Proqram mühəndisliyinin standartları və onların tətbiq sahələri araşdırılıb

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Doqquz nömrəli şöbənin təşkil etdiyi tədbirdə institutun əməkdaşı Gülnar Əhmədova “Proqram mühəndisliyinin standartları və onların tətbiq sahələrinin təhlili” mövzusunda məruzə təqdim edib. O, proqram mühəndisliyinin (PM) standartları, PM üzrə standartları işləyən təşkilatlar, standartların profilləri, “SQuaRE” standartlar seriyası haqqında ətraflı məlumat verib. Bildirib ki, PM-in standartları proqram təminatının (PT) keyfiyyətinin idarə edilməsində mühüm rol oynayır, məhsulun və ya prosesin lazımi atributlarını təyin edir. PM-in standartlarının tətbiqinin üstünlüklərindən danışan məruzəçi qeyd edib ki, bu standartların tətbiqi keçmiş səhvlərin təkrarlanmasının qarşısını alır və layihənin davamlılığını təmin edir.

 

G.Əhmədovanın sözlərinə görə, PM-in müasir standartları əsasən biznes, sənaye, tibb, hərbi və dövlət sektorları, korporativ informasiya sistemlərinin sahibləri və istifadəçiləri, proqram sistemlərinin yaradılması üçün metod və vasitələri işləyən şəxslər, eləcə də təhsil müəssisələrinin tələblərinə cavab vermək üçün yaradılıb.

 

Məruzəçi PM-in standartlarının 4 qrupa bölündüyünü qeyd edərək bu standartların PM-in əsaslarının standartları, proqram sistemlərinin yaradılması üçün standartlar, proqram sistemi və proseslərin idarə edilməsi və qiymətləndirilməsi üçün standartlar və proqram sistemi, eləcə də proseslərin təsvir edilməsi üçün standartlardan ibarət olduğunu bildirib.

 

Məruzəçi Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması ilə bağlı işlərin Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən həyata keçirildiyini deyib, proqramlaşdırma üzrə mövcud beynəlxalq standartlara əsasən hazırlanmış Azərbaycan milli standartlarının siyahısını təqdim edib.

 

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Yusif ƏLİYEV

 



04.06.2018 | 16:51