Baytarlıq ixtisasının tələbələri Süni mayalanma Mərkəzində olublar

Naxçıvan Dövlət Universitetinin (NDU) Baytarlıq ixtisasının tələbələri Süni mayalanma Mərkəzində olublar.

 

Mərkəzin inzibati binasında tələbələr üçün auditoriya quraşdırılıb. Süni mayalanma törədicilərindən toxum alınma binasında tələbələr əyani sürətdə erkək heyvanlardan toxum alınması prosesini izləyiblər. Heyvanların yemlənməsi, suvarılması, təmizlənməsi ilə bağlı işlərlə tanış olublar. Baytarlıq klinikasında olan tələbələr heyvanların müayinəsinə, onlara qulluq prosesinə də baxıblar. 

 

NDU-dan bildirilib ki, qazanılan bu təcrübə nəzəri biliklərin gələcəkdə tətbiqində böyük  əhəmiyyətə malikdir.

 

Mərkəzin işçisi qeyd edib ki, damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılmasında və sürətlə törəyib artmasında ən mütərəqqi zoobaytar tədbirlərdən biri də süni mayalama üsuludur. Muxtar respublikada 15 ilə yaxın bir dövrdə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılıb, süni mayalanma tədbirləri həyata keçirilib. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq, ötən dövrdə muxtar respublikada 83 minə yaxın mal və camışlarda süni mayalanma aparılıb, 60 minə yaxın cins buzov alınıb. Artıq muxtar respublikada mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. 

 

Vurğulanıb ki, həm elmi-tədqiqat, həm də tədris-təlim rolunu oynayan mərkəz muxtar respublikada heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaq. Diqqətə çatdırılıb ki, bu ixtisas üzrə təhsil alan tələbələrin əsas vəzifələrindən biri də  muxtar respublikanın rayon və kəndlərində heyvandarlığın inkişafı ilə bağlı həyata keçirilən Dövət Proqramları,  damazlıq heyvandarlıq, sünü mayalanma texnikası və damazlıq uçotun hazırlanması ilə bağlı şəxsi, fermer təsərrüfatlarında maarifləndirici tədbirlərin aparılmasında iştirak etməkdir.

 



04.12.2020 | 17:21