Şagirdlərin elektron yerdəyişməsi davam edir | |
Noyabrın 16-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradır.
Övladını başqa məktəbə dəyişmək istəyən valideyn və ya digər qanuni nümayəndə, ilk növbədə, http://www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaradır. Sonra qeydiyyat prosesinə başlayır. Bunun üçün Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsinin FİN kodunu, xarici ölkə vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini daxil etməklə əldə olunmuş məlumatları təsdiq edir. Daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır.
Proses yolunda gedərsə, valideyn və ya qanuni nümayəndə şagirdin şəxsi işini əvvəl oxuduğu məktəbdən götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.
Amma prosesdə bəzi problemlər də ortaya çıxa bilər. Məsələn, yerdəyişməyə imtina verilə bilər. Təhsil sisteminin informasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Səbinə Hacızadə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində imtina səbəblərindən danışıb: “Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər”.
Lisey və gimnaziyaları, məcburi köçkün məktəbləri üzrə siniflərə yerdəyişmə də elektron qaydada aparılır və sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçirilir. Burada bir istisna da var. Yerdəyişməni lisey və gimnaziyalara edənlərə həmin təhsil müəssisələrinə qəbulun imtahanla aparıldığı xatırladılır.
Xarici ölkələrdən ümumi orta təhsil bazasında da elektron yerdəyişmə mümkündürmü? S.Hacızadənin sözlərinə görə, şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi də valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir: “Valideyn əvvəlcə yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir. Bu proses istənilən ölkə üçün aparılır və yerdəyişmə istəyən şəxs sistemdə heç bir problemlə qarşılaşmır”.
İstənilən problemin isə çıxış yolu Qeydiyyat mərkəzlərində həll edilir. S.Hacızadə qeyd edib ki, həmin qeydiyyat mərkəzlərinin siyahısı və ünvanı barədə mətbuatda məlumat verilib: “Sadəcə xatırladım ki, alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi formada təşkil olunub. Ona görə də müraciətçilərdən qoyulan qaydalara əməl etmələrini xahiş edirik”.
Xatırladaq ki, şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərir.
Ruhiyyə Daşsalahlı
|
|
27.11.2020 | 14:07 | |
|
|
|