Şuşa dərsləri | |
Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib. Əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” başlıqlı xalqa müraciətindən videoçarx təqdim olunub.
Qonaqları T-NETWORK adından salamlayan qurumun tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmli qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun şücaəti ilə torpaqlarımız işğaldan azad olunub, tarixi qələbəmizi qazanmışıq. O, Təhsil Nazirliyinin Azərbaycanın tarixi qələbəsinin tədrisdə əks olunması ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsini diqqətə çatdırıb və qeyd edib ki, məqsəd Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin, hərbi nailiyyətlərin təşviqinin aparılması, Qarabağda əldə olunan digər nailiyyətlərin tədrisə inteqrasiyası, layihə və tədbirlərin təşviqidir. “Şuşa dərsləri” də bu fəaliyyət planının bir tərkib hissəsidir. “Məqsədimiz Şuşa məktəbinin uğur sirrini, təhsil ənənələrini müzakirə etməkdir. Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təcrübəsinə işıq salmağa çalışacağıq”.
Qürur və sevinc hissləri
Təhsili nazirinin müavini Firudin Qurbanov Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Olduqca maraqlı və əhəmiyyətli mövzuya həsr olunan seminarda iştirak edənləri Təhsil Nazirliyi adından səmimiyyətlə salamlayan Firudin Qurbanov onlara hörmət və ehtiramını, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad edib. Azərbaycanın mədəniyyət incisi Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarətinə almağa nail olub. Bizim ordumuz öz müqəddəs dəyərlərimiz, Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə qalib gəldi. İllər boyu davam edən kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olundu. Vətənimizi müdafiə edən, əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq.
Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, qələbə əzmi və dözümlüyü sayəsində mümkün olub. Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin.
Nazir müavini qeyd edib ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün açıqlana biləcək məqamları, yəqin ki, ictimaiyyətə təqdim olunacaq. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Dünən Ağdam rayonu işğaldan azad olundu. Bu münasibətlə hamınızı təbrik edirəm. Əhalisinə görə Qarabağın ən böyük rayonu olan Ağdam siyasi yolla, itkisiz azad olundu.
Şuşa Qarabağın tacıdır
F.Qurbanov xüsusilə qeyd edib ki, Qarabağın incisi, zəngin təbiəti və mədəniyyəti ilə seçilən Şuşa işğaldan azad olunub. Şuşa Qarabağın tacıdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda çox böyük mənəvi məna daşıyır. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin “Biz Şuşaya qayıtdıq. Biz Şuşanı qaytardıq. Biz Şuşada yaşayacağıq. Şuşanın 30 illik həsrətinə son qoyuldu” sözlərini xatırladan Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə hazırda müvafiq işlərə başlanılıb. 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Şuşa məktəbi Azərbaycanda dünyəvi təhsilin bünövrəsini qoyub
Şuşa şəhərində dünyəvi məktəbin açılması böyük əlamətdar hadisə idi. Şuşada bu məktəbin açılması ilə Şimali Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuş oldu. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayıb. Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Şagirdlərin sayına görə bu məktəb nəinki bütün Zaqafqaziyada və Qafqazda, hətta Rusiyada birinci yeri tuturdu. Qəza məktəbləri yerləşdikləri ərazidə yeganə təhsil müəssisəsi olmaqdan əlavə, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərirdi. Şuşa məktəbi bu sahədə geniş mədəni-maarif işi aparırdı. Şəhərdə musiqiyə, ədəbiyyata maraq göstərilməsi məktəbdə müxtəlif mədəni tədbirlərin keçirilməsinə kömək edirdi. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrkü inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bunların arasında məşhur müəllim Əliş bəy Tahirov, Azərbaycanın elmi-pedaqoji fikir tarixində görkəmli ədəbiyyatşünas pedaqoq kimi yer tutan Firudin bəy Köçərli və tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyov da var idi. 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov və görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli həmin məktəbin məzunlarından olublar. Azərbaycan SSR-in Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Süleyman Ələsgərov ilk həyat hazırlığını məhz Şuşa 7 illik nümunə məktəbində oxuyarkən alıb.
Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə 1982-ci il yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyi təntənəli şəkildə keçirilib. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə Cənubi Qafqazda birinci dünyəvi məktəb olan Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Bu il bu məktəbin 190 yaşı tamam olur.
Vətənə məhəbbət, gələcəyimiz olan uşaqlarımıza yüksək bilik
F.Qurbanov qeyd edib ki, bu gün də Şuşa məktəbləri, Şuşa müəllimləri harada olmalarından asılı olmayaraq uşaqların əsl vətəndaş kimi və vətənpərvər böyümələrinə, biliklərə yiyələnmələrinə məsuliyyətlə yanaşırlar. Şuşa məktəbləri, Şuşa müəllimləri doğma torpaqlarımıza qayıdış ruhu ilə yaşayır. Onları yaşamağa və işləməyə ruhlandıran böyük inam, Vətənə məhəbbət, gələcəyimiz olan uşaqlarımıza yüksək bilik verilməsidir.
Nazir müavini çıxışının sonunda tədbirdə müzakirə edilən önəmli məsələlərin, çıxışlarda səsləndirilən dəyərli fikirlərin və irəli sürüləcək təkliflərin seminarın işinə töhfəsini verəcəyinə və gələcəkdə bununla bağlı keçiriləcək görüşlər, tədbirlər üçün Şuşada təhsilin inkişafının təmin olunmasında faydalı olacağına əminliyini ifadə edib.
Təhsil nazirinin müşaviri Elnur Nəsibov nazir Emin Əmrullayevin salamlarını iştirakçılara çatdırıb. Bu kimi tədbirləri dəstəklədiyinə görə Təhsil nazirinə minnətdarlığını bildirən müşavir qeyd edib ki, 1830-cu ildə yaradılmış Şuşa məktəbi bütün Azərbaycana dərs, təhsil, elm verdi. 190 ildən sonra bütün Azərbaycan Şuşanın xilas olmasına öz töhfəsini verdi. Bu, bir simvolik məna daşıyır və Azərbaycan xalqının birliyini göstərir. Xalqla Prezident, Ali Baş Komandanın birliyi Ordunun əldə etdiyi qələbənin bir uğur sirridir. E.Nəsibov əlavə edib ki, Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks olunması məqsədilə Təhsil Nazirliyinin Fəaliyyət planı hazırlanıb. Bu, ilkin addımdır. Biz Qarabağımızın işğaldan azad olunmuş digər bölgələrinin tarixi, coğrafiyası, flora-faunası, mədəni, dini abidələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri barədə məlumatları təhsilin məzmununa, dərsliklərə daha yaxından inteqrasiya etməliyik. Bu kimi tədbirlərin sayı da artırılmalı, sistemli xarakter almalıdır. Qələbənin əldə olunmasında təhsil sistemində çalışan əməkdaşlarımızın da rolu böyükdür və artıq onlarla bağlı siyahı hazırlanır.Təhsilin bütün pillələri üzrə Vətən müharibəsinin iştirakçılarının sayı yüzlərlə, minlərlədir.
Daha sonra Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu təhsil müəssisələrinin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılıb. Vaxtilə Şuşada məktəb direktoru, müəllim işləmiş və hazırda fəaliyyətlərini davam etdirən təhsil işçiləri, elm və təhsil xadimləri ilə aparılan müzakirələr vasitəsilə Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulub.
Müzakirələrdə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, İctimai Şuranın üzvləri Asif Cahangirov, Nadir İsrafilov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşada məktəb direktoru işləmiş, hazırda Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru olan Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyətini davam etdirən Naimə Əliyeva, məktəbin müəllimi Raisə Fərəcova, Şuşa rayonu 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək öz təcrübələrini paylaşıblar.
Müzakirələr gedişində “Şuşa məktəblərinin uğur sirri nədir”, “Şuşadakı məktəblər hansı ənənələri ilə seçilib”, “Hazırda bu ənənələrdən hansılar davam etdirilir”, “Bu günün məktəblərinin Şuşa məktəblərindəki təlim-tədris praktikasından öyrənəcəyi nələr var”, “Dahilər yetişdirən məktəblərin xüsusiyyətləri nələrdir”, “Daha bir Ü.Hacıbəyovun, Firudin bəy Köçərlinin və digər dahi şəxslərin yetişməsi üçün nələr etmək lazımdır” kimi suallara cavab axtarılıb.
Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan və təhsil ictimaiyyətinin böyük marağına səbəb olan “Şuşa dərsi”ni 30 minə yaxın insan izləyib.
Oruc MUSTAFAYEV |
|
27.11.2020 | 10:47 | |
|
|
|