“İnternetdən təhlükəsiz istifadə” adlı tədbir keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) 247 nömrəli tam orta məktəbdə “İnternetdən təhlükəsiz istifadə” adlı tədbir keçirilib.

 

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri Məlahət Həsənova və Hikmət Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və valideynlər iştirak ediblər.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə məktəbin direktoru Nihal Hacıyeva qonaqları salamlayaraq tədbirin təşkil olunmasının mahiyyəti barədə məlumat verib. Qeyd edib ki, tədbirin keçirilməsinin əsas məqsədi valideynlərlə bu mövzuda məqsədyönlü söhbət aparmaq, informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydalarını şagirdlərə aşılamaq, uşaqları internetdən istifadə etməyə psixoloji hazırlamaq, savadlı və daha hazırlıqlı gənclər yetişdirməyin yollarını axtarmaqdan ibarətdir.

 

Daha sonra tədbirdə internetdən təhlükəsiz istifadə olunmasında valideynlərin üzərində düşən məsuliyyətdən bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva respublikamızda bütün sahələrdə olduğu kimi təhsildə də İKT-dən düzgün istifadə etmək bacarığına çox böyük önəm verildiyini söyləyib. M.Vəliyeva vurğulayıb ki, İKT ilə bağlı Təhsil Nazirliyi və BŞTİ tərəfindən müvafiq layihələr həyata keçirilir. İdarə müdiri ibtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması və məktəblilərin kompüterdən, internetdən daha səmərəli istifadə etmələri üçün psixoloji hazırlanması istiqamətində həyata keçirilən işlərin vacibliyinə toxunub. Eyni zamanda, İKT-dən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətini vurğulayan idarə müdiri valideynləri bu məsələdə xüsusilə diqqətli olmağa çağırıb.

 

Daha sonra tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, millət vəkilləri Hikmət Məmmədov və Məlahət Həsənova təhsilin bütün pillələrində İKT-nin tətbiqi və istifadə edilməsinin, məktəblilərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək və ötürmək qabiliyyətinin formalaşdırılmasının şagirdlərin informasiya cəmiyyətinin fəal üzvünə çevrilməsi baxımından mühüm rol oynadığını bildiriblər. Bununla yanaşı, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında valideyinlərin məsuliyyət daşıdığını diqqətə çatdırıb, bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs ediblər.

 



04.06.2018 | 17:23