Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb

Noyabrın 20-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Nişantaşı Universitetinin rektoru Şenay Yalçın ilə görüşüb.

 

Görüş zamanı Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı bu dövr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib.

 

Nazir Nişantaşı Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Gəncəni ziyarət etməsini və orada Ermənistanın hücumlarını pisləyən bəyanatı səsləndirməsini yüksək qiymətləndirib.

 

Nişantaşı Universitetinin rektoru Şenay Yalçın Ermənistanın təcavüzünü pislədiyini və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bir daha ifadə edib. Rektor münaqişədən zərərçəkmiş ailələrdən olan gənclər üçün rəhbərlik etdiyi ali təhsil müəssisəsi tərəfindən təhsil təqaüdlərinin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb.

 

 



20.11.2020 | 19:29