Son 100 ildə tibbin ən böyük nailiyyəti | |
Dünya mediası iki türk həkimdən danışır. Onların dünyada milyonlarla insanın həyatını təhlükəyə atan, minlərlə insanın həyatına son qoyan COVID-19 pandemiyasına qarşı vaksinin hazırlanması üzrə səyləri peyvəndin tezliklə istifadəyə veriləcəyinə olan ümidləri artırıb.
Almaniyanın Maynz şəhərində çalışan türk əsilli həkimlər, professor Uğur Şahin və onun xanımı doktor Özləm Türecinin həmtəsisçiləri olduğu “BioNTech” firmasının yeni tip koronavirusa (COVID-19) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı təsirli olduğu açıqlanıb.
Şirkətin ortağı olan ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” bildirib ki, onların hazırladığı peyvənd könüllülərin yoluxmasının qarşısını almaqda 90% -dən çox effektivdir.
Həkimlər RNT və ya mRNA adlanan texnologiyadan istifadə ediblər. Çərşənbə axşamı jurnalistlərlə telefon danışığı zamanı professor Uğur Şahin xəbərin əhəmiyyətini izah edib və dünyaya ümid mesajı göndərib: "Düşünürəm, bəşəriyyət üçün yaxşı bir siqnal budur ki, peyvənd vasitəsilə həqiqətən də COVID-19 infeksiyasının qarşısını almaq olar".
Bazar ertəsi günü CNN qarşısında çıxış edən “Pfizer”-in baş direktoru Albert Burla türk həkimlərin kəşfini son 100 ildə "tibbin ən böyük nailiyyəti" adlandırıb.
U.Şahin və Ö.Türeci koronavirus vaksinin hazırlanmasında istifadə etdikləri mRNA texnologiyası üzərində 25 ildir ki, çalışdıqlarını deyiblər.“BioNTech”-in yeni tip koronavirus vaksini 6 ölkədə 43 500 nəfər üzərində test edilib. Vaksinin test edildiyi ölkələr arasında Türkiyə də var.
Vaksin 3 həftə fasilə ilə iki doza halında istifadə ediləcək. “Pfizer” ilin sonuna qədər 50 milyon doza, 2021-ci ilin sonuna qədər isə 1,3 milyard doza vaksini bazara çıxarmağı planlaşdırır.
Qeyd edək ki, U. Sahin və Ö.Türeci öz həyatlarını onkologiya və yoluxucu xəstəliklər sahəsinə həsr ediblər. Onlar xərçəngin müalicəsi üçün immunoterapiyanın fərdi metodlarının hazırlanmasına illərlə vaxt ayırıblar.
Oruc MUSTAFAYEV
|
|
12.11.2020 | 11:25 | |
|
|
|