Tərəfdaş şirkətlərdəki mövcud vakansiyalar peşə təhsil müəssisəsinin karyera mərkəzi tərəfindən təmin olunur | |
Azərbaycanda koronavirus infeksiyasının səbəb olduğu vəziyyətlə bağlı təhsildə tamamilə yeni mərhələyə qədəm qoyulub. Ənənəvi tədris metodunun tətbiqinin tamamilə mümkünsüz olduğu bu yeni mərhələdə ənənəvi olmayan metodlar sınaqdan çıxarılır. 2020-2021-ci tədris ili bütün təhsil müəssisələrində hibrid tədris metodu ilə başlasa da, vəziyyət yenidən tamamilə distant təhsilə keçidi zərurətə çevirdi. Ölkəmizdə yeni standartla təhsil verən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) distant təhsil çətinlik yaradırmı?
Müəssisənin rəhbəri Rəşad Xanlarov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində yaranan çətinliklərin həlli olaraq maksimum imkanlarını səfərbər etdiklərini söyləyib. Onun sözlərinə görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) noyabrın 2-dən etibarən Nazirlər Kabinetinin qərarına əsasən dərslərin tam şəkildə distant (məsafədən) formada keçirilməsinə başlanılıb: “Öncəki tədris ilinin ikinci yarımilində olduğu kimi yeni tədris ilinin birinci semestri də pandemiya dövrünə təsadüf etdiyindən məsafədən idarəedilən tədris modeli müvafiq dərs cədvəli üzrə təhsilalanların dərslərə cəlb olunması, tədris materiallarının onlayn platforma üzərindən ötürülməsi, günlük tapşırıqların verilməsi və onların yoxlanılması üzərində qurulub. İstifadə olunan proqramın rahatlığı və funksionallığını nəzərə almaqla tədrisin bu il də “Microsoft Teams” platforması üzərindən keçirilməsinə üstünlük verilib”.
Pedaqoji heyət üçün distant təlimlər
Oktyabrın 27-dən etibarən Sənaye və İnnovasiyalar üzrə BDPTM-nin metodist-təlimçiləri tərəfindən peşə liseylərinin pedaqoji heyəti üçün nəzərdə tutulan “Cisco” distant təlimlərə start verilib: “Keçirilən təlimlərin əsas məqsədi onlayn təlim, eləcə də əyani tədris zamanı təlim proseslərində yarana biləcək texniki problemlərin aradan qaldırılması və həll yolunun tapılmasıdır. Təlim proqramı əsasən kompüter avadanlıqlarının quraşdırılması, periferiya qurğularından istifadə, şəbəkə anlayışı və şəbəkə inzibatçılığı, İT-nin əsasları, kibertəhlükəsizlik istiqamətləri üzrə mövzuları əhatə edir”.
R.Xanlarov qeyd edib ki, Mərkəzin metodist-təlimçiləri tərəfindən digər peşə müəssisələrinin pedaqoji heyəti üçün onlayn dərslərin aparılması və tədris materiallarının hazırlanması məqsədilə “Microsoft Teams” və “MS Office” paketi üzrə distant təlimlər həyata keçirildi. Bu təlimlərdən digər peşə müəssisələrindən olan 613 iştirakçı bəhrələnib.
Kurslar üçün qeydiyyat prosesi davam edir
Bununla yanaşı, Mərkəzdə keçirilən qısamüddətli kurslar üzrə növbəti qrupların təşkili prosesinə də start verilib. Təşkil olunmuş qruplarda təlim kurslarının bütün istiqamətlər üzrə nəzəri və praktik tərtibatda olmaq şərtilə 3 ay müddətində həftədə 2 dəfə keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, bu tədris ilində də Mərkəzdə Avtomatika (PLC/HMI və sensor idarəetmə, PLC proqramlaşdırma), Mexanika (Mexanika təlimi, Solidworks, Mexanika CNC təlimi), Avtomobil (Avtomobil diaqnostikası və texniki qulluq), İKT (PHP Essentials, Java SE, Photoshop, Illustrator, Premiere), Elektronika (Elektronikanın əsasları), Elektrotexnika (Elektrik işi və ardıcıl idarəetmə), Sənayedə quraşdırma (Əl ilə elektrik qövs qaynağı üzrə təlim (SMAW), Qazla metal qövs qaynağı üzrə təlim (GMAW), GTAW (Volfram elektrodlu qaz qövs qaynağı üzrə təlim) və İnşaat (AutoCad proqram təminatı) istiqamətləri üzrə qısamüddətli kurslar mövcuddur. Hazırda kurslar üçün qeydiyyat prosesi davam edir.
Maraqlananlar üçün qısamüddətli kurslara qeydiyyat linkini təqdim edirik:
https://bii.edu.az/academic/
Dövlət-özəl tərəfdaşlıq
R.Xanlarovun sözlərinə görə, Sənaye və İnnovasiyalar üzrə BDPTM-nin dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq çərçivəsində əlaqələri də gündən-günə genişlənir: “Son ay ərzində Mərkəzlə bir sıra “Azertexnolayn”, “Dream Auto” (AUDI), “Mətanət A”, AutoLux Azərbaycan (Ferrari, Lamborghini, Aston Martin, Land Rover, Dodge, Alfa-Romeo və digər), Technoil, “Okuklu İnşaat” kimi iri şirkətlər arasında yeni layihələrin həyata keçirilməsi üçün anlaşma memorandumları imzalanıb. Ümumilikdə Mərkəz 40-dan artıq tərəfdaş şirkətlə əməkdaşlıq edir. Sumqayıt Texnologiyalar Parkı (STP), “Cisco”, “Mercedes-Benz”, “Mitsubishi”, “Improtex Motors” (BMW), “Optimal Electronics”, “Toyota Azərbaycan”, “Subaru”, “Huawei”, “EduMedia”, “Alstom”, “Suez Groupe”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “ActiveGroup” (Bosch), Sumqayıt Texnologiyalar Data Mərkəzi (STDM), “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”, “Sigma Tecnical Services”, “IKMA”, “KKM Group” kimi qabaqcıl müəssisələrlər və eləcə də, Sənaye və ticarət palataları - AmCham, AHK, CCIAF kimi tərəfdaş şirkətlərlə təhsilalanların sadəcə peşə hazırlığı deyil, həm də gələcək karyerası üçün əhəmiyyətli sayılan razılaşmalar əldə etmişik. Həmin şirkətlərlə birgə fəaliyyət planında əksini tapan layihələr çərçivəsində master-klasların, bütün istiqamətlərdə təhsil alanlar üçün seminar və təlimlərin keçirilməsi, tədris proqramdakı modullara dair rəylərin verilməsi, təcrübə proqramları zamanı müəyyən olunmuş istiqamət üzrə texniki şöbələrin və mentorların müəyyən edilməsi də nəzərdə tutulub. Baza biliklərinə yiyələndikdən sonra istehsalat təcrübəsinə cəlb olunan və yüksək nəticələrlə qiymətləndirilmiş təhsilalanların mövcud vakansiyalar üzrə işlə təmin olunma imkanı da əməkdaşlıq çərçivəsində olan yeni tərəfdaşlarımızın bəhrələndiyi imkanlardandır”.
R.Xanlarov qeyd edib ki, tərəfdaş şirkətlər müəssisələrində olan mövcud vakansiyalarla bağlı Mərkəzi mütəmadi olaraq məlumatlandırır və uyğun kadrların yönləndirilməsi peşə təhsil müəssisəsinin karyera mərkəzi tərəfindən təmin olunur.
Ruhiyyə DAŞSALAHLI |
|
06.11.2020 | 10:39 | |
|
|
|