Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytaran tarixi Zəfər | |
Azərbaycan illərdir həsrətində olduğu, səbrsizliklə gözlədiyi tarixi və qürurverici günlər yaşayır: Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən sözdən gerçəyə çevrilir. İndi azadlığına qovuşmuş və hər qarışı müqəddəs olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasından keçirdiyimiz qürur hissini sözlə ifadə etmək heç də asan deyil.
Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, həmçinin Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra diz çökən Ermənistan kapitulyasiya aktına imza ataraq digər ərazilərin təhvil verilməsi barədə öhdəlik götürdü. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna, noyabrın 25-də isə Kəlbəcər rayonuna daxil olub. Birgə Bəyanata əsasən, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil veriləcək.
Bu, tarixi Zəfərdir və 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə 100 illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. Qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağımıza qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.
Azərbaycan Ordusunun uğurlarının kökündə Prezident İlham Əliyevin son 17 ildə davam etdirdiyi, yeni çalarlarla zənginləşdirdiyi, çağdaş dövrümüzün tələblərinə uyğun çevik formada gerçəkləşdirdiyi Ulu öndər Heydər Əliyevin siyasəti dayanır. Ümummilli lider Heydər Əliyev vurğulayırdı: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Azərbaycan xalqı bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi oldu. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin bütün gözləntilərini 17 illik hakimiyyəti dövründə gerçəkləşdirməyi bacardı.
Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu, yüksək diplomatiya, qabaqcıl informasiya təminatı və iqtisadi sahədə saysız-hesabsız nailiyyətlər qazanıldı. Cəmi 44 günə təmin olunan böyük Qələbənin qazanılması üçün illərdir düşünülmüş planlı siyasət həyata keçirildi. Ötən illərdə Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşdi. Dövlət başçımız İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, müstəqil siyasət apararaq dövləti, xalqı daha da güclü şəkildə gələcəyə daşıdı, canından artıq sevdiyi ölkəsini davamlı olaraq inkişaf etdirdi.
Ötən 17 ildə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bir an olsun belə diqqətdən kənarda qalmadı. Ölkəmizin bu istiqamətdə mövqeləri gücləndi, ərazi bütövlüyümüz nüfuzlu qurumların rəsmi qərarlarında bir daha əks olundu. Bu qərarlar haqq işimizin uğurla yekunlaşmasında mühüm amil oldu. Azərbaycan Prezidenti həmin sənədlərin verdiyi üstünlüklərə, beynəlxalq hüquqa söykənərək hərbi əməliyyatlar zamanı ölkəmizə edilən təzyiqləri böyük ustalıqla dəf etdi. Məhz bu fəaliyyət sayəsində müharibənin gedişatında ölkəmizi dəstəkləyən dövlətlərin sayı artdı.
Beləliklə, ötən dövrdə səbirlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etməyə nail oldu. İndi bütün dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq zorundadır.
Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb edən döyüşlərdə Müzəffər Azərbaycan Ordusu şərəfli missiyanın öhdəsindən gəldi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, ümumilikdə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından xilas oldu. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı dünya hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Müharibədə ağır itkilər verən? məğlubiyyətin qaçılmazlığını anlayan Ermənistan öz müqavimətini dayandırmağa, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməyə məcbur oldu, digər ərazilərin boşaldılacağı ilə bağlı öhdəlik götürdü və hazırda həmin ərazilərin qansız-qadasız boşaldılmasının şahidiyik. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Azərbaycan Prezidentinin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”.
Prezident cənab İlham Əliyev 44 gün ərzində təkcə Ali Baş Komandan kimi cəbhədə gedən əməliyyatlara rəhbərlik etmədi. Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirildi. Möhtərəm Prezidentimiz bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, bütün bu təzyiqləri neytrallaşdırdı. Cənab İlham Əliyev xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi.
Bu zaman ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri Azərbaycan xalqının əzmini, iradəsini əzə bilmədi, onu qorxutmadı, əksinə gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq birliyimiz, Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu bəlalardan çıxmağımızda mühüm rol oynadı. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən cənab İlham Əliyev Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirdi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hamı bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Haqq işimizi yarıda qoymağa hesablanmış üçün xarici qüvvələrin təzyiqlərinə cəsarətlə sinə gərən, onları dəf edən cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
Azərbaycan müharibədən uğurla və güclü formada çıxdı, vətəndaşlarımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu, əldə olunan qələbə xalqın inamını özünə qaytardı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, həmçinin həlak olan mülki vətəndaşlarımızın qisası alındı. Azərbaycan dövlətinin hərtərəfli qayğısı ilə əhatə olunan şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər.
Azərbaycanın şanlı bayrağı işğaldan azad edilmiş torpaqlarda əbədi dalğalanacaq! Prezident Cənab İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”.
Havar Məmmədov, Bakı Mühəndislik Universitetinin rektoru, professor |
|
27.11.2020 | 10:30 | |
|
|
|