Qəhrəman müəllimlər | |
Budur, bir yol gedir. Yolun bir ucunda məktəb, o bir ucunda od-alov, qan-qada, göz yaşı var. O yolun getdiyi yer də bəllidir, yolçusu da. Müəllimlər hansı amal üçün hara getdiyini bilirlər. Yolçusu müəllimlər olan həmin yol Şuşaya gedir.
Bura Şuşadır! Bura Vətəndir! Onlar da bu vətənin ayrılmaz, unudulmaz parçaları. Məktəbi döyüş meydanına dəyişən qəhrəman ruhlu MÜƏLLİMLƏR.
El üçün eldən gedən MÜƏLLİM
Karyerasına müəllim kimi başlayıb, ehtiyatda olan zabit kimi davam edən və sinifdən səngərə uzanan yolunu şəhadətilə taclandıran daha bir qəhrəman müəllim. Famil Əhmədzadə İsmayıllı rayonunda yaxşı müəllim kimi tanınırdı. Ancaq indi onu bütün Azərbaycan tanıyır. O, azərbaycanlılar üçün tarix yazan tarix müəllimlərimizdən biridir.
Famil Əhmədzadə 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasını qırmızı diplomla bitirib. Elə o vaxtdan İsmayıllı rayon E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə tarix müəllimidir. Fəaliyyətinin ilk günlərindən şagirdlərinin və müəllim kollektivinin rəğbətini qazanıb. Qısa zamanda rayonun tanınmış simasına çevrilib. Rayon tədbirlərini hər zaman o idarə edib. 2020-ci ildə Vətən müharibəsi başlayanda ehtiyyatda olan baş leytenantın da müraciəti dəyərləndirilib və Famil Əhmədzadə döyüşlərə cəlb edilib. Azərbaycan Ordusunun minlərlə könüllü döyüşçüsündən biri olaraq cəbhəyə yollanıb və orada da öz sözünü deyib. Oktyabr ayının 14-də Talış və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Sinifdə hərbi intizam
İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə ilə bağlı çalışdığı məktəbin direktoru Əhmədağa Ələkbərzadə üçün keçmişdə danışmaq çox çətindir: “Sanki mələk idi. Adam var evdən gedir, adam da var eldən. Sözün əsl mənasında, Famil müəllim eldən getdi. Bizim üçün çox böyük itkidir. 1997-ci ildən məktəbimizdə tarix müəllimi işləyirdi. Sinfi aşağıdan verirdim ona, XI sinfə qədər ən yüksək səviyyədə gətirir, yüksək nəticələrlə təhvil verirdi. Sinifdə, sözün əsl mənasında, hərbi intizam yaradırdı. Özü də həmişə təmiz, səliqəli olurdu, sanki parıldayırdı. 2008-ci ildə məktəbimizdə Tarix Diyarşünaslıq Muzeyi yaratdı. Hazırda muzey Famil Əhmədzadənin adını daşıyır. Orada rayon muzeyinə yetəcək qədər eksponat var. Ümumiyyətlə, məktəbin hər yerində, hər işdə onun əlinin izi var”.
Famil Əhmədzadə, sadəcə məktəbdə yox, rayonda tanınıb: “Rayondakı bütün tədbirlərin aparıcısı məhz Famil müəllim olurdu. Məktəbimizin uşaqlarının 70 faizini tarix fənni üzrə o hazırlayırdı. Yaxşı müəllim çoxdu. Famil müəllim həm yaxşı müəllim, həm də əsl insan idi. Bunu bacarmaq elə də asan deyil. Bütün kollektivimiz, şagirdlərimiz, müəllimlərimizin ürəyində xüsusi iz qoyub getdi”.
Səninlə fəxr edirəm, Ata! ı
Famil müəllimin 19 yaşlı oğlu Fərid üçün də atasının yeri hər zaman görünəcək. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olan Fərid atasının döyüş ruhundan danışıb: “Atamla döyüşən əsgər və zabitlər onun döyüş ruhunun çox yüksək olduğunu deyirdilər. Hətta orda başqa əsgərlərin də əhvali-ruhiyyəsinə müsbət təsir edib, döyüş ruhunu yüksəldib”.
Fəridin atası həm də onun müəllimi olub: “Mənə 5-ci sinifdən 11-ci sinfə qədər tarixdən dərs deyib. Hər dərsə hazırlıqlı olub-olmadığımı mütləq yoxlayardı. Ona görə atama arxayın olub dərsimə hazırlıqsız gedə bilməzdim”.
“Səmimi, gülərüz”- kimi xarakterizə etdiyi atası haqqında “Nə qədər danışsam, azdır. Kəlmələr yetməz onu anlatmağa”, - deyir. Əgər onu eşitsəydi, bu gün o, öz şəhid atasına nə deyərdi görəsən? Fərid bu dəfə üzünü atasına tutub: “Bir tarix müəllimi öz qanı ilə tarix yazdı! Səninlə fəxr edirəm, Ata! Torpaqlarımız alındı, qanın yerdə qalmadı!”
Təşkilatçı, yoxsa döyüşçü?
Hər iki ünvan ona yaraşdı. Hər iki vəzifə onun adında birləşib vahidləşdi. Bu iki vəzifəni birləşdirən onun vətənpərliyi, vətənə sevgisi oldu. Rəvan Ömür oğlu Lətifovdan gedir söhbət.
Vətən boyda ürək
Vətən sevgisi hər davranışından aydın görünürdü. Təşkil etdiyi hər tədbirdə, şagirdlərlə hər söhbətində vətən dilindəydi. Sincan kənd məktəbinin direktor əvəzi Sabit Qasımov Rəvan müəllimi belə xarakterizə etdi. Dediyinə görə, 2014-cü ildən tanısa da, onunla 2 il idi bir yerdə çalışırdı. Amma insan kimi tanıdığı müəllim yoldaşının peşəkarlığını görmək üçün 2 il də yetərli olub: “Təşkilatçı müavin idi. Hər dərsinin 3-5 dəqiqəsi vətənpərvərlik mövzusunda olurdu. İşğal tarixini unutmaz, unutdurmazdı. Tədbirlərimiz “Şəhidlər Xiyabanı”nda keçirilər, muzeylərə, tarixi abidələrimizə tez-tez gəzintilər təşkil edərdi. Şagirdlərimiz, böyüməkdə olan nəsil özümüzü, dostumuzu-düşmənimizi tanısın deyə”.
Tanıdı və tanıtdırdı. Fəaliyyəti ilə başladığı işi şəhadəti ilə başa çatdırdı.
29 yaşlı təhsil işçisi Oğuz rayonunun Xaçmaz kəndində doğulub, elə burda da qocalmaq niyyətindəydi. Məktəbi bu kənddə tanıdı. Elm, bilik dünyasına Xaçmaz kəndindəki V.İbrahimov adına tam orta məktəbdə daxil oldu. Hərf, söz, rəqəm, hesablama öyrənməyə məhz buradan başladı. Sonra böyüdü. Özündən əvvəl ürəyi böyüdü. Yoxsa o boyda Vətən kiçik ürəyə sığardımı?
Ömrünü məktəbə həsr edəcəkdi
Əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsilin təşkili və idarə olunması ixtisasına yiyələndi. Bu da o demək idi ki, həyatındakı məktəb, sadəcə Xaçmaz kənd məktəbi olmayacaqdı. 2012-ci ildə artıq ilk iş yerində - Ə.Abdulhüseyn adına Şirvan kənd tam orta məktəbində idi. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsi onun üçün bir başlanğıc idi. Sonra iş yeri dəyişdi.
...ancaq ona verilən ömrü döyüş meydanında tamamladı
Vətən müharibəsi başlayanda Sincan kənd tam orta məktəbində təşkilatçı müavin idi. Sentyabrın 29-da Vətən müharibəsində iştirak etmək üçün çağırış vərəqəsi aldı və məktəbi döyüş meydanı ilə əvəz etdi. Qısa döyüş yolu Şuşaya qədər gedib çıxdı. Şuşa uğrunda da döyüşdü və qəhrəmancasına şəhid oldu. Şəhadət xəbərini ailəsi noyabrın 16-da aldı və o, Xaçmaz kəndindəki “Şəhidlər xiyabanı”nda dəfn edildi.
Hər işdə öndə olardı
Ata-anasının böyük arzularla böyütdüyü, gələcəyi ilə bağlı xəyallar qurduğu 4 balasından biri idi Rəvan. Ailədə iki bacı, iki qardaş idilər. Sonbeşikdi o. Ailənin ən kiçik və ən sakit uşağı böyüyüb təhsil işçisi oldu, amma döyüşçü kimi həlak oldu.Halbuki döyüşçü yox, təşkilatçı olmuşdu. Məktəbdə təşkil etdiyi tədbirlərin hər biri onun Vətən sevgisini anladır, həmin tədbirlərin iştirakçısı olan məktəbliləri də Vətən notuna kökləyirdi.
Mehribanlığı, şənliyi, üzügülərliyi ilə hamının rəğbətini qazanan Rəvan müəllim şagird ya müəllim demədən hamının köməyinə tələsirdi. Sadəliyi ilə seçilir, yardımsevərliyi ilə tanınır, işgüzarlığı ilə sevilirdi. İşdən qaçmaz, əksinə hər işdə hamıdan öndə olardı.
Şəhid olsam, bilin ki...
Ömür-gün yoldaşı seçdi özünə, onu yarı yolda qoyacağını bilmədən. Rəvan Lətifov iki ilə yaxın idi evlənmişdi. Gözü Zülfüqar Abışov adına Xaçmaz kənd ümumi orta məktəbində 2016-cı ildən işləyən Pünhan müəllimi tutub xoşbəxt bir ailə qurmuşdu: “Biri-birimizdən heç ayrı qala bilmirdik. İl yarım idi ailəli idik, aramızda heç anlaşılmazlıq olmadı. Rəvan çox mehriban idi. Uşaq idi sanki. Evə mütləq sürprizlə gələrdi. Daha yaxsı günlərimiz olacağına söz vermişdi, ancaq əməl eləmədi. Şəhid olmadan əvvəl demisdi ki, əgər şəhid olsam, bilin ki, Pününü tanıyandan xosbəxt yaşamışam”.
Oğul atası Rəvan müəllim
Rəvan müəllimin böyük arzusu vardı, dünya gözüylə reallaşan arzusunu - oğlunu gördü yaxşı ki: “Ən böyük arzusu övlad sahibi olmaq idi. Yenicə ailə qurmuşduq, “oğlumuz olsun istəyirəm” dedi. Bunu hər zaman deyirdi. Oldu da. Amma cəmi 8 ay oğluyla bərabər ola bildi”. Oğluna xəstə atasının adını verdi, onu daha uzun yaşatsın deyə: “Oğul olaraq çox yaxşı övlad idi. Onun üçün ən önəmli olan ailəsinin rahatlığıydı. Atası şəkərli diabet xəstəsidi. Açıq ürək əməliyyatı keçirib. Hazırda da vəziyyəti pisdir. Çox istəyirdi ki, atasının rahatlığını təmin etsin. Atası qalan ömrünü rahat keçirsin. Oğlumuza da atasının adını verdi ki, o dünyasını dəyişəcək, adı yaşasın. Ancaq özü atasından əvvəl getdi”.
Pünhan müəllimin sözlərinə görə, Rəvan çox zəhmətkeş olub: “Səhər işə gedir, günortadan sonra təsərrüfatla məşğul olurdu. Ayağında revmatizm vardı. Çalışırdı ki, burdan uzaqlaşaq. Amma olmadı. Çox arzularımız vardı”.
Arzuları da ömrü kimi yarımçıq qaldı: “Cəbhədə olanda deyirdi oğlumuzun 1 yaşını qeyd etmək üçün gələcək. Getdiyi 35 gün idi. Danışanda dedi ki, ümid edirəm bu vaxta qədər qoruyan Allah axıra kimi qoruyar. Amma ümid etdiyi kimi olmadı. Allah onu şəhidlik mərtəbəsinə ucaltdı”.
Şəhadətin mübarək, şəhidim. Gözün arxada qalmasın. Babasının adını daşıyan Ömür tamamlayacaq yarımçıq qalan ömrünü.
Ruhiyyə DAŞSALAHLI |
|
04.12.2020 | 11:14 | |
|
|
|