Qarabağda görüşənədək ƏSGƏR!

Xəyalına qurban olum ƏSGƏR... Heç ayaq basdığın yerlərin xəyalını qurdunmu?! Səngərdəki təpənin arxasında  vurulanda son dəfə göy üzünü seyr edib, mavi səmanı bəzəyən dumanda bütün həyatın canlandımı gözündə?!

 

Gözünü bürüyən bu duman sənin həyatındır - xəstələnəndə ananın yuxusuz gecələri, atanın nigaran baxışıdır, sevdiyini gizlətdiyin qız, səni qəmgin yola salan nişanlındır, nazlı yar kimi yanından ayırmadığın silahın, namərdcə səni yaralayan güllədir... Bu duman yolunu səbirsizliklə gözləyən dostun, şəhid olsan-tabutunu qarşılayan doğmalarındı. Sən ƏSGƏR, son dəfə səmaya baxanda ilk addım atdığın evini, uşaqlığını, bayraq əlində qaçdığın küçənizi, hərbi hissənin həyətində reallaşan arzularını xatırladınmı? Əlindən tutub addım atmağına  kömək edən doğmalarının çiynində  ən uca zirvəyə yola salındığını, şəhid xəbərin gələndə ananın halını göz önünə gətirdinmi?

 

Bilirsən ki, anan "Oğul  Vətən üçündür! Qanı bu torpağa halal olsun!" - deyib dik dayanacaq! Amma  atan "Mən şəhid atası olduğum üçün xoşbəxtəm" - deyib yoluna həsrətlə baxacaq, ürəyindəki hıçqırtıları boğacaq, tabutun gələndə ən əziz qonağı tək qarşılayacaq. Axı, özü səni gəlişi olmayan gedişində yola salmışdı...

 

Hər dəfə gələndə, səni  qarşılayan anan nələr düzməzdi süfrənə. Boğazından kəsib yedirtdiyi  nemətləri, atanın əlinin qabarı ilə qazandığı və öyrətdiyi düzlüyü, mərdliyi, halallığı...

 

Danış, ər oğul, bunların xəyalın qurdunmu ? Şəhid xəbərinin gəlməsini, ailəndə qopan fəğanın, sənə bəzənən xonçaların tabutun üstünə qoyulub alqışla yola salınmağının xəyalını qurdunmu? Qurma əsgər qardaşım! Xahiş edirəm qurma bu xəyalları ! Möhkəm dayan! Özünü də qoru! Qoru  ki, oğul dağı ilə qocalan anaların, gözünün qabağında şəhid olan dostlarının, qardaşlarının qisasını ala bilməyən oğulların, üzünə həsrət qalıb ata nəvazişindən xəbərsiz körpələrin, cavan yaşda dul qalan gəlinlərin başından qara şalı açıb, könüllərini sevindirəsən. "Ya şəhid ol, ya qazi" deyən anan şəhidin əmanəti deyib ətrin gələn şəhid paltarını yox, geyindiyi libasa layiq qəhrəman əsgərini, qazisini  qarşılasın! Sən də bizi işğaldan azad olan torpaqlarda qarşıla!

 

Azad olunan torpaq demişkən, igid əsgər, işğaldan azad olan hər qarış torpağa görə sənə minnətdaram. Hər qarışda alnından axan tərə, yorulan ayaqlarına, qubar edən ürəyinə, bir sözlə övladının iyinə, ana- bacının nəvazişinə həsrət qalan canına borcluyam! Mən rahat işimdə olanda, istirahət edəndə yayın istisində dodaqları quruyan, qışda ayazda kirpiklərinə qədər donan qəhrəman oğula minnətdaram!

 

Mən güllə səsi eşitmədən həyatıma davam edərkən, güllə səsi eşitməyəndə narahat olan ƏSGƏR qardaşım, doğmalarımla doya - doya vaxt keçirərkən aylarla yaxınlarınla görüşəcəyin günü sayan SƏNƏ borcluyam!

 

Amma bunu da unutma ki, ayağına dəyib keçən hər daş parçası ürəyimizi dəlib keçir. Hətta  yağış yağsın deyə - dua edən bir əkinçi, bir kəndli sən islanarsan, ayağın palçıq olar  - deyə “yağma yağış”- deyib dua edir; qarın yağmasını istəyən o balaca körpələr də sən üşüyərsən -  deyə bu istəyindən vaz  keçir. Çünki  bütün arzu və xəyallarımız SİZdə cəmləşir. Qarabağda görüşənədək...

 

Songül Vəliyeva,

Naxçıvan  Dövlət Universitetinin  Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

 



21.11.2020 | 12:20