“Naxçıvanda meyvəçilik və tərəvəzçiliyin inkişafının regional xüsusiyyətləri” mövzusunda müzakirə

Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Naxçıvanda meyvəçilik və tərəvəzçiliyin inkişafının regional xüsusiyyətləri” mövzusunda dəyirmi masa keçirilib.

 

Fakültənin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə yüksək göstəricilərə nail olunub. Vurğulayıb ki, muxtar respublikada bu sahəyə olan xüsusi diqqət və qayğının nəticəsində meyvəçiliyin inkişafı üçün çıxış yolları müəyyən edilib, qısa zamanda yeni meyvə bağları yaradılıb, yüksək məhsuldarlıq götürülüb.

 

Biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov Naxçıvanda tərəvəzçiliyin inkişaf istiqamətləri mövzusunda çıxış edib. Nəzərə çatdırıb ki, adıçəkilən dövlət proqramının icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə səbəb olur. Qeyd edilib ki, Naxçıvan artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir. Bu da muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.

 

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov muxtar respublikada meyvəçiliyin inkişafına dövlət dəstəyi mövzusunda məruzə edib. Bildirilib ki, əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, hər il meyvə bağları üçün əkin sahələrinin çoxaldılması istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərib.

 

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

 



24.11.2020 | 17:03