Naxçıvan Bölməsində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Kitabxana ilə birgə “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfrans keçirib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvi Fəxrəddin Səfərli Qarabağ tarixindən və bu tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, 200 ildən bəri Azərbaycan xalqına qarşı təcavüzkarlıq edən, soyqırımı siyasəti yeridən ermənilər XX yüzilliyin sonlarında havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər:”Bununla kifayətlənməyən ermənilər son illər Azərbaycandan yeni torpaqlar qoparmaq üçün tez-tez təxribatlar törətməyə başladılar. Ancaq nəzərdən qaçırdılar ki, Azərbaycan dövləti 20-25 il bundan əvvəlki dövlət deyildir”.
Həyata keçirilən məqsədyönlü siyasət sayəsində yüksək səviyyədə inkişaf etmiş, güclü bir dövlətə çevrilmiş Azərbaycanda qüdrətli ordu yaradıldığını söyləyən alim Aprel döyüşlərini, Naxçıvan əməliyyatı-Günnüt zəfərini xatırladıb:” Peşəkarlıqla aparılan əməliyyatların nəticələri göstərdi ki, ordu istənilən vaxt ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir...Bu gün artıq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq onu ağır məğlubiyyətlərə uğradır”.
F.Səfərli vurğulayıb ki, vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında həmrəy olan xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, həm döyüş meydanında, həm də informasiya müharibəsində düşmənə qalib gəlir:” Əsgərlərimizin qəhrəmanlıq və şücaəti sayəsində uzun illər işğalda qalmış torpaqlarımız qarşı-qarış düşməndən azad edilir. Müzəffər ordumuzun üstünlüyü ilə düşməndən təmizlənmiş ərazilərimizdə indi Azərbaycan bayrağı dalğalanır”.
Daha sonra institutun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Dağlıq Qarabağ haqqında tarixi faktlar”, Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyev “Qarabağ müharibəsi: zəfərə gedən yol” və Elmi Kitabxananın direktoru Sahab Əliyeva “Qarabağ mövzusu bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Məruzələrdə qeyd olunub ki, Azərbaycan heç bir dövlətin ərazisinə hücum etməyib, hərbi əməliyyatları öz işğal olunmuş torpaqlarında aparır və bu, Azərbaycanın haqlı davasıdır.
Konfransda Elmi kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır!” adlı virtual sərgi də nümayiş olunub.
|
|
06.11.2020 | 16:54 | |
|
|
|