Ekoloji tərbiyənin sağlamlıqda rolu

Tərbiyə körpəlikdən evdə başlanır, sonra bağçada və məktəbdə davam edir. Lakin insan ömrünün sonuna qədər özünütərbiyə ilə məşğul olmalıdır. Tərbiyə anlayışı bir çox şaxələrə ayrılır: mənəvi, siyasi, hüquqi, etik, estetik, fiziki, əmək və s. Bu gün hamımızı düşündürən ekoloji tərbiyədən yazmaq istədim. O tərbiyə ki, son dövrdə aktual olan qlobal problemlərin baş verməsinin qarşısını ala biləcək gücə malikdir.

 

Ekoloji tərbiyəyə verilən tələblərə uyğun olaraq yeni yetişən nəsildə özündə təbiət haqqında bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmasını ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması məsələlərindən biri kimi diqqətdə saxlanılmalıdır. Yüksək mədəni-mənəvi keyfiyyətlərə malik insan həm də tərbiyəli vətəndaş kimi özünü göstərir. Ekoloji tərbiyəsi olan insan həm özünün, həm də ətrafdakıların sağlamlığı üçün məsuliyyətini dərk edir, başa düşür ki, təbiət güclüdür, lakin ona qarşı laqeyd münasibət olarsa o güc də tükənə bilər. Təbiət nə qədər özünü tənzimləsə də, ona edilən təsirlərdən ekoloji problemlər daha da dərinləşə bilər. Nəticədə müxtəlif fəsadlar baş verər ki, bunlardan da birincisi insan sağlamlığına mənfi təsiridir. Təəssüflər olsun ki, ətrafda gördüklərimiz, tez-tez rastlaşdığımız səhnələr bəzi şəxslərin hələ də ekoloji tərbiyəni tam dərk etmədiyinin şahidi oluruq. Pandemiyanın yayıldığı bir dövrdə hər kəsin məsuliyyətli və bu bəla ilə birlikdə mübarizə aparmalı olduğu halda bu, ürəkağrıdandır. Xəstəliyin qarşısının alınmasında iştirak etmək əvəzinə, onun geniş yayılmasına zəmin yaratmaqla cəmiyyətə böyük ziyan vuranlar mənim düşüncəmə görə məsuliyyətlərini dərindən dərk etməlidirlər. Bəzi hallarda zibil qutusuna deyil, yollara atılmış tibbi maskalar, tullantılar hələ də ekoloji cəhətdən zəruri bacarıqlara yiyələnməyənlərin bir göstəricisidir. Buna görə də bütün təhsil müəssisələrinin əsas öncəliklərindən biri  ekoloji təhsil və tərbiyənin təşkili olmalıdır. Əvvəldə qeyd etdiyim kimi, tərbiyə ailədən başlasa da, tədris müəssisələrində davam etdirilməlidir. Mədəniyyətin formalaşması və inkişafı tədrislə əlaqədardır. Deməli, bu işdə biz müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Hər bir pedaqoq, ilk növbədə, ekoloji biliklərə yiyələnməli, bu istiqamətdə özünü təkmilləşdirməli, sonra da öz ekoloji tərbiyəsini uşaqlara ötürməlidir. Öz davranışı ilə onlara örnək olmalıdır. Lev Tolstoyun dediyi kimi: “Ən yaxşı tərbiyə yaxşı örnək olmaqdır”. Ekoloji tərbiyəsi olan insan təbiətə, təbiətin bir parçası olan insanlara ziyan vurmaz, öz imkanları daxilində təbiətə xeyir verməyə çalışar. Bu xeyir  ağac əkmək, bitkiləri sulamaq, heyvanlara qulluq etmək şəklində baş verə bilməsə də, ən azından onlara ziyan vurmamaq, ətrafı çirkləndirməmək şəklində də həyata keçə bilər.

 

Əsmər ƏHMƏDOVA,

ADPU nəzdində ADPK-nin biologiya müəllimi

 



20.11.2020 | 16:23