Vətənimizin bütövlüyü naminə atdığınız cəsarətli addımlarınız gələcəyə olan inamımızı daha da artırdı | |
Çox hörmətli Prezident, cənab Ali Baş Komandan!
Mənim adım Cavid Şamoyevdir. 13 yaşım var və torpaqlarımızın azadlığı uğrunda döyüşmək istəyirəm. Yaşım az olsa da, əlimdən gələni əsirgəmərəm. Mənim qardaşım hərbi xidmətdədir. Mən də onun kimi Vətənimin keşiyində durmaq istəyirəm. Əminəm ki, çox yaxın zamanda Siz başda olmaqla, Azərbaycan Ordusu qələbə qazanacaqdır. Sizə və qəhrəman əsgərlərimizə böyük uğurlar arzu edirəm. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır! Hörmətlə,
Şamoyev Cavid Səbuhi oğlu, Bakı şəhəri, Nərimanov rayonu, şagird
Əziz və hörmətli Prezidentimiz.
Mənim adım Zeynəbdir. 5-ci sinifdə oxuyuram. Biz Sizin kimi Prezidentimizin olması ilə fəxr edirik. Çox sağ olun ki, torpaqlarımızı erməni işğalçılarından azad edirsiniz. Biz ermənilərdən qorxmuruq, çünki bizim güclü Ordumuz var. İnanıram ki, tezliklə Azərbaycan qələbə çalacaq. Allaha hər gün dua edirəm ki, Allah Sizi və əsgərlərimizi qorusun! Mənim atam da birinci Qarabağ müharibəsində iştirak edib və əlil olub. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır! Yaşasın Prezidentimiz! Hörmətlə,
Nəsibzadə Zeynəb Anar qızı, Goranboy rayonu, Boluslu kəndi, şagird
Hörmətli Prezidentim.
Mən Masallı rayon Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin 9a sinif şagirdiyəm. Biz çox sevinirik ki, torpaqlarımız cəsur əsgərlərimiz tərəfindən azad olunur. Sizin uzaqgörən siyasətiniz və şücaətli addımlarınız xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Torpaqlarımız azad olunduqca şəhidlərimizin ruhu da şad olur. Fərqi yoxdur Yardımlı, ya Qarabağ, hamısı bizim üçün müqəddəsdir, Vətənimizdir. Cənab Prezident, Siz və əsgərlərimiz ermənilərə layiqli cavab verməklə, Azərbaycan xalqının kim olduğunu onlara göstərdiniz. Bu gün Ordumuz qüdrətli addımlarla irəliləyir. İnşallah, üçrəngli ay-ulduzlu Bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında və işğal altında qalan digər ərazilərimizdə dalğalanar. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq. Biz Sizinlə fəxr edirik. Hörmətlə,
Elçin Abiyev, Yardımlı rayonu, Arus kəndi, şagird
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizi salamlayan əslən Şamaxı şəhərindən olan 8 yaşlı məktəblidir. Sizi və xalqımızı şanlı Ordumuzun və igid əsgərlərimizin cəbhədə qazandığı uğurlar münasibətilə təbrik edirəm. Vətənimizin bütövlüyü naminə atdığınız cəsarətli addımlarınız biz uşaqların, şagirdlərin gələcəyə olan inamını və ümidini daha da artırdı. Vətənimizlə daha çox fəxr etməyə başladıq. Bizim də borcumuzdur ki, Sizin bu sərkərdəlik qabiliyyətinizi öyrənək və gələcək nəsillərimizə ötürək. Biz məktəblilər Sizinləyik, İlham baba! Qarabağ Azərbaycandır! Hörmətlə,
Şeydayev Tunar Baloğlan oğlu, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, şagird
Salam, möhtərəm cənab Prezident.
Mən Şirvan şəhərində 9-cu sinifdə oxuyuram. Ermənilərin bizim torpaqlarımızı işğal etməsini heç vaxt qüruruma sığışdırmamışam. Ona görə ki, onlar bizdən həmişə qat-qat aşağı olublar, ancaq təəssüf ki, 30 ilə yaxındır torpaqlarımız işğal altında idi. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun sayəsində işğal altında olan torpaqlarımızı azad edirik. Lazım gələrsə mən də Vətənimi, xalqımın şərəf və ləyaqətini qorumaq üçün vuruşmağa hazıram. Sizinlə və Ordumuzla fəxr edirəm. Allah Sizi qorusun. Amin. Hörmətlə,
Tağıyev Fərhad Etibar oğlu, Şirvan şəhəri, şagird
Hörmətli Ali Baş Komandan, cənab Prezidentimiz.
Mənim adım Aysudur, 9-cu sinif şagirdiyəm. Milli Ordumuzun belə müzəffər və güclü olması ilə qürur duyuram. Azərbaycan Ordusunun güclü olmasının səbəbi isə Sizsiniz. Bunun üçün Sizə təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizlə, Ordumuzun igid əsgərlərinin gücü və bizlərin birliyi ilə hər gün bir neçə kəndimiz, şəhərimiz, strateji yüksəkliklərimiz işğaldan azad edilir. Vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan, uğurlu hərbi əməliyyatlar keçirən şanlı Ordumuzun hər bir əsgərinə güc-qüvvət, böyük uğurlar diləyirəm. Cənab Prezident, Sizə möhkəm cansağlığı və hər zaman Azərbaycan xalqının Prezidenti olmağınızı arzu edirəm. İnşallah, yaxın günlərdə bütün torpaqlarımız işğaldan azad edilər. Mən fəxr edirəm ki, azərbaycanlıyam və fəxr edirəm ki, Sizin kimi Ali Baş Komandanımız var! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Hörmətlə,
Əliyeva Aysu Rüstəm qızı, Salyan şəhəri, şagird |
|
06.11.2020 | 09:33 | |
|
|
|