Kurikulum - uğura aparan yol

Azərbaycan  dövlətinin  bütün sahələr üzrə apardığı müdrik  siyasət  təhsil  sahəsində də özünü qabarıq şəkildə göstərməkdədir.

 

Son dövrlərdə həyata keçirilən təhsil  islahatları ardıcıl, əlaqəli və bir-birini tamamlayıcı olmaqla, nəticəyə hesablanmış fəaliyyət proqramıdır. Azərbaycan təhsilinə kurikulumun tətbiqi,  fəal və interaktiv təlimin  ənənəvi təhsildən ön plana keçməsi təhsil müəssisələrimizin fəaliyyətlərinin canlanmasına səbəb olub.

 

Müasir Azərbaycan şagirdlərinin təhsil almaları üçün dövlət tərəfindən ən yüksək səviyyədə  şəraitin yaradılması, eləcə də müasir təlim metodlarının tətbiq edilməsi şagirdlərin tutumlu biliyə, müasir dünyagörüşünə  sahib  olmalarına  müsbət təsir  göstərir.

 

Kurikulumun şagirdyönümlü, şəxsiyyətyönümlü olması, eləcə də interaktivliyi onun dəyərini artıran əsas xüsusiyyətlərdəndir. Kurikulumun üstünlüyü şagirdlərin müstəqil həyata hazırlanmasını təmin etməsidir. Kurikulumun tətbiqi şagirdlərlə bərabər müəllimlərin də öz üzərlərində işləmə məsuliyyətini artırmışdır. Ənənəvi təhsildən fərqli  olaraq kurikulum, eləcə də fəal-interaktiv təlim şagirdləri hazır bilikləri şablon şəklində mənimsəmək vərdişindən uzaqlaşdırıb tədqiqatçıya çevirərək öz araşdırması nəticəsində əldə etdiyi biliyi analiz edərək özününküləşdirmək vərdişinə yiyələndirir. Məhz buna görə də yeni təlim metodları ilə dərs alan şagird öyrəndiyi biliyin elmi əsaslarını dərk edərək yadda saxlama müddətini kifayət qədər artırmış olur.

 

Buna səbəb şagirdin yeni təlim metodları nəticəsində dar çərçivədə olsa da bir tədqiqatçıya çevrilməsidir. Əlbəttə, yeni təlim metodlarında müəllimin də xüsusi payı var. Mən tam məsuliyyətlə bildirirəm ki, yeni təlim metodları ənənəvi təhsildən fərqli olaraq müəllimin kifayət qədər geniş və dərin ixtisas bilikləri ilə bərabər geniş dünyagörüşə malik olmasını tələb edir. Elə yeni təhsil konsepsiyasının uğurlu və üstün cəhəti də budur. Məhz bunun nəticəsidir ki,  şagirdlər geniş dünyagörüşə, hərtərəfli  biliyə malik şəxsiyyət kimi formalaşa bilirlər.

 

Nəticənin belə olması müəllimlərin fasiləsiz çalışmasını şərtləndirən yeni təhsil metodlarının məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

 

Bu nəticə, obrazlı ifadə etməli olsaq son olaraq xalqımızın gələcəyi olan gənclərin kamil, xalqına, dövlətinə yararlı bir şəxsiyyət kimi yetişməsinə əsaslı təsir göstərərək parlaq təhsil baharını gətirib. Son illərin təhsil statistikasına  nəzər salsaq böyük məmnunluq  hissi ilə qeyd edə bilərik ki, təhsilimizdə özünü göstərən bahar iqlimi xalqımızı və dövlətimizi gücləndirəcək gənclər bağını  əlvan çiçəklərlə bəzəmişdir.

 

Tağı NƏBİYEV,

Ucar rayon Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi

 



04.06.2018 | 11:39