Qarabağ iqtisadiyyatının gələcək inkşafı alimlərin gözü ilə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir keçirilib.

 

UNEC-dən bildirilib ki, canlı yayımlanan müzakirələr “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda olub.

 

UNEC-in rektoru, professor Ədalət Muradovun moderatorluğu ilə keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri, dosent Altay İsmayılov iştirak ediblər.

 

Tədbirdə Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri A. İsmayılov “Müharibədən sonra Qarabağın iqtisadiyyatı: Regional İnnovasiya-Texnoloji Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Qarabağın regional innovasiya mərkəzinə çevrilməsi ilə bağlı əsas hədəf və məqsədləri açıqlayıb, bu istiqamətdə infrastruktur, instutisional və elm-təhsil istiqamətləri üzrə təkliflər səsləndirib. Həmçinin regionda “Universitet – Dövlət – Sənaye Modeli”nin tətbiqinin effektivliyini diqqətə çatdırıb.

 

Milli Məclisin komitə sədri T.Mirkişili işğala qədərki dövrdə Qarabağ ərazisinin ölkə iqtisadiyyatının 15-20 faizini təşkil etdiyini, həmin ərazilərin ölkənin ərzaq təhlükəsizliyinin təminatında payının təxminən 15-17% faiz olduğunu diqqətə çatdırıb. Hazırda isə Qarabağ regionunun iqtisadi potensialının daha geniş olduğunu vurğulayan T.Mirkişili  bu imkanların təxminən 8%-ə qədər artırılmasının mümkünlüyünü deyib. Komitə sədri Qarabağda Regional İnnovasiya Mərkəzinin yaradılmasının yüksək effekt verə biləcəyini qeyd edərək, bu mərkəzin qurulmasını şərtləndirən amilləri, eləcə də beynəlxalq təcrübəni paylaşıb.

 

İqtisadiyyat nazirinin müavini N.Səfərov ölkə Prezidenti tərəfindən müəyyən edilən iqtisadi inkişaf modelinin formalaşdığını və işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın həmin modelin baza prinsiplərinə əsaslanaraq həyata keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Ölkə başçısının müvafiq sərəncamına əsasən, işğaldan azad olunan ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyasının yaradıldığını, hazırda həmin ərazilərdə bərpa işlərinə başlanıldığını bildirib. Nazir müavini işğal nəticəsində dəyən maddi və mənəvi zərərlə bağlı statistik məlumatları açıqlayıb.

 

AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru N.İmanov iqtisadi inkişafla bağlı milli hədəflərdən danışıb. Regionun İnnovasiya Mərkəzinə çevrilməsi üçün ciddi araşdırmalara ehtiyac olduğunu, bu istiqamətdə biznes mühitin təkmilləşdirilıməsinin, startapların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Qarabağın real iqtisadi inkişaf istiqamətlərindən də bəhs edib.

 

Sonda rektor  Ədalət Muradov bir sıra konseptual məqamlara diqqət çəkib. Ölkə iqtisadiyyatında investisiya yatırımına ehtiyac duyulan region və sahələrin olduğunu deyib, Qarabağ iqtisadiyyatının bu baxımdan Azərbaycanın gələcək dayanıqlı və davamlı inkişafı üçün əlverişli, əvəzolunmaz şans yaratdığını  söyləyib.

 

Professor “Rəqəmsal Qarabağ” Dövlət Proqramının hazırlanmasının, Qarabağda müasir tələblərə cavab verən yeni ali təhsil müəssisələrinin yaradılmasının, eləcə də Qarabağın simvolu olan Şuşa şəhərində “Smart city” (Ağıllı şəhər) modelinin qurulmasının faydalı olacağını bildirib.

 

Müzakirələrdən sonra izləyicilərin sualları cavablandırılıb və təklifləri səsləndirilib.

 

Qeyd edək ki,  “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir 20 noyabr saat 11:00-da “Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri” mövzusunda olacaq. Müzakirələr UNEC-in rəsmi “Facebook” səhifəsindən canlı yayımlanacaq.

 

 



19.11.2020 | 11:25