VƏTƏN müharibəsinin QƏHRƏMAN müəllimləri | |
Dövlətçilik tariximizə qələbəli, zəfərli Vətən müharibəsi yazıldı. Bu, möhtəşəm milli qalibiyyətdir. Çoxdan gözlədiyimiz, arzusunda olduğumuz zəfərdir. Qələbələr qansız-qadasız, itkisiz qazanılmır əlbəttə. Hər yeni mübarizə yeni qəhrəmanları üzə çıxarır. Sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan haqq döyüşümüzdə şanlı qələbəni istər ön cəbhə, istərsə də arxa cəhbə cəsurları hesabına əldə etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth edənlər sırasına təhsil camiəsinin üzvlərinin də adı yazıldı. Ağstafa rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev qələbədə payı olan müqəddəs şəhidlər cərgəsinə qatıldı.
Qələbə günü doğulan qəhrəman
Elvin İmaməliyev 1989-cu ilin mayın 9-u Ağstafa rayon Qırılı kəndində ziyalı ailədə dünyaya gəlib. Orta təhsilini Qırılı kəndində bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbinə direktor təyin edilib.
Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılıb
Elvin İmaməliyev 2020-ci il iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü olaraq orduya yazılıbmış. Sentyabr ayında müharibə başlayanda ön cəbhəyə yollanıb. Şuşa şəhərinin azadlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşub, şəhərin azadlığa qovuşmasının sevincini yaşayıb. Təəssüflər olsun ki, tam qələbəmizə cəmi 1 gün qalmış, noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub.
Son anında atasına zəng edib
Atası Elsevər İmaməliyevə noyabrın 8-dən 9-na keçən gecə 02:48-də zəng edərək “ata, mən yaxşıyam, narahat olmayın”- deyib. Elsevər dayı deyir ki, elə bu söhbət oğlumla vida danışığı oldu: “Bu zəng əksinə məni narahat etdi, tələsik danışdı. Bəlkə də yaralanıb zəng edibmiş. O, çox qayğıkeş idi. Övlad kimi, ailə başçısı kimi, insan kimi. Ən son anda da bizi düşünüb ki, heç olmasa xəbər çatdırsın, nigaran qalmayaq. Orduya könüllü yazıldığını da deməmişdi bizə”.
Ailənin tək oğul övladı olub Elvin müəllim. “Babam, atam, mən də evin tək oğul övladı olduq. Elvin də mənim tək oğlan övladım oldu ailəmizdə. İki bacının tək qardaşı idi” - deyir şəhid atası. İndi Elvindən iki övlad - Təyyar (3 yaş) və Tunar (2 yaş) yadigar qaldı.
“Elvinə zarafatla deyirdim ki, sən bizim nəslin bu ənənəsini dəyişdin. İki oğlun var, çox şükür. Oğlumla fəxr edirəm, evimdə böyük qəhrəmanın varislərini, vətən keşikçilərini böyüdürəm”.
Qələbə xəbərini özü şagirdlərinə çatdıra bilmədi
“Elvin müəllimin dilindən tədbirlərdə, bizimlə gündəlik söhbətlərində həmişə vətənpərvərlik, torpaq sevgisi haqda fikirlər eşidirdik. Sanki belə olmalı idi, belə danışmalı idi. Təsəvvür edin, adi gündəlik danışığında, demək olar bu insan mütləq vətənlə bağlı, qəhrəmanlarımızla bağlı söhbətlər edirdi”. Bu sözləri həmin məktəbin biologiya müəllimi Məryəm Kərimova deyir. O, danışır ki, Elvin müəllim rəhbərlik etdiyi 2 il müddətində məktəbdə vətənpərvərlik haqqında tədbirlərə xüsusi hazırlıq görərdi:
“Keçən il “Bayraq Günü” ilə bağlı tədbirin sonunda çıxışında ən böyük arzularından birinin də bayrağımızın Şuşada dalğalancağı günü görmək olduğunu demişdi. Onda heç özünün də, bizim də ağlımıza gəlməzdi ki, Şuşanın azadlığa qovuşmasında onun da payı olacaq. Əfsuslar olsun, qələbə xəbərini özü şagirdlərinə, məktəb kollektivinə çatdıra bilmədi. Hamımız Elvin müəllimin itkisinə çox kədərlənirik. O həm də bizim, şagirdlərimizin fəxridir. Məktəbin tarixində Elvin müəllimin adı əbədi yaşayacaq. Onu həmişə böyük ehtiramla yad edəcəyik”.
“Bizə həmişə deyirdi ki, döyüş təkcə səngərdə aparılmır”
11-ci sinif şagirdi İskəndər Yaqublu da şəhid direktorları ilə bağlı xatirəsini bölüşüb: “Elvin müəllim, xüsusilə oğlanlarla ayrıca söhbətlər aparardı. Bizə həmişə deyirdi ki, dərslərinizə yaxşı çalışın, savadlı, bilikli olun. Döyüş təkcə səngərdə aparılmır. Biz müharibə şəraitində yaşayırıq. Sizin təhsilli, ağıllı olmağınız da ölkəmiz adına güc deməkdir. Bizimlə həmişə dost kimi davranırdı. Vətəni sorğu-sualsız sevmək lazımdır deyirdi. Biz onun salamat qayıdıb gələcəyini, eynən belə səmimi döyüş xatirələrini bizimlə bölüşəcəyini gözləyirdik. İndi mən də, bütün məktəbimiz çox kədərli olsaq da, həm də Elvin müəllimlə fəxr edirik”.
Xeyriyyə işlərinə vəzifə yox, insanlıq borcu kimi baxırdı
Fəallığı və bacarığı ilə seçilən Elvin İmaməliyev həm də 2017-ci ildən YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri vəzifəsində çalışıb. YAP Ağstafa rayon təşkilatının baş təlimatçısı Nadir Hüseynov həmkarı Elvin İmaməliyevlə bağlı xatirələrini bölüşüb. “Onun çalışqanlığına heyran qalırdım. Bunu Elvinə də dəfələrlə demişdim. Məktəbin vəzifə səlahiyyətləri, öhdəliyi ilə yanaşı, buradakı vəzifəsini də məsuliyyətlə yerinə yetirirdi”.
Elvin İmaməliyev pandemiya şəratində çətinlik çəkən, küçəyə çıxma məhdudiyyəti olan ahılları, yaşlı insanları axtarıb tapırmış. Onlara şəxsən bazarlıq edirmiş, çörək, dərman alırmış. Nadir Hüseynov deyir ki, xeyriyyə işlərini, yardımı iş, peşə öhdəliyi olduğu üçün yox, insanlıq vəzifəsi kimi yerinə yetirirdi. Elə olurdu ki, küçədə, kütləvi yerlərdə insanlara maska paylayırdı.
“Rayonumuz belə işıqlı, insansevər, ziyalı gənci itirdi. Onu heç vaxt unuda bilmərik. Mən fəxr edirəm, qürur duyuram ki, Elvin müəllim kimi dəyərli insanla həmsöhbət olmuşam, birlikdə çalışmışıq”.
Elvin İmaməliyev arzuladığı kimi bayrağımızın Şuşa qalasına sancıldığını görməsə də, onun döyüşçü dostları, Müzəffər Ordumuzun sayəsində üçrəngli bayrağımız bütün torpaqlarımızda dalğalanır. İndi torpaqlarımızın azadlığı uğrunda canını əsirgəməyən bütün şəhidlərimizin ruhu şaddır. Allah qələbə sevincini xalqımıza bəxş edən şəhidlərimizə rəhmət eləsin!
Gülnarə İLHAM
|
|
20.11.2020 | 16:34 | |
|
|
|