Tarixçi alim beynəlxalq konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Fransanın Lion şəhərində keçirilən “Keçid dövrü: Neolit dövründən Dəmir dövrünədək miqrasiya, yenilik, ətraf mühitin dəyişməsi” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.

 

Üç gün davam edən tədbirdə V. Baxşəliyev “Naxçıvanın Erkən Eneolit mədəniyyətinin formalaşmasında pastoral həyat tərzinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

 

Tarixçi alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb. İştirakçıların çoxsaylı sualları da cavablandırılıb.

 

Konfransda, həmçinin Naxçıvanda aparılan tədqiqatlarla bağlı Beynəlxalq Azərbaycan-Fransa Arxeoloji ekspedisiyasının üzvləri- Katerine Marro, Mariya Oranj, Remi Berton, Nikolas Gailhard məruzələrlə çıxış ediblər.

 



16.11.2020 | 16:20