Qələbə soraqlı Azərbaycan Bayrağı

Göy, qırmızı, yaşıl. Milyonların sevdalısı olan müqəddəs Azərbaycan Bayrağı hər birimizin qürur mənbəyi, and yerimizdir. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. Bu gün davam edən Vətən müharibəsi xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, bayraq ətrafında necə sıx birləşməyi bir daha göstərdi. Mübariz xalqımızın vətəndaşları öz evlərini, avtomobillərini üçrəngli Azərbaycan bayrağına bürüdü.

 

Ali Baş Komandanın rəhbərliyi altındakı rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan bayrağını sancmaqdır. Necə də gözəl hiss, duyğudur. Deyilmi?

 

1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qarşısında duran əsas vəzifələrdən biri də bayrağın təsis edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verildi. Həmin qərara görə Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edildi. Nəzərə çatdıraq ki, qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi. 1918-ci il 15 sentyabrda Nuru paşanın başçılıq etdiyi Türk-İslam Ordusu Bakını düşmənlərdən azad etdikdən qısa müddət sonra-1918-ci il noyabrın 9-da hökumət tərəfindən göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan milli bayraq qəbul edildi. 1920-ci ildə çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər AXC-ni süquta uğratdıqdan sonra üçrəngli Azərbaycan bayrağı işğalçılar tərəfindən dəyişdirildi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi Məmməd Əmin Rəsulzadənin də dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözləri sübutunu tapdı. Bayrağımız enmədi, əksinə daha da ucalarda dalğalandı. 

 

70 ildən sonra yenidən dalğalanan üçrəngli bayraq

 

Hələ Sovet İmperiyası mövcud olduğu bir vaxtda 1990-cı ilin noyabrın 17-də üçrəngli Azərbaycan bayrağı 70 ildən sonra ilk dəfə öz qətiyyəti və iradəsi ilə azərbaycançılıq ideyalarını, məfkurəsini hər şeydən üstün tutan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin iclasında qaldırıldı. Üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olundu. 

        

Üçrəngli, ay ulduzlu bayrağın rəmzləri

 

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Qeyd edək ki, Azərbaycan bayrağının idea müəllifi görkəmli şəxsiyyət Əli Bəy Hüseynzadədir.

 

Göy rəng - Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng - İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.

Ay-Ulduz - Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları Xalq Cümhuriyyəti dövründə açıqlanmayıb. Alimlərin araşdırmalarına görə, ay-ulduz türk simvolları hesab olunur. Belə ki, qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib. Ay-ulduz xoşbəxtlik rəmzi hesab olunur.

        

Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü qeyd edilir

 

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. 2010-cu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür-162 metr bayraq dirəyində ucaldıldı. Dünyada ən hündür yerdə dalğalanan bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Qeyd edək ki, Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

 

İnanırıq ki, Azərbaycan əsgəri üçrəngli, şanlı Azərbaycan Bayrağını işğal altında olan bütün torpaqlarımızda qaldıracaq. Bayrağımız ən uca zirvələrdə dalğalansın.

 

Niyazi RƏHİMOV

 



06.11.2020 | 11:28