AzTU Rumıniya və Macarıstan universitetləri ilə müqavilə bağladı | |
Rumıniya və Macarıstanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfirləri, həmçinin, Macarıstanın Obuda, Rumıniyanın isə Ploeşti Neft-Qaz Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanın təhsil sahəsində Rumıniya və Macarıstanla olan əlaqələrinə diqqət çəkərək qeyd edib ki, AzTU ilə Rumıniyanın 10, Macarıstanın isə 1 universiteti arasında qarşılıqlı əməkdaşlıq mövcuddur. AzTU haqqında qonaqlara geniş məlumat verən rektor əvəzi bildirib ki, Rumıniya universitetləri ilə olan aktiv əməkdaşlığı gələcəkdə Macarıstan universitetləri ilə də qurmaq arzu olunur.
Azərbaycanın zəngin mədəni və elmi irsə sahib olduğunu deyən qonaqlar ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, görüşün nəticəsi olaraq hər iki ölkənin universitetlərinin AzTU ilə əməkdaşlıq etməsi, o cümlədən Avropa İttifaqının ERASMUS proqramı çərçivəsində birgə layihələrin və qarşılıqlı səfərlərin reallaşdırılması istiqamətində addımlar atılacaq.
AzTU-nun Heydər Əliyev Mərkəzində davam etdirilən görüş zamanı qonaqlar ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Sonda AzTU ilə Obuda və Ploeşti universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Hər iki müqavilədə tələbə-müəllim mübadiləsi, qarşılıqlı səfərlər, birgə konfransların təşkili, layihələrin birgə icrası və ikili diplomların verilməsi əks olunub. |
|
05.06.2018 | 10:13 | |
|
|
|