Alim Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının elmi şurasının üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) Kitab nəşri və kitab mədəniyyəti üzrə elmi şurasının üzvü seçilib. Bu elmi şuraya üzvlük akademik kitab nəşri sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə imkanlar yaradır.

 

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən BEAA-da 24 elmi şura fəaliyyət göstərir. Bu qurumlardan biri də Kitab nəşri və kitab mədəniyyəti üzrə elmi şuradır. Qurum öz fəaliyyətini elmi, elmi-texniki və soraq-məlumat ədəbiyyatının beynəlxalq mübadiləsinin inkişafına əsaslanan informasiya məkanının formalaşması, akademik kitab nəşri sahəsində dövlətlərarası elmi və mədəni əlaqələrin genişləndirilməsi kimi istiqamətlər üzrə həyata keçirir. Bundan əlavə, şura akademik kitab nəşri və kitab mədəniyyəti sahəsində müştərək nəşriyyat layihələri və tədqiqat proqramlarının əlaqələndirilməsi, müsabiqə, elmi forumların keçirilməsi və s. vəzifələri icra edir.

 



24.11.2020 | 16:29