Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan xalçalarına həsr olunan tədbir keçirilib | |
Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan xalçaları: tariximizdən günümüzə” adlı tədbir keçirilib.
Tədbirdə institutun İncəsənət kafedrasının müəllimlərinin və Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 30-dan çox rəngkarlıq, qrafika və dekorativ tətbiqi sənət nümunələri, eləcə də müxtəlif xalçaçılıq məktəblərinin nümünələri maraqlı forma və kompozisiyalarda nümayiş etdirilib. Diqqəti cəlb edən əsərlər sırasında Naxçıvan xalçaları ilə yanaşı, Qarabağ xalçaları, o cümlədən Laçın və Kəlbəcərə aid xalça nümunələri də yer alıb.
İnstitutun rektoru Azad Novruzov bildirib ki, dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan xalça toxuma ənənələri əsrlər boyu qorunub saxlanılıb, inkişaf etdirilib, xalqımızın məişətində və həyatında mühüm rol oynayıb:” Xalça bizim milli sərvətimiz, tarixi yaddaşımız, keçmişimiz, bugünümüz və gələcəyimiz üçün çox əhəmiyyətli olan sənət nümunəsidir”.
Tədbirdə İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva ötən dövr ərzində institutda görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki, institutda xalçaçılıq sənətinin öyrənilməsi, müvafiq fənlərin tədrisi, tarixi abidələrimizi əks etdirən xalçanın toxunması, bununla yanaşı seminar, konfrans, sərgilərin keçirilməsi, kafedranın baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin nəşr olunması, Naxçıvan Dövlət Xalça Muzeyinə tələbələrin ekskursiyalarının təşkili və s. işlər həyata keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova xalçaçılıq sənətinin tarixi, keçdiyi inkişaf yolu və sərgi haqqında fikirlərini bildirib.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
|
|
09.12.2020 | 10:11 | |
|
|
|