"Qarabağın məşhur müəllimləri" - Yusif Vəzir Çəmənzəminli | |
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Yusif Vəzir Çəmənzəminlidir. O, 1887-ci ildə Şuşa şəhərində anadan оlub. “Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir...Şəhərin hər nöqtəsi tarix söyləyir...” deyən yazıçı-publisist, maarifpərvər ziyalı, dövlət adamı və ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki ilk səfiri Yusif Vəzir Çəmənzəminli üçün Şuşa şərəfli həyatının təməli, başlanğıcı idi.
Yusif Vəzirin zəngin fəaliyyətində müəllimlik də əsas yer tutub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və rus dillərindən dərs deyib. 1938-ci ildə Özbəkistanın Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dili üzrə baş müəllim işləyib, eyni zamanda institut kitabxanasına müdir təyin olunub. Yusif Vəzir təhsil və tərbiyənin milli inkişafda həlledici rolunu vurğulayaraq yazırdı ki, məktəbsiz millət rişəsiz ağac kimidir; diriliyi üçün lazım olan qüvvəsi olmayıb, quruyub candan düşər.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
|
|
04.11.2020 | 11:35 | |
|
|
|