TEC tələbələri elmi axtarışlara istiqamətləndirir

Mayın 31-də Sumqayıt Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş IV tələbə elmi konfransı öz işinə başlayıb.

 

Konfrans iştirakçıları əvvəlcə böyük zalın foyesində IV tələbə elmi konfransında yer tutan tələbələrin məruzələrindən ibarət sərgi ilə tanış olublar.

 

Konfransı universitetin rektoru, professor Elxan Hüseynov açaraq ölkəmizdə elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb, bu siyasətin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və gənclərin yüksək bilik əldə etmələrinə dəstək verildiyini vurğulayıb. Belə konfransların keçirilməsini tələbələrin elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini diqqətə çatdıran rektor, tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs edib.

 

Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

 

Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Lalə Bunyatova TEC-in əsas fəaliyyət istiqamətləri və bu istiqamətlər üzrə görülən işlər barədə hesabat verib. Qeyd edib ki,  bu tədris ilində böyük uğurlar əldə olunub. Belə ki, oktyabırın 18-19-da Başqırdıstanın paytaxtı Ufa şəhərində Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) təşkilatçılığı ilə “Təhsil elm və mədəniyyət sahələrində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda II Forum keçirilib. Forumda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəsissələrindən  yalnız Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak edərək diplom və müxtəlif hədiyyələrə layiq görülüblər.

 

Sonra tələbələrin mükafatlandırılma mərasimi keçirilib.

 

Qeyd edək ki, konfransa 23 bölmə üzrə 133 tezis qəbul edilib və  materiallar toplu şəklində çap olunub.

 

 

 

 

 



03.06.2018 | 10:23