Gələcəyin memarları Dağlıq Qarabağın bərpası eskizlərini hazırlayıb | |
Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsində sərgi təşkil olunub.
Sərgidə erməni işğalından azad edilmiş yurd yerlərinin bərpası ilə bağlı tələbələrin hazırladığı eskizlər, qrafik işləri nümayiş edilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür, fəxarət hissinin əvəzsiz olduğunu bildirib. Qarabağ Qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, Milli Ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.
Ali Baş Komandanın qətiyyəti və ordunun döyüş şücaəti nəticəsində Dağlıq Qarabağın mənfur düşmən tapdağından azad olunması münasibətilə hər kəsi təbrik edən rektor vətənimizin dilbər güşələrindən olan Qarabağın tarixi və mədəni irsindən də danışıb:”Çox qürurlandırıcı haldır ki, bu gün gələcəyin memarı olacaq tələbələr işğaldan azad edilən torpaqların bərpası ilə bağlı layihələrini təqdim edirlər”.
Rektor bütün tələbələri bu münasibətlə təbrik edib, hazırlanan eskizlərin gələcəkdə istifadə olunması ilə bağlı arzu və təkliflərini çatdırıb.
Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tələbələrin belə bir sərgini təşkil etməsindən qürur duyduğunu bildirib və onlara uğurlar arzulayıb.
Memarlıq ixtisası üzrə III kurs tələbəsi İlahə Babayeva bu cür sərginin təşkilinə görə tələbələr adından universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgidə təqdim olunan Xudafərin körpüsünün maketi ən maraqlı təqdimatlardan olub. Memarlıq ixtisası üzrə IV kurs tələbəsi Cavid Məmmədov bu tarixi tikilinin bərpası istiqamətində öz təkliflərini sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Sonda rektor tələbələrin əl işlərini qiymətləndirib və sərgi iştirakçılarına “Oxunması zəruri olan kitablar” siyahısında yer alan kitablardan təqdim edib.
|
|
26.11.2020 | 14:18 | |
|
|
|