İnanırıq ki, yaxın günlərdə Siz xalqa növbəti müraciətinizdə Şuşanın, Laçının, Kəlbəcərin və digər işğal altında olan torpaqlarımızın azad olunması xəbərini bəyan edəcəksiniz
Hörmətli Prezidentimiz.

 

Sizi Lənkəran müəllimləri adından salamlayırıq. Mükəmməl savada və ağıla, böyük vətənpərvərlik hisslərinə və möhkəm qətiyyətə əsaslanan nümunəvi idarəçiliyinizdə biz hər zaman Sizi dəstəkləyirik.

Cənab Ali Baş Komandanımız, xalqımıza yaşatdığınız bu sevincə görə başda Siz olmaqla, bütün Azərbaycan Ordusuna minnətdarlığımızı bildiririk.

Bu şərəfli mübarizəmizdə, haqq yolumuzda Tanrı Sizi, Ordumuzu, xalqımızı qorusun. Tezliklə Qarabağımızın tam azadlığa qovuşmasını, bütün şəhidlərimizin ruhunun şad olmasını diləyirəm.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

Əkbərova Pərvin Güloğlan qızı,

Lənkəran rayonu, Gərmətürk kəndi

 

 

Əziz Prezidentim.

 

Mən Qazax rayonunda yaşayıram, S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdiyəm. Vətənimi çox sevirəm. İşğaldan azad edilmiş torpaqlarımıza görə sevinirəm və Sizi təbrik edirəm.

Əsgər əmilərimə də təşəkkürümü bildirirəm. Azərbaycan inamla irəli addımlayır. Mən əminəm ki, bizim Qələbəmizə az qalıb. Arzum budur ki, böyüyəndə azad edilmiş torpaqlarımıza gedim.

Sizə işlərinizdə uğurlar arzulayıram. Mən Sizi çox sevirəm.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

Allahverdiyeva Mürəndə Xəqani qızı,

Qazax rayonu, Ağköynək kəndi

 

 

Hörmətli cənab Prezident.

 

Mən 4-cü sinif şagirdiyəm, adım Ayxandır. Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayıram. Mən Sizə təşəkkürümü bildirmək istəyirəm.

Sizin əmrinizlə əsgərlərimiz Qarabağda irəliləyirlər. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən indi başa düşürəm ki, qələbə hissi nə deməkdir. Amma əsas qələbəmiz irəlidədir. İnşallah, Qarabağı alacağıq və oraya üçrəngli şanlı Bayrağımızı sancacağıq.

Mən Sizinlə fəxr edirəm, Ali Baş Komandan. Azərbaycanın Prezidenti olduğunuz üçün xalqımız xoşbəxtdir. İnşallah, uzun illər boyu Prezidentimiz olacaqsınız. Mənim 84 yaşlı nənəm də Sizi təbrik edir.

Ulu Öndərimiz Heydər Əliyevə Allah rəhmət eləsin. Polad Həşimova, Mübariz İbrahimova və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Allah cəbhədə döyüşən igid əsgərlərimizi qorusun. Özünüzə yaxşı baxın.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Hörmətlə,

Aslanlı Ayxan,

Qəbələ rayonu, Vəndam qəsəbəsi, şagird

 

 

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

 

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi də var: “Ordun varsa, yurdun var”. Bu gün bizim müqəddəs yurdumuzu qoruyan rəşadətli Ordumuz və Ordumuzun Sizin kimi güclü sərkərdəsi var. Artıq 20 gündən çoxdur ki, Sizin komandanlığınızla müqəddəs yurd yerlərimizin düşmən tapdağından azad olunması uğrunda uğurlu hərbi əməliyyatlar həyata keçirilir. Bu uğurlu hərbi əməliyyatlarla yanaşı, eyni zamanda Sizin dünya şöhrətli siyasi lider kimi beynəlxalq ictimaiyyət qarşısında qətiyyətli çıxışlarınız xalqımızda böyük qürur hissi yaradıb.

Möhtərəm Prezident.

Hər günümüz şad xəbərlərlə açılır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, bir sıra kəndlərin və yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Bütün bu şad xəbərləri Sizdən eşitməyi ikiqat qələbə sayırıq. İnanırıq ki, yaxın günlərdə Siz xalqa növbəti müraciətinizdə Şuşanın, Laçının, Kəlbəcərin və digər işğal altında olan torpaqlarımızın azad olunması xəbərini bəyan edəcəksiz. Biz Sizinlə qürur duyuruq!

 

Dərin hörmət və ehtiramla,

Mürsəlov Rahim Şirqazi oğlu,

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, UNEC-in İqtisadiyyat  fakültəsinin dekan müavini

 

 

Hörmətli Ali Baş Komandan!

 

Sentyabrın 27-də erməni təxribatından sonra Sizin rəhbərliyinizlə Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində qazanılan uğurlar xalqımızın, o cümlədən biz qarabağlıların hədsiz sevincinə səbəb olur. Ən müasir silah-sursatla təchiz olunmuş qüdrətli Azərbaycan Ordusu düşməni darmadağın edərək onları tarixi torpaqlarımızdan qovur.

Dəyərli Prezidentimiz, biz Cəbrayıl rayon Akademik Əşrəf Hüseynov adına Əmirvarlı kənd orta məktəbinin kollektivi adından bu tarixi günləri bizə bəxş etdiyiniz üçün Sizə, Ordumuza minnətdarıq. Bu gün biz illərdir həsrətini çəkdiyimiz doğma Cəbrayılımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. İşğaldan azad edilən ərazilərimizin videogörüntülərinə baxarkən erməni cəlladlarının bu torpaqlarda törətdiyi vəhşilikləri, vandallıqları hər birimiz ürək ağrısı ilə seyr edirik. Lakin əminik ki, məhz Sizin rəhbərliyinizlə işğaldan azad edilən bütün torpaqlarımız, o cümlədən Cəbrayıl rayonunun bütün şəhər və kəndləri yenidən bərpa ediləcək, burada yeni infrastruktur, sosial obyektlər inşa ediləcək.

Əziz Prezidentimiz, inanırıq ki, ən qısa zamanda Əmirvarlı kəndində inşa ediləcək yeni məktəbin açılışını Sizinlə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə birgə edəcəyik.

Allah Sizi, qüdrətli Ordumuzu qorusun!

 

Hörmətlə,

Məmmədova Lətafət,

Cəbrayıl rayon Akademik Əşrəf Hüseynov adına Əmirvarlı kənd orta məktəbin direktoru,

Bayramova Zöhrəbanı, 

direktor müavini,

Xudiyeva Qənirə,

direktor müavini

 

 

Əziz Prezidentim.

 

Televizorda Sizi daim izləyirik. Bizdə evdə hamı hər gün Sizin üçün dua edir. Mən də dua edirəm. Çünki Siz bizə öz doğma Qarabağımızı qaytarırsınız. Bundan sonra Qarabağda hər evdə bizim işığımız yanacaq. Erməni vəhşilərinin atdığı mərmi səslərini evimizdə eşidirik. Gecələr çox qaranlıq olur. Amma işıqlarımız daim yandığı üçün bu bizi qorxutmur. Bu il yay tətilində mən Şuşanı görməyə gedəcəyəm.

Şuşada da Sizin üçün dua edəcəyəm. Sizi çox istəyirəm, mənim Prezidentim.

 

Hörmətlə,

Gültac İmanova,

Füzuli rayonu Şəhid Ağamoğlan Cəbrayılov adına Allıxanlı kənd orta məktəbinin 5-ci sinif şagirdi

 

 

Əziz və hörmətli Ali Baş Komandan.

 

Mən Xaçmaz şəhəri İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 7b sinif şagirdi Zakirli Selcan Əbülfəz qızı, mən və ailəm  Sizinlə  fəxr  edirik  və  hər  Sizin  çıxışınızı  diqqətlə  izləyirik.

Sizin çıxışlarınızı səbirsizliklə gözləyirik. Çünki, bilirik ki, Siz yenə də bizi yeni Qələbə xəbərləri ilə sevindirəcəksiniz.

Allah canınızı sağ eləsin.

 

Hörmətlə,

Selcan Zakirli,

Xaçmaz rayonu

 

Ali Baş Komandan İlham Əliyev!

 

Ordumuzun uğurlu döyüş əməliyyatları davam edir. Mən inanıram ki, tezliklə bizim Şanlı Bayrağımız Qarabağın hər tərəfində dalğalanacaq. Ermənilərin atdığı raketlər neçə-neçə evlərimizi dağıdıb. Təki Azərbaycan əsgərinin heç birinə zərər dəyməsin. Əsgərimizin bir dırnağına yüz bina qurban olsun. Mənim beş yaşlı qardaşımın adı Zəfərdir. Zəfər xəbərlərdə Sizi izləyərkən hər dəfə Sizdən biz zəfər çalacağıq sözünü eşidəndə bütün ailəmiz kimi, o da sevinir. Həmişə deyir ki, televizorda məndən danışırlar. Mən ona adının mənasını başa salandan sonra o, öz adı ilə daha çox fəxr edir. Ailəmizin ən kiçik üzvü olan Zəfər də bizimlə birlikdə səbirsizliklə Sizin çıxışlarınızı, qələbə xəbərlərinizi gözləyir. Sizin çıxışlarınız hər birimizin qələbəyə olan inamını artırır.

 

Biz Sizinlə fəxr edirik, cənab Prezidentimiz!

 

Hörmətlə,

Quliyeva Nuray Qalib qızı,

Xocalı rayon Kosalar kənd tam orta məktəbin 4-cü sinif şagirdi, Gəncə şəhəri

 



30.10.2020 | 10:14