Milli Qəhrəman və şəhid adı daşıyan məktəblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

 

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

 

Onu da qeyd edək ki, vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.

 

Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır.

 

Azərbaycan xalqı Milli Qəhrəmanların və şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır.  Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid alilələri hərtərəfli qayğı ilə əhatə olunur.

 

Azərbaycan əsgəri bu gün də misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda  döyüşür, dövlətimizin zəfər tarixini yazır. Şanlı ordumuz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, uğurlu əməliyyatlar keçirərək bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir.

 

Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid  övladların müqəddəs xatirəsini ehtiramla anır, ön cəbhədə rəşadətlə mübarizə aparan əsgərlərimizə böyük qələbə sevincini yaşamağı arzulayır və tezliklə işğal altında olan digər torpaqlarımızda da üçrəngli bayrağımızın dalğalanacağına əminliyimizi ifadə edirik. 

 

 



26.10.2020 | 14:00