıb.

 

UNEC Yunus Sosial Biznes Mərkəzinin rəhbəri Fəridə Əsgərzadə mərkəz haqqında məlumat verib. O, Nobel mükafatçısı Məhəmməd Yunusun Azərbaycana səfəri çərçivəsində yaradılan mərkəzin sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində həyata keçirdiyi işlərdən söz açıb.

 

“Sosial biznes və sahibkarlıq” proqramının reallaşmasında maliyyə dəstəyi göstərən “Gilan Holding”in Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fərid Məmmədov təmsil etdiyi qurumun ölkədə sosial sahibkarlığın və proqramın əhatə etdiyi istiqamətlərin inkişafında maraqlı olduğunu bildirib. O, qeyri-neft sektoruna böyük investisiyalar yatıran “Gilan Holding”in bu sahədə göstərilən təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə bildirilib ki, “Sosial biznes və sahibkarlıq” proqramı çərçivəsində komandalar P&G, United Aid for Azerbaijan (UAFA), EY, PwC, Beynəlxalq Millətlər İnkişaf Proqramı (UNDP), ABAD, Neuron Technologies MMC, Azərbaycan Amerika Tibbi Assosiyasiyası, Ukranian Social Academy, American Alumni Association, “Sağlam ailə” klinikası və Gilan Kənd Təsərrüfatı Qrupunun nümayəndələri mentorluq proqramında iştirak ediblər.

 

Çıxışlardan sonra tələbələr öz biznes ideyalarını təqdim ediblər. Münsiflər heyətinin dəyərlərləndirməsi ilə “Red Ruby” (narın dənələnərək qablaşdırılması), “Dockor Bee” (arı məhsullarından müalicə vasitəsi kimi istifadə olunması), “Sweeteners” (stevia bitkisindən qida məhsulu kimi istifadə olunması), “Greeners” (kənd təsərrüfatı tullantılarından yanacaq əldə olunması, briket) biznes ideyaları qalib olub.

 

F.Əsgərzadə bildirib ki, UNEC-in Yunus Sosial Biznes Mərkəzi qalib komandalara öz ideyalarını reallaşdırmaq istiqamətində dəstək göstərəcək, maliyyə vəsaiti ayıracaq. Layihənin tərəfdaşı olan Baku Business Factory Kovörkinq Mərkəzi ideyalarını reallaşdırması üçün qalib komandaları ofislə təmin edəcəklər.

 

 



06.06.2018 | 10:19