NDU-nun tələbələri Avropa Şurası HELP proqramının kursuna qatılıblar

Naxçıvan Dövlət Universitetinin (NDU)  Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbələri Avropa Şurası HELP proqramının onlayn kursuna qatılıblar.

 

“Avropa İnsan Hüquqları Məhkəməsinə və  Avropa İnsan Hüquqları  Konvensiyasına giriş” adlanan kursda tələbələr Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilən normalar, Avropa İnsan Hüquqları Məhkəməsinin strukturu, məhkəməyə müraciət etmə qaydası, qərarların qəbul edilməsi, qərarların icrasına nəzarət kimi məsələləri öyrəniblər.

 

Təqdimat zamanı tələbələr HELP proqramının xüsusiyyətləri, onlayn tədrisin əhəmiyyəti və proqramın platformasında qeydiyyatdan keçmək üsulları ilə tanış olublar. Eyni zamanda iştirakçılara platformada yerləşdirilmiş onlayn sərbəst və distant kurslara yazılmaq, kurs materiallarından maksimal dərəcədə yararlanmaq yolları izah edilib.

 

Hər modulun sonunda biliklərin qiymətləndirilməsi aparılıb və tələbələr kursu müvəffəqiyyətlə bitirərərək  HELP proqramının sertifikatı ilə təltif olunublar.

 

Qeyd edək ki, HELP proqramı hüquqşünaslara Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklərlə tanış olmaq imkanı yaradır.



30.11.2020 | 14:35