Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir | |
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YT Park) yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu olan ərazidir.
Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən və 20 hektardan çox sahəsi olan Texnopark ərazisinin genişliyi rezidentlərin sayını artırmağa imkan verir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq Texnoparkın əsas məqsədlərindəndir.
YT Park-dan bildirilib ki, Texnopark elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını, eləcə də əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı güzəştlər tətbiq olunur.
YT Parkın rezidentləri zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xəttləri ilə təmin olunurlar. Bu da sahibkarların daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır.
Texnopark elm və innovasiya yönümlü yerli şirkətləri rezident olmağa, yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.
Rezident olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.
|
|
03.12.2020 | 11:19 | |
|
|
|