Azərbaycan qadını elmdə

Dünya elminin daha da sürətlə inkişaf etdiyi və bu sahədə böyük dəyişikliklərin baş verdiyi bir dövrdə qadınların elmə marağının artırılması, onların elmi- tədqiqat işlərinə daha fəal cəlb edilməsi və qarşılaşdıqları problemlərin aradan qaldırılması zərurəti yaranıb. 

 

Azərbaycanda elmi biliklərin populyarlaşdırılması istiqamətində bir sıra yaddaqalan layihələrlə çıxış edən Azərbaycan Elm Assosiasiyası  nəzdində yaradılan “Azərbaycan qadınları elmdə” (AWiS -Azerbaijani Women in Science) təşkilatının hədəfi də  elmdə uğurlu addımlar ataraq böyük nailiyyətlər qazanan azərbaycanlı qadınları  üzə çıxarıb onların uğur hekayələrini paylaşmaqdır. 

 

Təşkilatın qurucusu, “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  təqaüdçüsü, hazırda doktorantura təhsilini Edinburq Universitetində davam etdirən Günel Ağabəyli  “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirb ki,  AWiS elmdə olan azərbaycanlı qadınları daha  yaxından tanıtmaq və onların qarşılaşdığı problemləri müzakirə etmək üçün “Elmdə Azərbaycan Qadını” (Azerbaijani Women in Science) Forumunu keçirmək qərarına gəlib.

 

Forum  çərçivəsində təşkil olunacaq panel müzakirələrdə aşağıdakı mövzular diqqətdə olacaq:

  •  *Azərbaycan qadını elmdə: tarixi və nailiyyətləri,
  • *Təhsildə qadın idarəçiliyinin rolu,
  • *Push-and-Pull nəzəriyyəsi,
  • *Azərbaycan qadınının elm yolunda üzləşdiyi problemlər,
  • *Azərbaycan qadını STEM-də . 

 

Azərbaycan Elm Assosiasiyasının “Facebook” səhifəsi üzərindən 26 noyabr 2020-ci il tarixində saat 19:00-dan etibarən canlı yayımlanacaq forumda təqdimatçılar qismində   Azərbaycan Memarlıq və İnşaat Universitetinin strateji inkişaf üzrə prorektoru,  dosent  Ülkər Səttarova, Corc Vaşinqton Universitetinin  Proqram direktoru, fəlsəfə doktoru Sevinc Məmmədova,   XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktor müavini, Birmingham Universitetinin məzunu  Heydər Eminli çıxış edəcəklər.

 

Təqdimatçılar mövzularla yanaşı, öz təklif və tövsiyələrini də iştirakçılarla bölüşəcək. 

 

Forum ərzində 4 vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinar spikerləri Brunel (London) Universitetinin professoru Nigar Haşımzadə, “Hippokrat” klinikasının direktoru və “Reseptron” startapının həmtəsisçisi doktor Leyla Tağızadə, BP-nin mühəndisi Aynura Dəmirli və Birmingem Universitetinin hüquq fakultəsinin müəllimi Gulara Vincentdir.

 

Forumun sonunda bağlanış paneli keçiriləcək , gənc azərbaycanlı xanımların uğurları və tövsiyələrinə fokuslanacaq.

 

Panel iştirakçıları kimya elmləri üzrə fəlsəfə doktoru və Azərbaycan-Fransız Universitetinin (UFAZ)  müəllimi Fəxriyyə Məmmədova,  Kembric Universitetinin məzunu,  Avropa Bioinformatik İnstitutunun təbii dilin tanınması üzrə postdoktorantı Olesya Razuvayevskaya, Google-də baş tərəfdaş əməliyyatları meneceri kimi çalışan Esmiralda Şirinova, London Universitet Kollecində nano-tibb üzrə doktorantura təhsili alan Mədinə Quliyeva və London İmperial Kollecinin məzunu Fatimeyizahra Nabizade olacaq.

 

Qeyd edək ki, “Azerbaijani Women in Science” (AWiS) Forumunun əsas məqsədləri Azərbaycan xanımlarının elmə olan marağını artırmaq,  gənc yaşdan qız usaqlarını elmi və akademik fəaliyyətlə məşğul olmaları üçün maarifləndirmək, xanımların elmi nailiyyətlərini ictimaiyyətə çatdırmaq, elmi fəaliyyətlə məşğul olarkən xanımların qarşılaşdıqları çətinliklərin  həlli yolları üzrə müzakirələr aparmaqdır.

 

Oruc MUSTAFAYEV

 

 



24.11.2020 | 14:32