Sinifdən səngərə

İsti sinfi soyuq səngərə, lövhəni düşmənə dəyişdi hər biri. Bir an belə düşünmədilər. Lövhə qarşısında elm bələdçisiykən, düşmən qarşısında topdağıtmaz istehkamı əvəz elədilər. Hər biri son dərsinə girdi. Düşmənə elə bir dərs keçdilər ki, çətin ki, uzun müddət özlərinə gələlər.

 

Kürdəmirdə şagird, Masazırda müəllim, Şuşada şəhid oldu

 

 

Həmin qəhrəman müəllimlərdən biri Qoşqardır. Atası onun adını “Qoşqar” qoyanda, yəqin körpəsinə verdiyi adın onun həyatında oynayacağı rolu heç ağlına da gətirməmişdi. Qoşqar düşmən üçün keçilməz dağ, valideynləri və milləti üçün qürur yeri oldu. Düşmənin köksünə çəkdiyi dağı görüb-eşidənin qürurdan ürəyi dağa döndü.

 

Dağ misallı igid Azərbaycan balası Qoşqar Ömərov Kürdəmirdə doğulub, Abşeron rayonunun Masazır kəndindəki ən müasir məktəblərdən birində, 5 nömrəli tam orta məktəbdə şagirdlərinə hesablama elmini öyrənməkdə bələdçilik edirdi. Ta sentyabrın 27-nə qədər o bir müəllim idi şagirdlərinin gözündə. Amma artıq, yəni Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olandan sonra bir qəhrəmandır. 44 günlük Vətən müharibəsinin son günlərinə qədər döyüşdü. Noyabrın 5-də şəhidlik zirvəsinə yüksələnədək davam edən ömrü qısa olsa da, amacı böyük olan döyüş yolunu da məharətlə 26 illik ömrünə sığdırdı.

 

Müəllim Qoşqar

 

 

Qoşqar Ömərov 2018-ci ildən müəllim idi. Müəllimlərin işə qəbulu müsabiqəsində 57 bal toplayaraq riyaziyyat müəllimi kimi sinfə girmək hüququ əldə edib. Müsahibədə də uğur qazanaraq Masazır kənd 5 nömrəli tam orta məktəbində dərs deməyə başlayıb. Məktəbin direktoru Səlim Məmmədov qısa müddətdə yaxşı müəllim olmağı bacaran Qoşqar Ömərovun bu qabiliyyətinin ailədən gəldiyini deyir. Ailədən gələn başqa xüsusiyyətləri də vardı. Ən əsası, insani keyfiyyətləri  çox idi: “Çox ləyaqətli insan idi. Şagird və müəllimlərimiz arasında hörmət qazanmışdı. Təəccüb doğuracaq qədər gözütox idi. Ona dərs saatını zorla verirdik. Dərs bölgüsündə hər zaman geridə dayanırdı. Riyaziyyat müəllimləri xanımlardır. O, yeganə kişi müəllim idi. Soruşanda ki, gücün nəyə çatar, dərslə təmin edək, deyirdi xanım müəllimlər ehtiyacı olanı götürsün, yerdə qalanı mənə verərsiniz”.

 

 

Vətən müharibəsində ona ehtiyac olduğunu da bilirdi: “Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət etmişdi. Ordu sıralarına könüllü qatılanlardan idi. Müharibə başlayan kimi də çağırıldı. Həqiqi hərbi xidmətdə hesablayıcı artilleriyaçı olub. O vaxt fərqlənib də. Təltifləri vardı.

 

Ailəsi ilə əlaqə saxlayırdı. Axırıncı dəfə şəhadətindən 4-5 gün əvvəl danışdıq. Elə danışırdı ki, sanki ömrünü hərb sənətinə həsr etmiş artilleriyaçı idi. Döyüşlərdən, Ordumuzun qüdrətindən qürurla söhbət açdı. Sonra da şəhadət xəbərini aldıq. Onun məzarını, ailəsini sadəcə kollektivimiz yox, valideynlər, şagirdlərdən də ziyarət edənlər çox oldu”.

 

Oğul Qoşqar

 

Atası Səxavət müəllim danışmaqda tərəddüd edir. “Oğlumdan nə danışım” deyib nümunəvi balasını öyməyə utanır müəllim oğulun müəllim atası. Kürdəmir rayonu Qarasu kənd tam orta məktəbin riyaziyyat müəllimi Səxavət Ömərov üçün o, hələ “körpə” oğludur. Baxmayaraq ki, atasına məhz o, ikinci həyat verib: “Çox ağır xəstəydim. Çarəmi heç yerdə tapa bilmirdilər. Xəstəxana-xəstəxana gəzdirdi məni. O yer qalmadı aparmasın. İnternetdə axtardı, dostlarının köməyi ilə axtardı. Onda gördüm Qoşqarın nə qədər sevildiyini, böyük ətrafı, çoxlu dostları olduğunu. Axır tapdı çarəmi. Nadir xəstəliklərdən biri çıxdı”.

 

 

Səxavət müəllim oğlunun da müəllimi olub. Həm riyaziyyatı sevdirib, həm də müəllimliyi: “V-XI siniflərdə riyaziyyatdan dərs demişəm. Sinfin lideri idi. Uşaqlığından mərd, sözünün üstündə duran, haqsızın yanında dayanan, sözünü deməyi bacaran idi. Öz üzərində işləyirdi. Fiziki cəhətdən özünü ev şəraitində yaratdığı alətlərlə inkişaf etdirmişdi. Təlimlərdən sonra deyirdi ki, 3 adam mənimlə bacarmır. Buna baxmayaraq, döyüşkən, dalaşqan deyildi. Problemləri ağılla həll edirdi. Psixoloji cəhətdən də möhkəm idi”.

 

 

Şagirdləri yolunu davam etdirəcəklər

 

Azərbaycan Dövlət Pedaqoji Universitetini bakalavr, Memarlıq və İnşaat Universitetində isə magistratura təhsili alan Qoşqar Ömərov doktorantura təhsili də almaq istəyirmiş: “Mənə deyirdi ki, Bakıdan ev alıb sonra doktoranturada təhsilini davam etdirəcək. Mən pensiyaya  çıxandan sonra anası ilə məni yanına aparmağı planlaşdırırdı.

 

Qoşqara riyaziyyatı, müəllimliyi bir də vətəni atası Səxavət müəllim sevdirdi. Qoşqar isə atasından öyrəndiklərini öz şagirdlərinə ötürdü.

 

Bəlkə arzuları gerçəkləşmədi, amma hədəfinə nail oldu. İndi onun yolunu davam etdirmək istəyən Pərvanə Qasımova kimi şagirdləri var: “Söz verirəm ki, mən də Qoşqar müəllim kimi riyaziyyat müəllimi olacağam”.

 

Şərəflə yaşadığı müəllim ömrünün Şəhidlik zirvəsi

 

 

Qubadlı uğrunda gedən döyüşlərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbin müəllimi Emil Qurbanov 5 güllə yarası alaraq şəhadət şərbətini içdi.

 

 

 

 

 

Ondan geriyə hər birinin həyatında dərin iz buraxdığı yetirmələri, xatirələrində gözəl anlarla yaşayacağı dost-tanışı, bir də vətən əmanəti qızı qaldı. III kursda oxuyan tələbə qızı Emilyaxanım deyir, atasının yeri yaman görünür. Xüsusən, axşam düşüb şər qarışanda qapıdan girən atasının sevgi dolu öpüşü üçün çox darıxır.

 

 

 

 

İxtisasca müəllim olan həyat yoldaşı Vüsalə Qurbanova üçün bu boşluğu doldurmaq asan olmayacaq. Lənkəran şəhər 17 saylı Körpələr evi - Uşaq bağçasında metodist vəzifəsində çalışan Vüsalə müəllim  indi Emil müəllimlə Girdəni kəndində birgə qurduqları yuvalarında yeganə balası, Emil müəllimin yadigarı ilə yarım qalan həyatlarını tək davam etdirir: “25 ildir Emili tanıyıram. Uşaqlığım, gəncliyim onunla keçib. Əvvəlcə sinif yoldaşı, sonra tələbə yoldaşı, daha sonra da ömür-gün yoldaşı olduq. Oktyabrın 27-də evliliyimizin 19-cu ildönümünü qeyd etdik. Ondan 2 gün sonra şəhid oldu. Bundan sonra da birgə olacaqdıq. Elə xəyallar qururduq. Hələ məktəbi bitirməyimizin 25, 30 illiklərini qeyd edəcəkdik”.

 

 

 

Emil müəllim Lənkəran şəhər 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədər hərbi hazırlığı müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini idi. Hərbi xidmətdən sonra bir müddət hərbçi kimi fəaliyyətini davam etdirib taqım komandiri olmuşdu. Ancaq sonradan ailəsini yanına apara bilmədiyindən özü hərbi hissədə fəaliyyətini dayandıraraq rayona, ailəsinin yanına qayıdıb.  Həm məzunu olduğu 7 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədər hərbi hazırlıq müəllimi, həm də “Zirvə” İdman Kompleksində məşqçi kimi işə başlayıb. 2006-cı ildən bu yana yetişdirdiyi idmançılarla böyük uğurlara imza atıb: “Məktəbdə “Xəzər” komandasını yaradıb. Komandanın üzvləri dəyişirdi, amma uğurları yox. Diplomlar, fəxri fərmanlar qazanırdılar”.

 

“Pis vərdişləri olan uşaqların həyat tərzini dəyişirdi”

 

Emil Qurbanovun müəllimi olduğu məktəbdə də onun yoxluğu hiss olunacaq. Məktəbin direktoru Səadət Kazımova Emil müəllimi cəsarəti, mərdliyi ilə xatırlayır: “Sözünə bütöv, mərd biri idi. Cəngavər kimi bir insan idi. Məktəbimizin keçmiş direktoru ona “Koroğlu” deyirdi. Əsl insan idi. Müəllim, şagird, valideyn - fərqi yoxdur, yolda gördüyü hər kəsi maşınına götürür, evinə qədər aparıb düşürürdü. Məktəbimizdə çətin tərbiyə olunan uşaqları məşqçisi olduğu “Zirvə” İdman Kompleksinə cəlb edir, pis vərdişləri olan uşaqlara yeni həyat verir, uşaqların həyat tərzini dəyişirdi”.

 

Məktəb direktoru  Emil Qurbanovun dəfnindəki izdihamı Vətən müharibəsi şəhidinə olan son borc olmaqdan əlavə Emil müəllimə olan sevginin də təzahürü hesab edir.

 

Şagirdi: “Qazandığım çox şeyi Emil müəllimin sayəsində əldə etmişəm”

 

Şagirdi olmuş Pərvin Hüseynzadə isə 10 ildir onu tanıyırdı. Dediyinə görə,  Emil müəllim yüzlərlə başqa şagird kimi, onun da həyatını dəyişib: “Mən onu hələ bizə dərs demədən əvvəl tanıyırdım, amma o məni  7 nömrəli məktəbdə bizə dərs deməyə başlayandan sonra tanıdı. X-XI sinifdə mənə dərs deyib. Əvvəllər onun özündən razı olduğunu düşünürdüm. Amma tanıdıqca mehriban, canayatan, qayğıkeş biri olduğunu gördüm”.

 

 

Beləcə şagirdlərin sadəcə biri - Pərvin Hüseynzadə ilə müəlliminin yol yoldaşlığı başlayır: “Məni idmanla məşğul olmaq üçün özünün məşqçi kimi çalışdığı “Zirvə”yə dəvət etdi. “Gəl bizlə bir yerdə məşq edək”, - dedi. Həyatımda mənim böyük qardaşım oldu.  Onun xətrin dünyalar qədər istədim”.

 

Bu yoldaşlıq Pərvin məzun olandan sonra da davam edib: “Məni hərbi xidmətə yola saldı, qayıdanda arıqlamışdım. Mənimlə özü məşğul olurdu. Bir də onda gördüm ki, yaşıdlarımdan böyük görünürəm. Sonra atam avtoqəza keçirdi, həyatımda birdən-birə çoxlu problemlər yarandı. 12 günün içində 15 kilo arıqladım. Emil müəllim mənə ürək-dirək verdi, həmişə yanımda oldu. Danışıb-gülən adam idi. Bu gün qazandığım bir çox şeyi, o cümlədən işimi Emil müəllim sayəsində əldə etmişəm. Təsəvvür edin, 10 il hər gün onun yanında olmuşam. Ən əziz insan idi mənim üçün”.

 

Pərvin bir də ona təəssüflənir ki, həyatının ən çətin məqamlarında yanında olan müəllimini Vətən müharibəsinə yollanarkən yola sala bilməyib: “Kursa getmişdim. Rayona qayıdanda öyrəndim ki, Emil müəllim gedib. Müharibəyə getməyindən sonradan xəbər tutsam da, şəhid olduğunu hamıdan əvvəl öyrənmişdim. Bizim könüllü olaraq müharibəyə gedən uşaqlardan biri qardaşına zəng edəndə demisdi Emil müəllimin şəhid olduğunu. Emil müəllim döyüşə gedəndə görüşüblər, hamı qayıdıb, o yox.  Ona demişdilər ki, Emil məllim başından yaralanıb”.

 

Pərvin deyir, Emil müəllimlə dəfələrlə yarışa qatılıb, nailiyyətlər qazanıblar: “Şahinlər yarışında iştirak edib III yeri tutmuşduq. Hərbi yarışlarda uğur qazanırdıq. Emil müəllim “Bench press” üzrə 212 kiloqram çəki dərəcəsində Azərbaycan rekordçusu idi”.

 

“Bench press” rekordçusu savaşda da öndəydi. Başqa cür ola da bilməzdi. Öncə tabor komandiri, sonra müəllim və məşqçi arxada necə qala bilərdi?! Qalmadı və şərəflə yaşadığı müəllim ömrünü şəhid olaraq başa vurdu o da.

 

Ruhiyyə Daşsalahlı



27.11.2020 | 12:20