VƏTƏN müharibəsinin QƏHRƏMAN müəllimləri

Vətən müharibəsinin ən pis üzünü Gəncə gördü. Gəncə şəhəri qəhrəman oğulları ilə yanaşı, uşaqlarını, şəhərin məktəbləri şagirdlərini - Nigarını, Orxanını, Məryəmini, Arturunu itirdi.  Şəhər təhsilinin növbəti itkisi MÜƏLLİMlərdən oldu.

 

Məktəbimizdə Rabil İsmayılov adına sinif olacaq

 

 

Rabil İsmayılov Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müəllimi idi. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında 55 bal toplayaraq işə qəbul olunmuşdu. Məktəbin direktoru Gülşən Həsənova 2018-ci ildə məktəbə direktor təyin ediləndən sonra tanıdığı və istedadının dərhal fərqinə vardığı Rabil müəllim haqqında xatirələrindən danışıb: “Bu məktəbin məzunuyam. Direktor təyin olunandan sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən və məktəbimizdə müəllim işləmək hüququ qazanan müəllimlərlə ayrıca görüşdüm. Rabil müəllimin istedadını elə ilk görüşümüzdə anladım. Onu fərqləndirən cəhətlər çox idi. Qısa müddət sonra yanılmadığımı gördüm. Özü istedadlı olmaqla yanaşı, həm də yaxşı müəllim idi. Yetirmələri də özü kimi fərqlənirdi. Etiraf edim ki, riyaziyyat fənni üzrə məktəbimizin nəticələri həmişə aşağı olub. Elə mən oxuduğum dövrdə də şagirdlərimiz daha çox humanitar fənlərə meyil göstərirdilər.  Ancaq Rabil müəllimin fəaliyyəti tezliklə bəhrəsini verdi. 2019-cu ildə həm də Rabil İsmayılovun işinin nəticəsi olaraq 11A  sinfinin 21 şagirdindən 19-u ali məktəbə daxil oldu.  Rabil müəllimi “Riyaziyyatın atası” sayır və bunu özünə də deyirdim. Bu il riyaziyyat üzrə uşaqları olimpiadaya hazırlayacağına, hətta mütləq bir medal gətirəcəklərinə söz vermişdi. Medal gətirdi, amma qəhrəmanlıq medalı oldu bu”.

 

 

“Dərsdə heç vaxt oturmur, ya  partaların arasında, ya da əlində təbaşirlə lövhənin önündə olurdu” -  deyən G.Həsənovanın sözlərinə görə, bu il məktəbin qalib olduğu qrant layihəsinin müəllifi də məhz R.İsmayılov olub.G.Həsənova bu itkinin məktəb kollektivi, xüsusən Rabil müəllimin şagirdlərində dərin iz buraxdığını da vurğulayıb: “Şagirdlər çox təsirləndi onun şəhadət xəbərindən. Xüsusən 7A sinfinin şagirdləri özlərinə gələ bilmirlər. Onunla bağlı paylaşımlar edib, dəftərlərində Rabil müəllimin qeydlərini xatirə olaraq saxlayacaqlarını yazıblar. Siniflərə qəhrəman müəllimlərimizin adlarını verəcəyik. Rabil müəllimin adını da sevimlisi 7 A sinfinə verməyi düşünürük. Tədris ili başlayanda məktəbimizdə Rabil İsmayılov adına bir sinif olacaq. Onun xatirəsi hər zaman bizimlə qalacaq”.

 

Məktəb direktoru Kəlbəcər rayonundan olan Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal müəllimlə aralarında keçən bir yazışmanı da xatırlayıb: “Vüsal müəllim bizim Rabil müəllim döyüşlərə qatılanda onunla hal-əhval tutub. Ona “harda görüşək” - yazıb. Rabil müəllim də yazıb ki, Kəlbəcərdə. Vüsal müəllim ona Kəlbəcərin cənnət olduğunu deyəndə Rabil müəllim ona yazıb: “Onda cənnətdə görüşərik”. Bu gün onun cənnətdə olduğunu nəzərə alsaq, düşünürəm ki, təsadüfən də olsa, o, məhz məkanını söyləyib həmkarına”.

 

Riyaziyyatçı Vidadi müəllim hər kəsin nəzərində həm də bir qəhrəmandır

 

Vidadi İsrafilov da Gəncə sakini idi. Ancaq onun yolunu Gəncəyə salan tale idi. Əslində, Daşkəsənin Gurbulaq kəndində doğulub, elə orada da böyümüşdü. Əlinə çanta alıb ilk dəfə parta arxasında oturduğu  Gürbulaq kənd tam orta məktəbinin müəllimi idi. Gəncəyə ali təhsil almaq üçün 2005-ci ildə getdi. Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Ancaq sonrakı illərdə oğlu Ataxanın kəllədaxili təzyiqi onları yüksəklikdə yerləşən Gurbulaqdan dəniz səviyyəsindən aşağıya - Gəncə şəhərinə enməyə məcbur etdi.  Beləliklə, Gəncə şəhər sakini oldular.

 

Vidadi müəllim  təsərrüfatla da məşğul olurdu. Artıraraq sayını 4 -ə çatdırdığı atları var. Bu il kartof əkib 1 tondan artıq məhsul götürmüşdü. Torpağı əkib-becərməyi, yaxşı məhsul götürməyi və onu paylaşmağı sevirdi. Sadəcə əkib-becərməyimi? Vidadi müəllim onu qorumaq, ərazi bütövlüyünü təmin etmək üçün canından keçəcək qədər çox sevdi torpağını. Vətən müharibəsi başlayan kimi riyaziyyat müəllimi Vidadi İsrafilov hərbi komissarlığa baş vurdu və sentyabrın 29-da “öncə Vətən” deyib arxasında qoyduğu 5 və 6 yaşında olan iki balasını da öncə ata-anasına, sonra dövlətinə həvalə etdi. Atası və işlədiyi məktəbin direktoru olan Vaqif müəllimin sözlərinə görə, onlar Vidadinin getdiyini yazıb qoyduğu məktubdan öyrəniblər: “Həyat yoldaşı gətirdi məktubunu. Vətənin müdafiəsinə getdiyini, 2 balasını böyütməkdə yoldaşına kömək etməyimizi tapşırırdı. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Döyüşə-döyüşə Şuşaya qədər gedib çıxdı. Noyabrın 7-də zəng etmişdi. Şuşada qələbə xəbərini oğlumdan aldım. Mənə Xankəndi istiqamətində növbəti əməliyyata hazırlaşdıqlarını da dedi”.

 

Oğlu ilə bundan sonra danışa bilməyən ata onunla bir də noyabrın 11-də görüşür. Ancaq bu dəfə cansız bədəni ilə. Atası şəhid oğlunu Füzulidəki hospitaldan götürüb. Qalib ordunun qəhrəman döyüşçüsünün qəlpələrdən deşik-deşik olmuş bədənini bağrına basıb: “Oğlumu götürməyə gedəndə mənə həlak olduğu döyüş vəziyyəti ilə bağlı da məlumat verdilər. Dediklərinə görə, müharibənin bitməsinə bir neçə saat qalmış şəhid  olub. Onunla bərabər öndə gedən 4 silahdaşı ilə bərabər. Bədəni qəlpələrlə dolu idi. Onu evə gətirəndə axşam olmuşdu. Həmin gün dəfn edə bilmədik. Gecəni bizimlə qaldı. Doyunca vidalaşdıq. Səhərisi dəfn etdik. Oğlum pəhləvan kimi idi. Məktəbdə, kənddə, yaşadığı yerdə hörməti vardı. Hamı ona ağsaqqal kimi yanaşır, məsləhət alırdılar. Həm ağıllı, həm də qoçaq idi. Artıq hər kəsin nəzərində həm də bir qəhrəmandır.  Bunu  indi  balaları da bilir”.

 

Rəşad müəllimin şagirdlərinə bayraq əmanəti

 

Gəncənin qürur mənbəyi olan şəhidlərindən biri də Rəşad müəllim oldu. Həyat yolunu cızarkən silah yox, qələm götürməyə üstünlük vermişdi. Qələmlə ondan əvvəl yazılmış tarixi yaşatmaq, anlatmaq, gələcək nəslə ötürməyi hədəfləmişdi. Sadəcə müəllim olmaq istəmişdi. Bu istəklə də orta məktəbi bitirib ali məktəbə - Gəncə Dövlət Universitetinə daxil olmuşdu. Sonra daha yaxşı müəllim olmaq istədi. Bu həvəslə GDU-da magistratura təhsili aldı. İnsan yetişdirmək, insanın şəxsiyyətə çevrilməsi prosesində fəal rol oynamaq idi niyyəti. Hazırlaşıb müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatıldı və 2018-ci ildə 51 bal toplayaraq yaxşı müəllim olacağına dair bir şübhə yeri qoymadı. Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi seçdi. Çox keçmədi ki, məktəbin sevimli tarix müəllimi oldu Rəşad Məmmədov. Onun müəllim ömrü 2 il - Azərbaycan Ordusunun Qarabağda əks-hücum əməliyyatlarının başladığı günədək sürdü.

 

 

 

“Səndən qabağa düşdüm, mən gedirəm”

 

Əməliyyatların başlanması ilə əli qələmli Rəşad müəllim dönüb oldu əli silahlı əsgər. Tarixin səhvini qələmlə düzəldə bilməyəcəyini anladı hər halda. Əlindəki qələmlə son 30 illik tarixin üstündən qara bir xətt çəkib silahla yeni tarix yazmağa qərar verdi. Həmin həlledici qərarı verərkən yanında dostu, həmkarı Arzu müəllim vardı.

 

Fizika müəllimi Arzu Qurbanovla yolları 16 nömrəli məktəbin “Müəllimlər otağı”nın qapısı ağzında kəsişmişdi. Salamlaşıb dostlaşmışdılar: “Qapıda qarşılaşdım onunla. Mən “Müəllimlər otağı”nın qarşısında dayanmışdım. Rəşad müəllim gəldi. Salamlaşdı. Sonra tanış olduq. Bir də onda baxdıq ki, dostlaşmışıq da. Bəzən soruşurduq bizi birləşdirən nədir deyə. Mən ondan 11 yaş böyüyəm. Amma böyüklüyüm bir işə yaramadı. Ondan qabağa düşə bilmədim. Mən şəhid olacaqdım, o oldu”.

 

Arzu müəllim danışır ki, bir yerdə hərbi komissarlığa gedib Vətən müharibəsində iştirak etmək arzularını bildiriblər. Hər gün Ordudan çağırış gözləyiblər: “Pandemiya səbəbindən məktəbdə növbətçi olurduq. Növbətçilik sırasında bir yerdə olduğumuz vaxtlar yaranırdı. Hər dəfə bir yerə gələndə narahatlıqla “Nə oldu, bizi niyə çağırmırlar”,  - deyib gileylənirdi. Hər dəfə ona “Öncə mən gedəcəyəm, səndən böyüyəm”, - deyirdim.Oktyabrın 3-də axşam zəng elədi ki, səndən qabağa düşdüm, mən gedirəm. Oktyabrın 31-dək Gəncədəydi, təlim keçirdilər. Sonrakı zəngində “Evdə deyiləm” dedi və mən anladım ki, artıq təlimləri bitib və Gəncədən çıxıb. Sonuncu dəfə onunla noyabrın 3-də danışdıq. Ondan sonra əlaqəmiz kəsildi”.

 

Xeyli vaxtdı zəng etməməyinə baxmayaraq, Arzu müəllim qələbə gününədək narahat olmayıb: “İmkan olanda o zəng edirdi. Onun zəng etməməsi də xeyli vaxt məni narahat eləmədi. Hesab edirdim ki, imkan olmur. Ancaq Şuşa alınandan sonra narahat olmağa başladım. Şuşanın alınması xəbərinin sevincini bizimlə mütləq bölüşəcəyini düşünürdüm. Amma gözlədiyim zəng gəlmədi. Onda narahat olmağa başladım. Nəhayət, ondan xəbər aldıq.  Zəngi yox, özü gəldi. Heç cür təsəllimiz yoxdu. Qızıldan qiymətli bir insanı, yaxın dostumu, hörmətli müəllim yoldaşımı itirdim”.

 

Vətənpərvər, millətinə, dövlətinə bağlı idi

 

Məktəbin direktoru Elnurə Yusifova rəhbərlik etdiyi təhsil müəssisəsinin itkisinin böyük olduğunu deyir: “Rəşad müəllim məktəbimizdə 2018-ci ildən çalışırdı. Ondan əvvəl 5 il hüquq-mühafizə orqanlarında işləmişdi. Müəllim işlədiyi bu iki ildə şagirdlər, valideynlər, müəllimlər arasında böyük hörmət qazanmışdı. Savadlı, bacarıqlı müəllim idi. Müsbət keyfiyyətləri olan bir insan kimi tanınırdı. Vətənpərvər, millətinə, dövlətinə bağlı insan idi. Azərbaycana layiq vətəndaş idi. Noyabrın 6-na qədər onunla əlaqə olub. Bizdə olan məlumata görə, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub”.

 

Məktəb direktoru şəhidin dəfnində onun əsgər yoldaşı ilə də görüşüb: “Son ana qədər onun yanında olan əsgər yoldaşı ilə tanış olduq. O özü bizə yaxınlaşaraq, Rəşad müəllimin məktəbə bir əmanət buraxdığını söylədi. Dedi ki, Rəşad müəllim ona bir bayraq əmanət edib. Deyib ki, dərs başlayanda o bayrağı gətirib məktəbə, onun şagirdlərinə versin.  Səbirsizliklə tədrisin başlayacağı o günü gözləyirik. Gözləyirik ki, müəllimimizin əmanət etdiyi həmin bayrağı əsgər yoldaşı məktəbimizə gətirsin”.

 

Ruhiyyə DAŞSALAHLI



20.11.2020 | 12:04