Təhsil və koronavirus

Müxtəlif ölkələrdə dərslər necə keçirilir?

 

Oktyabrın 19-dan koronavirus pandemiyasına yoluxma hallarının artması ilə əlaqədar Rusiya paytaxt məktəblərinin VI-XI sinif şagirdləri dərslərə distant formatda qayıdıblar.  Bu müvəqqəti tədbir ibtidai məktəb şagirdləri ilə müqayisədə virus  infeksiyasına tutulma riski yüksək olan yuxarı sinif şagirdlərinin sağlamlığını qorumağa kömək edəcək.

 

Məsafədən tədrisə qayıtmaq valideynlər arasında tədrisin bu formasının effektivliyi barədə çoxsaylı diskussiyalara yol açıb. Dünya ölkələrindəki  məktəb sistemləri tədrisin bu formatının tətbiqində nə dərəcədə uğur qazana bilir?

 

Kanada: Müəllim və şagirdlər təhsil formatından narazıdırlar

 

Kanadanın Ontario əyalətində bu ilki  tədris ilində məktəblərə getmək məcburi deyil. Valideynlər uşaqlarının dərsə gedib-getməməsi və ən yaxşısı, evdən məşğul olması barədə qərar verirlər. İlk baxışdan yaxşı bir qərar kimi görünür. Amma heç də belə deyil...

 

Məktəblilərin əksəriyyəti evdə oturmağı və sinifdə oxuyanlarla eyni vaxtda tədrislə sinxron məşğul olmağı üstün tuturlar. Lakin texniki, təşkilati cəhətdən bu formatın reallaşması müəllim üçün mümkün deyil. Müəllimlər bu sistemdən məmnun qalmırlar. Onların sözlərinə görə, bütün sinif  ya məktəbdə, ya da distant formatında oxuyarkən daha effektivdir. İki cəbhəyə bölünmək və hər kəsi izləmək asan deyil; təhsilin keyfiyyəti aşağı düşür.

 

Bir çox şagirdlər elektron təlimlə mübarizə aparırlar, çünki bu formatla tanış deyillər.  Onlar məyusluq keçirir və dərslərlə məşğul olmağı dayandırırlar. Bundan əlavə, internetə çıxışı olmayan uşaqlar da var, onlayn dərslərdən kənarda qalırlar. "Bəzi uşaqların texnoloji imkanları (müvafiq cihazlar) yoxdur, genişzolaqlı əlaqə  imkanları məhduddur, uşaqların bir qismi bu şəkildə heç cür təhsil ala bilmirlər", - deyə Ontario Orta Məktəb Müəllimləri Federasiyasının prezidenti Harvey Bişof bildirib.

 

Hindistanlı məktəblilər radio ilə öyrənir

 

Hindistanda daha acınacaqlı vəziyyətdir. Burada məktəblər bütün böyük şəhərlərdə, məsələn, Dehlidə açıq deyil. Orada uşaqlar üçün onlayn dərslər tövsiyə olunur. Hər şey gözəl olardı, amma  bir çox ailədə kompüter və noutbuklar, hətta mobil telefonlar da yoxdur. Mövcud vəziyyətdən çıxış yolu kimi hind məktəblilərinə radio və televizor vasitəsilə təlim təklif olunub. Onlar dərsləri dinləyir və tapşırıqları yerinə yetirirlər, lakin onların dəqiqləşdirici suallar verəcəkləri kimsə yoxdur.
 

Amerika məktəbliləri müəllimlərlə ünsiyyətdən məhrum olublar

 

ABŞ prezidenti Donald Tramp hələ yazda distant təhsil barədə mənfi rəydə olduğunu bildirərək tədrisin bu formasının  "məktəbdə təhsil almaqla müqayisədə dəhşətli olduğunu" söyləyib və payızdan etibarən təhsil müəssisələrinin açılmasında israr edib. Lakin səhiyyə məmurları qəti bildirirlər  ki, məktəblər lazımi təhlükəsizlik tədbirləri olmadan açılmamalıdır.

 

Nəticədə ölkənin 13 mindən çox məktəb dairəsinin rəhbərləri prezidentin məktəblərin açılması barədə tələbi ilə təhlükəsizlik tələbləri və uşaqların sağlamlığına  qayğı arasında qalıblar.  Beləcə bir sıra böyük ştatlarda məktəblər açılmayıb.

 

Məsələn, Nyu-Yorkda oktyabrın əvvəlində 300 məktəb bağlanıb, dərslər müəllimlə ünsiyyəti nəzərdə tutan onlayn təhsilə və tapşırıqların, layihələrin icrası , yazılmış video dərslərin izlənməsini nəzərdə tutan fərdi təlimə keçib.  

 

Nyu-Yorkdan fərqli olaraq Moskvada valideynlər və şagirdlər hələ də müəllimlərlə ünsiyyət qururlar, dərslər cədvəl üzrə keçirilir və təhsil prosesi kəsilmir. Bununla yanaşı, məktəblərdə təhlükəsizlik tədbirləri və yuxarı siniflər üçün qismən distant format yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır.
 

Çexiya məktəbləri onlayn dərslər üçün avadanlıq ala bilməyiblər

 

Sentyabrın sonundan Çexiyada məktəblər distant təhsilə keçib. Müəllimlərin fikrincə, bu format ibtidai məktəb üçün əlverişli deyil, çünki uşaqlar valideynlərinin köməyi ilə məşğul olmalıdırlar. Bundan əlavə, bir çox məktəblər hələ onlayn dərslər üçün avadanlıq ala bilməyiblər. Moskvada bütün məktəblər çoxdan lazım olan cihazlarla təchiz edilib, buna görə də məsafədən tədrisin təşkili ilə bağlı  problem yoxdur. Paytaxtda ibtidai məktəbin şagirdləri və beşinci sinif şagirdləri əyani dərslərə qayıdıblar.

 

Bu, bir neçə səbəbdən edilir. Birincisi, yuxarı sinif şagirdləri ilə müqayisədə onların koronovirusa yoluxma ehtimalı daha azdır.

 

İkincisi, kiçikyaşlıların məsafədən tədrisə uyğunlaşması daha çətindir. Bundan əlavə, onlar evdə böyüklərin nəzarəti altında olmalıdırlar ki, bu da çox vaxt mümkün deyil, çünki valideynlər işləyir.

 

Beşinci sinif şagirdləri üçün orta təhsilin ilk ili başlayır, yeni sinif rəhbəri və yeni müəllimlərlə ünsiyyətdədirlər, uşaq üçün olduqca stresli bir dövrdür. Buna görə də onlar üçün məktəbdə gündəlik dərslər daha yaxşıdır.

 

İsrail müəllimləri məsafədən tədrisə hazır deyillər

 

İsraildə bütün məktəblər bağlanıb, uşaqlar uzaqdan oxuyur. Lakin bütün müəllimlər dərsləri onlayn formatda keçirməyə hazır deyil. "Müəllimlərin hamısı internetdə necə dərs deməyi bilmir, uzun illər ərzində heç kim uzaqdan təhsil almaq üzrə müəllimlər üçün təlim keçməyib, çünki heç kim belə bir "bumu" gözləmirdi", - deyə İsrail mediası məktəb direktoruna istinadən xəbər verir.

 

Son internet sorğusuna görə, rəyi soruşulanların 62% -i qeyd edib ki, koronavirus epidemiyası dövründə İsrail məktəblərində onlayn təhsilə keçid zəruri və əsaslandırılmış tədbir olub. Eyni zamanda respondentlərin 75% -i hesab edir ki, İsraildə yeni tədris ilinə hazırlıq qənaətbəxş səviyyədə deyil.

 

Oruc MUSTAFAYEV



27.10.2020 | 12:15