Kimya fənni üzrə imtahan tapşırıqlarının elmi-metodiki təhlili

 

Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun növbəti iclası keçirilib.

 

DİM-dən bildirilib ki, iclasın gündəlik məsələsi 20 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili olub.

 

Hər bir tapşırığın aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı alt standart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi haqqında məlumat verilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildiriblər.

 

Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu təsdiqini tapıb. Tapşırıqlarla abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək mümkün olub. Bildirilmiş redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.

 

Statistik göstəricilər əsasında aparılmış bu müzakirələrdə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

 

Növbəti iclasda (3 noyabr 2020-ci il tarixində) 21 avqust 2020-ci il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - I ixtisas qrupu üzrə imtahanda istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlilinin müzakirəsi aparılacaq.

 

 



28.10.2020 | 10:32