MDU Çində keçirilən konfransda təmsil olunub | |
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Kəmər və Yol Universitetləri Alyansı”nın (University Alliance of the Belt and Road – UAB&R) növbəti konfransında iştirak edib.
Universitetdən bildirilib ki, Çin Xalq Respublikasının Lanzhou Universiteti (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan tədbirə 17 ölkədən 60-a yaxın universitetin rektoru qatılıb.
Həm real rejimdə, həm də Zoom platforması üzərindən online formatda keçirilən konfrans “Post-pandemiya dövründə beynəlxalq əməkdaşlıq və mübadiləyə yeni yanaşma” mövzusuna həsr olunub.
Tədbirdə qlobal ali təhsil məkanında baş verən dəyişikliklərdən irəli gələn yeni reallıqlar nəzərə alınmaqla UAB&R çərçivəsində elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qloballaşmanın doğurduğu yeni çağırışlara daha çevik cavab verilməsi üçün universitetlərin qarşısında duran yeni vəzifələr, qeyd olunan istiqamətlərdə təcrübə mübadiləsinin zəruriliyi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Ş.Bayramov konfransda “Post-pandemiya dövründə Bir Kəmər və Bir Yol təşəbbüsü regionu universitetləri arasında əməkdaşlıq: yeni çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində ali təhsilin COVID-19 infeksiyasının ən çox təsir etdiyi sahələrdən biri olması, universitetlərin təhsil və elmi fəaliyyətində tamamilə yeni alətlərdən istifadənin zəruriliyi, məzunlarda fərqli mədəniyyətlərə sahib cəmiyyətlərdə çalışmaq imkanı verən bacarıqların yaradılmasının vacibliyi, məsafədən təhsil sahəsində Azərbaycan təcrübəsinin xüsusiyyətləri, MDU-nun UAB&R-a üzv olmaq niyyəti və digər məsələlər barədə danışıb.
Qeyd edək ki, konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Azərbaycan Tibb Universitetinin nümayəndəsi də iştirak edib. Tədbirdə M.Babanlı “Pandemiya dövründə ADNSU-nun təcrübəsi və onun dünya səviyyəli universitetə çevrilməyə gedən yolu” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində ADNSU-nun ev sahibliyi ilə fəaliyyət göstərəcək “UAB&R-ın Qafqaz üzrə Regional Mərkəzi”nin açılış mərasimi də keçirilib.
|
|
27.11.2020 | 16:55 | |
|
|
|