Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzi ADNSU-da yerləşəcək | |
Çinin Lanzhou Universitetinin təşkilatçılığı ilə Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının “Epidemiyadan sonrakı dövrdə beynəlxalq əməkdaşlıq və mübadilə üçün yeni yanaşma” adlı konfransı keçirilib.
Konfransda 27 ölkədən 150-dən çox universitet, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də iştirak edib.
Universitetdən bildirilib ki, ADNSU 2015-ci ildə Çin Xalq Respublikası tərəfindən “Bir Kəmər və Bir Yol” təşəbbüsü əsasında yaradılan Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının üzvüdür. 27 ölkənin 173 universitetini birləşdirən bu qurum böyük beynəlxalq nüfuza malikdir.
Onlayn formatda keçirilən iki hissəli konfrans zamanı təhsillə bağlı ən mühüm məsələlər müzakirə olunub, beynəlxalq əlaqələrdə yeni yanaşmalar, pandemiya dövründə və ondan sonrakı mərhələdə təhsil sahəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb, reallıqlar və perspektivlər əsasında yeni inkişaf mexanizminin detalları təhlil olunub.
Konfransda, həmçinin ittifaqın rəhbərliyi Qafqazın İpək Yolunda yerləşməsi vacibliyini nəzərə alaraq, burada nümayəndəliyin açılması haqqında qərar qəbul edib. Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqazda mərkəzi kimi ADNSU seçilib, baş katibi qismində isə Çində ADNSU-nun nümayəndəsi Renying Li təyin olunub.
Sözügedən qərar quruma daxil olan ölkələrin universitet rektorlarının, Çin Xalq Respublikası rəsmilərinin iştirakı ilə keçirilən Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının onlayn konfransında elan olunub.
Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək 27 ölkədə və bölgələrdəki universitetləri birləşdirən bu təşkilatın ümumi problemləri müzakirə etmək üçün çox gözəl platforma olduğunu bildirib. O, ADNSU-nun pandemiya dövründəki təcrübəsi və dünya şöhrətli universitetə aparan yolu haqqında konfrans iştirakçılarına məlumat verib:”Qısa müddətdə bütün imkanlarımızı səfərbər edərək onlayn təlimə keçdik. Bu təhsil növü Çindən Türkmənistana qədər demək olar ki, İpək Yolu ölkələrindən olan bütün xarici tələbələrimizə də şamil edildi. Əlbəttə ki, onlayn dərslərin aparılması metodunda çatışmazlıqlar var idi, ancaq müsbət nəticələrin də şahidi olduq”.
Qarşılıqlı təcrübənin bölüşdürülməsinin vacibliyini vurğulayan M. Babanlı qeyd edib ki, ADNSU elektron universitet, təhsil proseslərinin tam avtomatlaşdırılması, təhsil-tədqiqat-sənaye inteqrasiyası, texnologiyaların ötürülməsi, startup kimi innovativ istiqamətlərdə öz təcrübəsini bölüşməyə hazırdır.
Rektor Azərbaycanda Ali Təhsil Müəssisələrinin Strateji İttifaqının Qafqaz üzrə mərkəzinin yaradılması qərarına və ADNSU-ya olan etimada görə "Bir Kəmər, Bir Yol" Universitet İttifaqına minnətdarlığını bildirib.
|
|
30.11.2020 | 17:02 | |
|
|
|