AzTU və MDU-nun birgə təşkilatçılığı ilə nəzəri-praktiki seminar | |
Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda rəqəmsal ödənişlərin tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda nəzəri-praktiki seminar keçirilib.
Universitetdən bildirilib ki, ZOOM platforması üzərindən online formatda təşkil olunan seminarda MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti və Azərbaycan Əsgərinin rəşadəti sayəsində əldə edilən möhtəşəm qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Böyük sevinc və fəxarət hissləri ilə əlamətdar tarixi günlər yaşadığımızı qeyd edən rektor Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyib.
Ş.Bayramov daha sonra rəqəmsal ödənişlərin inkişafı sahəsində görülən işlər barədə ümumi məlumat verib. 2019-cu ildən MDU-nun ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan AzTU ilə əməkdaşlığa start verdiyini bildirən rektor seminarın sözügedən əməkdaşlıq çərçivəsində baş tutduğunu diqqətə çatdırıb.
Əldə etdiyimiz böyük qələbə münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru, professor Vilayət Vəliyev qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə zəfərlə başa vurduğumuz Vətən müharibəsində hər iki universitetin tələbə və məzunlarının da iştirak etdiyini bildirib.
AzTU ilə regionda yerləşən ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm önəm verildiyini vurğulayan V.Vəliyev birgə layihələrin həyata keçirilməsində MDU-nu əsas tərəfdaşlardan biri olaraq dəyərləndirib. Nəzəri-praktiki seminarın mövzusunun aktuallığından bəhs edən V.Vəliyev rəqəmsal ödənişlərin əhəmiyyəti, bu sahədə həyata keçirilə biləcək tədqiqat istiqamətləri barədə fikirlərini bölüşüb.
Sonra MDU-nun iqtisadiyyat kafedrasının müdiri, dosent Cəmilə Musayeva “Rəqəmsal ödənişlərin tətbiqinin iqtisadi inkişafa təsiri”, AzTU-nun iqtisadiyyat kafedrasının baş müəllimi Xəyaləddin Tağıyev “Bank sistemində rəqəmsal ödəniş texnologiyaları” və MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev “Rəqəmsal ödənişlərin genişləndirilməsində “ASAN xidmət”in rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə rəqəmsallaşmanın önəmi, nağdsız ödənişlər, rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ölkəmizdə mövcud olan ödəniş sistemləri, elektron bankçılıq, elektron ticarət, mümkün risklər, mövcud beynəlxalq təcrübə, Dövlət Proqramı çərçivəsində reallaşdırılan tədbirlər, müzakirə olunan sahənin inkişafında “ASAN xidmət”in rolu və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Hər iki universitetin müəllim və tələbə kollektivi tərəfindən maraqla qarşılanan birgə seminar sualların cavablandırılması ilə başa çatıb.
|
|
17.11.2020 | 15:44 | |
|
|
|