BİZ Zəngilana qayıdırıq

Azərbaycan Ordusu!  Bu gün bütün dünya sənin mərdliyindən, şücaətindən, igidliyindən  və qəhrəmanlığından danışır. Bəli,  qürurla söyləyə bilərik ki,  bizim ən müasir  silahlarla, texnika  ilə  təchiz edilmiş yenilməz və Müzəffər Ordumuz var. Vətən müharibəsi başlayandan Rəşadətli Ordumuz  bizə hər gün qələbə sevinci yaşadır.  Oktyabr ayı 27 il yurd həsrəti ilə yaşayan zəngilanlılar, eləcə də xalqımız  üçün zəfər ayı oldu.

 

Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbin direktoru Vüsalə  Xaməmmədqızı  Zəngilandan məcburi köçkün düşəndə 12 yaşı olduğunu bildirərək artıq tarixə qovuşan 27 illik  Vətən həsrətindən danışdı. 

 

- Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  başçılığı ilə Müzəffər Ordumuz  zəfər yürüşü ilə Zəngilanı düşmən tapdağından azad etdi. 27 il yurd həsrəti ilə yaşayan zəngilanlıları və xalqımızı sevindirdi.

 

Zəngilanımda həyat yenidən bərpa olunacaq, infrastruktur qurulacaq, evlərdən körpə səsi eşidiləcək, uşaq gülüşü duyulacaq. Sevincimi sözlə ifadə etmək mümkün deyil. Bu sevinci bizə, işğaldan azad olunan hər bir rayonun, kəndin sakinlərinə yaşadan Ali Baş Komandan və əsgərlərimizdir. Prezident İlham Əliyev hər gün yeni-yeni torpaqların azad edilməsi xəbərini xalqa sevinclə çatdırır. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi son qarış torpağımız düşmən tapdağından azad edilənə qədər davam edəcək. Biz qalib gələcəyik! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

 

Zəfər bayrağımız Zəngilanda dalğalanır

 

Zəngilan rayonu 13 nömrəli tam orta məktəbin   müəllimi   Mələk    Məmmədova:   - “Ali Baş Komandan cənab  İlham  Əliyev xalqımıza  müraciət edərək  qələbə  xəbərini çatdırdı. Bəli, bu xəbəri eşidən kimi uşaqdan böyüyə hər birimiz sevincimizdən gözlərimiz doldu. Elə bir həmin an dünyanı bizə verdilər. Mən həmin xoşbəxt anları sözlə  ifadə edə bilmirəm.  Zəngilan azadlığa qovuşdu. Zəfər bayrağımız artıq canımızdan çox sevdiyimiz Zəngilanda dalğalanır.

 

27 ildən sonra elimizə - obamıza qayıdırıq, özü də qalib kimi.

 

Bizi qələbəyə aparan yol

 

Zəngilan rayon 14 nömrəli tam orta məktəbin müəllimi Dildar Kərimova  da böyüyüb boya-başa çatdığı Zəngilan haqqında danışaraq bildirdi ki,  bu gün 28 ildir erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımız ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad edilir.

 

Biz Zəngilan rayonundan olan məcburi köçkün müəllimlər də torpaqlarımızın işğaldan azad olunmasına ürəkdən sevinir, öz yurd-yuvamızda  dərs deyəcəyimiz günləri səbirsizliklə gözləyirik. Var olsun Ali Baş Komandanımız cənab İlham Əliyev! Yaşasın bizə zəfərlər daddıran  Şanlı Azərbaycan Ordusu!

 

“Babamın, nənəmin sevincdən hönkür-hönkür ağlaması heç vaxt yadımdan çıxmayacaq”

 

Zəngilan məktəbliləri də işğaldan azad olunmuş  rayonlarında dərs keçəcəkləri günü səbirsizliklə gözləyirlər.  Zəngilan rayon 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəzrin Quliyeva: - “Uzun həsrətdən sonra bu gün Zəngilan haqqında yazmaq və danışmaq mənim üçün çox sevincli və qürurverici haldır. Çünki Ali Baş Komandanımız İlham Əliyevin  rəhbərliyi ilə Müzəffər Ordumuz Zəngilanımızı düşmən tapdağından azad edib. Sevincimizdən ürəyimiz köksümüzə sığmır. Ata - babalarımızın iz qoyduğu, nənələrimizin nağıl söylədiyi, analarımızın layla çaldığı torpaqlarımız azad olundu!

 

Düzdür, mən Zəngilanı görməsəm də, onun haqqında nənə və babalarımızdan, valideynlərimdən eşitmişəm.

 

Biz rayonumuzun azad edilməsi xəbərini səbirsizliklə gözləyirdik. Nəhayət, o gün gəlib çatdı. Həmin an hər birimizin gözlərindən sevinc yaşları axırdı. Babamın, nənəmin sevincdən hönkür-hönkür ağlaması heç vaxt yadımdan çıxmayacaq.

 

Biz o torpaqda sevinc və qürur hissi ilə addımlayacaq, zümrüd meşələri, şəfalı yaylaqları, güllü-çiçəkli çəmənləri görəcəyik.

 

İndi şəhidlərimizin də ruhu şaddır. İnşallah, Zəngilanım işğaldan azad olunduğu kimi, tezliklə digər işğal altında olan torpaqlarımız da Rəşadətli Ordumuz tərəfindən azad ediləcək və Qarabağımızda üçrəngli bayrağımız dalğalanacaq”.

 

Xoş gördük Zəngilanım...

 

Zəngilan rayon  1 nömrəli tam orta  məktəbin  XI sinif  şagirdi  Nəzrin Mehtizadə: - “Ali Baş  Komandanımızın  rəhbərliyi  ilə Şanlı  Ordumuzun  27  sentyabrdan  başlayan  zəfər  yürüşü  hamımızın  sevincinə səbəb  oldu. 30  ilə  yaxın  zaman   kəsiyində  işğal  altında  olan  torpaqlarımız  yaramaz  məxluqlardan   azad  olunduqca  bu  xalqın  vətənpərvər  qızı  olaraq  daha  da  qürurlanıram. 

 

Əsgər  və  zabitlərimiz  sübut   edirlər  ki, Azərbaycan  xalqı  mərd, mübariz, qəhrəman  və yenilməz  xalqdır.   Valideynlərim  mən  yaşda  olanda  vətəndən  vətənə  məcburi  köçkün  gəliblər. Zəngilan  haqda  nənə-babalardan, müəllimlərdən,  valideynlərimdən  eşitmişəm, kitablardan, qəzet  və  jurnallardan  oxumuşam, yuxularımda  görmüşəm. Heç  görmədiyim  ata-baba  yurduma  çox möhkəm tellərlə, qəlbən  bağlıyam. Bu gün çox  sevincliyəm, həddən   çox!!!

 

Ən sevincli anım igid  əsgərlərimizin  bayrağımızı Zəngilan  şəhərinə qürurla  sancmasını görməyim  oldu. 

 

Hər  kəs  sevinc  göz  yaşlarını silərək  Ali Baş  Komandanımıza və  Ordumuza  uğurlar dilədi. Uğurların  davamlı  olsun,  Azərbaycan  Əsgəri! 

 

Ən böyük arzum  hüquqşünas  olmaq və  Zəngilanda  hüquqşünas kimi çalışmaqdır”.

 

Azərbaycanımızın igid oğulları tarix yazırlar

 

Zəngilan rayonu 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fəqan Paşayev: - “Mən Zəngilanı görməsəm də həmişə böyüklərdən, oranı görənlərdən soruşurdum. Onlar da dərin bir kədərlə, həsrətlə doğma torpaqlarımızdan mənə danışırdılar.  Böyüklərdən eşitdiklərimi həmişə yuxularımda, xəyallarımda canlandırırdım, bir anlığa sanki oranı ziyarət edirdim.

 

Biz Azərbaycan igidlərinin qəhramanlıqlarını hər zaman kitablarından oxuyurduq. Amma hazırda Azərbaycan qəhrəmanlarının göstərdikləri igidlikləri, qəhrəmanlıqlarını öz gözlərimizlə görürük, canlı şahidi oluruq. Azərbaycanımızın igid oğulları hazırda qızıl hərflərlə tarix yazırlar. Biz bu tarixi zəfərə əsgər oğullarımızın qanı bahasına nail oluruq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. 

 

Rəşad ZİYADOV



30.10.2020 | 14:09