“Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” | |
Noyabrın 7-də Təhsil Nazirliyi, nazirlik yanında İctimai Şuranın dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı online seminar keçirilib.
Dövlət Bayrağı Gününə həsr olunan seminarda “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?” “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılıb. T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçirilən müzakirələrdə Azərbaycan və Türkiyədən olan qabaqcıl təhsil xadimləri iştirak edib.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Seminarda Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib
Nazir müavini çıxışında qeyd edib ki, müasir dövr - bütün iqtisadi və sosial həyatın transformasiyası ilə xarakterizə olunur.
Sürətlə dəyişən, qloballaşan dünyanın yeni çağırışları ilə xarakterizə olunan çağdaş dövr hadisələrin zənginliyi ilə həyatın bütün sferaları üçün yeni tələblər, yeni yanaşmalar diktə edir.
Qarşılaşdığımız qlobal problemlərin aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından çox asılıdır.
Bunları nəzərə alaraq, ölkəmizin qarşısında duran prioritet məsələ - XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, ənənəvi milli-mənəvi dəyərləri qoruyub saxlayan və bölüşən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəsillərin formalaşdırılmasıdır. Bu məsələnin həll edilməsinin əsas aləti uşaq və gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsidir.
Ölkəmizdə təhsilalanların vətənpərvərlik, milli-mənəvi, ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması həmişə məktəbin ən ümdə vəzifələrindən hesab edilmişdir.
Tərbiyənin strateji istiqamətləri müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən lakonik şəkildə bu cür ifadə edilmişdir: “Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır”.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, ideya müəllifi və banisi ulu öndər Heydər Əliyev olan azərbaycançılıq məfkurəsi ölkəmizin milli ideologiyasına çevrilməklə hər bir ölkə vətəndaşının həyat yolunu, bu günümüzə və gələcəyə baxışlarını müəyyənləşdirmişdir. Bu ideologiyanın əsasını isə Vətənə, milli mənsubiyyətə, milli-mənəvi dəyərlərə, dövlətə və dövlətçiliyə sadiqlik, ümumbəşəri dəyərlərə tolerantlıq təşkil edir.
Məhz azərbaycançılıq milli ideologiyasından irəli gələn vətənpərvərlik ideyaları hər bir təhsil müəssisəsinin uşaq və gənclərlə aparılan tərbiyə işində başlıca yer tutur. Məktəblərdə təhsil alan uşaq və gənclər savad, dünyagörüşü və intellektual potensial baxımından fərqlənə bilərlər. Lakin bu amillərdən asılı olmayaraq, hər bir uşaq və gəncin vətənpərvər ruhda böyüməsi, tərbiyə alması birmənalı qəbul edilməlidir.
Əlbəttə, heç kim sadəcə nəsihət yolu ilə vətənpərvər olmur. Burada söz və əməl birliyi, fərdi nümunə vacib şərtdir. Bu gün hər bir Azərbaycan məktəbində doğma vətənin ayrılmaz parçası olan Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman vətəndaşlarımız, erməni işğalçılarla vuruşlarda əsgərlərimizin misilsiz rəşadət nümunələri yetişməkdə olan gənclərimiz üçün böyük vətənpərvərlik məktəbidir. Bir sıra məktəblərimiz döyüşlərdə həlak olmuş şəhidlərimizin adını daşıyır. Bütün bunlar şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Ölkəmizin sosial-iqtisadi cəhətdən dinamik inkişafı, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun durmadan yüksəlməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, gənclərimiz üçün böyük vətənpərvərlik nümunəsidir.
Təhsil müəssisələrimizdə vətənpərvərliklə bağlı aparılan sistemli işlərdə uşaq və gənclərin Azərbaycanın Dövlət rəmzlərinə məhəbbət ruhunda tərbiyəsi mühüm yer tutur. Bu gün məktəblərimizdə elə bir şagird tapılmaz ki, o, ölkəmizin Dövlət Himnini əzbər bilməsin və oxumağı bacarmasın. Elə bir kəs yoxdur ki, Dövlət Bayrağımızın mahiyyətini, rəmzi mənasını mənimsəməmiş olsun.
Cari il sentyabrın 27-dən Qarabağda aparılan əks-hücum əməliyyatları dövründə vətəndaşlarımızda bayraq sevgisi, işğaldan azad olunan Vətən torpaqlarında müqəddəs üçrəngli bayrağımızın qaldırılması halları əsil vətənpərvərlik nümunəsi kimi qəlbimizi fərəh hissi ilə doldurur.
Yeri gəlmişkən, bu il həmçinin Dövlət Bayrağının qəbul edilməsindən 102 il ötür, 10 ildir ki, noyabrın 9-u hər il ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Başqa bir tarixi məqama da toxunmaq istərdim. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Bakı şəhəri daşnak erməni-bolşevik istilasına məruz qalmışdır. Belə bir tarixi ağır şəraitdə Azərbaycanın köməyinə gələn türk qardaşlarımız 1918-ci il sentyabrın 15-də general-leytenant Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaranan Azərbaycan Milli Ordusu ilə Bakını xarici işğalçılardan azad etdikdən sonra Milli Hökumət Gəncədən Bakıya köçdü və bir neçə mühüm qərarlar verdi. Onlardan biri də 1918-ci il noyabrın 9-da qəbul edilmiş Dövlət Bayrağı haqqında idi.
Bayrağımızın üçrəngli olması ideyasının müəllifi görkəmli Azərbaycan ziyalısı, türkçülük ideyasını təbliğ edən Əli bəy Hüseynzadədir.
Türk milli şüurunun təkamülü və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə çevrilməsi də Əli bəy Hüseynzadənin üç düsturu ilə bağlıdır.
Bu düsturun təməlində “Türkləşmək, müasirləşmək və islamlaşmaq” fəlsəfəsi dururdu. O düstur bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın rəngində əksini tapır.
Müstəqil Azərbaycan bu gün həmin yolla Türkiyə Cümhuriyyəti ilə “bir millət, iki dövlət” inancı ilə qardaş kimi əl-ələ, çiyin-çiyinə bərabər gedirlər.
İnkarolunmaz həqiqətdir ki, dünyada Azərbaycan və Türkiyə kimi dili, dini, ruhu, mənəviyyatı bir-birinə yaxın olan başqa bir dövlət və xalq yoxdur. Bu xalqlar həqiqətən də bir-birinin arxasında duran, bir-birinin dərdinə və sevincinə şərik çıxan doğma qardaşdırlar. Türkiyənin İstiqlal savaşında, Çanaqqala döyüşlərində türk qardaşları ilə birlikdə Azərbaycan övladlarının da şəhid düşməsi, 1918-ci ildə erməni daşnakların bolşevizmi əllərində bayraq edərək Azərbaycan əhalisini soyqırıma məruz qoyarkən, “Göydən enmiş mələk adlandırılan” qəhrəman Nuru Paşanın başçılığı ilə türk əsgərlərinin onların imdadına yetişməsi və kütləvi, dəhşətli qırğının qarşısının alınması bu qardaşlığın yaxın tariximizdəki bariz nümunələridir. Bildiyiniz kimi, 1918-ci ildə Bakıda hakimiyyəti ələ keçirən Daşnak- bolşevik qaragüruhunun başçısı Stepan Şaumyanın rəhbərliyi ilə əvvəlcədən hazırlanmış plana əsasən həmin ilin martın 31-dən aprelin 2-dək təkcə Bakıda 12 min nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bununla yanaşı Şamaxıda, Qubada və digər bölgələrdə 10 mindən artıq azərbaycanlı öldürülmüşdü. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi hər il qeyd olunur. Azərbaycan xalqı Bakının qurtuluşunda türk ordusunun tarixi xidmətlərini heç zaman unutmur. Bakıda onların şərəfinə xatirə abidəsi də ucaldılıb. Bunlar heç zaman yaddaşımızdan silinməz.
Nə xoşbəxtik ki, biz bu gün də bir-birimizin yanındayıq. Hazırda Qarabağda Azərbaycan ordusunun uğurlarında Türkiyənin əvəzedilməz dəstəyini hər zaman, hər an hiss edirik. Əsas gücümüz “bir millət, iki dövlət”in birliyindədir. Bu birlik əbədidir, sarsılmazdır və heç bir qüvvə buna təsir edə bilməz.
Bu gün Vətənimizdə Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması qardaşlığın simvoluna çevrilmişdir. Bu bayraqlar ölkəmizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Böyük iftixar hissi ilə qeyd edilməlidir ki, üçrəngli bayrağımız 30 ildən sonra işğaldan azad olunan Qarabağda dalğalanır.
Milli çağdaş tariximiz üçün çox əhəmiyyətli olan məsələyə toxunmaq istərdik. Bildiyiniz kimi, Azərbaycanın 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad olunmasına, doğma Qarabağımıza Azərbaycanın suveren hüquqlarının təmin edilməsinə daim dəstək vermiş Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinin Prezidenti sayın Rəcəb Teyyub Ərdoğana dərin minnətdarlığımızı bildiririk.
Daha sonra çıxış edən Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın “bir millət, iki dövlət” sevgisinin əbədi olduğunu qeyd edərək vətənpərvərlik anlayışının türk dövlətləri üçün həmişə aktual olduğunu bildirib. Türkiyə təcrübəsindən nümunələr gətirən nazir məsləhətçisi həyat bilgisi dərsində şagirdlərin ölkəsinin müstəqilliyi və fərdi müstəqilliyi arasında əlaqənin tapılması, insan haqları və demokratiya dərsində birlikdə yaşamaq üçün bir yurda niyə ehtiyac olduğu, Türkiyənin inkişafı ilə öz vəzifə və öhdəlikləri arasında əlaqənin qurulması, bu baxımdan məsuliyyətlərinin nə olduğu, milli birliyin cəmiyyətin inkişafına nə kimi töhfəsinin olduğunu araşdırmaq kimi məqamlarının öndə olduğunu deyib.
Seminarda çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bildirib ki, vətənpərvərliyin açarı təhsilin məzmunundadır və bu məzmunda vətənpərvərlik təbii olmalı, vətənpərvərlik bütün tədris müddətində təbii olaraq gənclərə aşılanmalıdır. Vətənsevərliyin meyarını da təqdim edən professor qeyd edib ki, vətənsevərliyi vətənə sevginin özünə sevgiyə olan nisbətini meyar götürərək ölçə bilərik. Surətdə vətənsevərlik, məxrəcdə özünə sevgi yer alır. Özünə sevgi az olarsa, bu əmsal çox böyük, özünə sevgi çox böyük olarsa, bu əmsal kiçik olar.
Seminar Təhsil nazirinin müşaviri Elnur Nəsibov, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, “Milliyet” qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadənin çıxışları və təklifləri ilə davam edib. Natiqlər yerli və xarici təcrübəyə istinad edərək bildiriblər ki, vətənpərvərlikdə valideyn və müəllim məsuliyyətinin çox böyük rolu var. Həmçinin vətənsevərliyin inkişafı üçün dəyərlər təhsili proqramı, müxtəlif qısametrajlı film, animasiyalar hazırlamaq və zənginləşdirmək, dərsdənkənar ziyarətlər təşkil etmək, valideyn və məktəb əməkdaşlığını inkişaf etdirmək, böyük şəxsiyyətləri təbliğ etmək və vətənpərvərliklə bağlı yeni-yeni hekayələr və kitablar yazmaq əhəmiyyətlidir. Vətənpərvərliyin inkişafı üçün şagirdlərə vətənə aid olduğunu hiss etdirməli, onlarda aid olmaq hissi, aid olduğu cəmiyyətə töhfə vermək niyyəti formalaşdırmalı, ortaq bir xəyal və gələcək idealı təqdim etməli, əzbərçilikdən çıxmalı, qəhrəman yetişdirmək üçün, uşaqların həyatını məğlubiyyətlərlə keçməsinə icazə verməməli, onları zəfərə kökləməliyik.
Seminarın moderatorları təqdimat edərək bildiriblər ki, təşkilatçılardan biri olan T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının əsas məqsədi yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq, təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək, bu yolla müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, yeni əməkdaşlıqlara səbəb olmaq, bir sözlə, inkişaf sinerjisi yaratmaqdır.
Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan seminara minlərlə izləyici qatılıb.
|
|
13.11.2020 | 11:00 | |
|
|
|