"Qarabağın məşhur müəllimləri" - Tofiq Hacıyev | |
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli alim, "Şöhrət" ordenli Tofiq Hacıyevdir. Dilçi, türkoloq-alim, Azərbaycanın maarif naziri vəzifəsində çalışmış Tofiq Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.
Tofiq Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında nüfuzlu dilçi alim kimi tanınıb. Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun milli təəssübkeş ziyalı, təpədən dırnağa qədər əsl elm adamı olduğunu görürük. Sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Tofiq Hacıyev müəllim- pedaqoq kimi də sevilib. Türkiyəli alim Yavuz Donat "Hocaların hocası" məqaləsində akademik Tofiq Hacıyevdən bəhs edərkən Azərbaycanda ona "Hocaların hocası (“Müəllimlərin müəllimi”) kimi xitab olunduğunu haqlı olaraq vurğulayır.
Tofiq Hacıyev ədəbi məktəbinin nümayəndələri müxtəlif sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi inkişaf etdirirlər. Tofiq Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) müəllim və dosent vəzifələrində çalışıb, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətini davam etdirib. Nəsimi adına Dilçilik İnstitutunun direktoru işləyib. 1984-cü ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycanın maarif naziri vəzifəsində işləyib, təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
|
|
07.12.2020 | 12:51 | |
|
|
|