Ordumuzun uğurlu əməliyyatları hər birimizi sevindirir!

Sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi rəşadətli Ordumuzun qələbə xəbərləri ilə hər bir vətəndaşımızı sevindirməkdədir. 30 il erməni işğalı  altında olan əzəli torpaqlarımızın azadlığa qovuşması xarici ölkələrdə təhsil həyatı yaşayan tələbələrimizi də sevindirir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçüləri də yaşadıqları ölkələrdə fəallıq göstərərək ölkəmizin haqq işini, Azərbaycanın qələbə əzmini, dinc sakinlərimizə, mülki obyektlərə qarşı erməni vəhşiliyini keçirdikləri yürüş mitinqlərdə dünya ictimaiyyətinin diqqətinə çatdırır.

 

“Bir amal üzrə birləşən bütün vətəndaşlarımızla fəxr edirəm”

 

Mehriban Eldarlı,

Almaniyanın Hochschule Triesdorf Tətbiqi Elmlər Universitetinin məzunu, Dövlət Proqramı  təqaüdçüsü

 

-  Azərbaycanın haqq işinin Avropada geniş təbliğ olunması məqsədilə oktyabrın 3-də Almaniyanın Düsseldorf şəhərində keçirilən  “Erməni terroruna və işğalçılığına son” adlı yürüş-mitinqdə iştirak etmişəm. Yürüş zaman Almaniyada yaşayan millətlərə müxtəlif dillərdə məlumatlar verilmiş, çıxışlar olub.  Oktyabrın 17-də isə Berlin şəhərində 6000 minə yaxın azərbaycanlının iştirakı ilə “Erməni işğalına son” adlı yürüş-mitinqi təşkil olundu. Yürüş zamanı müxtəlif dillərdə çıxışlar oldu, erməni terrorçularının Azərbaycan Respublikasının müxtəlif şəhərlərində, o cümlədən Gəncə şəhərində dinc əhaliyə qarşı  törətdikləri əməllər qəti şəkildə pislənildi. 

 

Erməni təxribatlarına cavab olaraq Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad olunması üçün  uğurlu əməliyyat həyata keçirir. Rəşadətli ordumuzun uğurlu əməliyyatları hər birimizi sevindirir. Həm hərbi sahədə yüksək peşəkarlıq nümayiş etdirilir, həm  də sosial şəbəkələr vasitəsilə təşkil olunan məlumatlandırma, maarifləndirmə, eyni zamanda erməni iftiralarının ifşa olunması istiqamətində uğurlu işlər həyata keçirilir. Mən bir gənc olaraq aparılan çoxşaxəli mübarizə əməliyyatlarında bir amal üzrə birləşən bütün vətəndaşlarla, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı ilə fəxr edirəm. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!

 

Niderlandda Qarabağ həqiqətlərini çatdırmaq üçün sosial şəbəkə hesabı açdıq

Şamil Mustafayev,

Niderlandın Eyndhoven Universitetinin məzunu, Dövlət Proqramı təqaüdçüsü

 

- Hadisələrə münasibətim təbiidir. Azərbaycan uzun illər Ermənistanla danışıq aparmağa, problemi sülh yolu ilə həll etməyə çalışdı. Təəssüflər olsun ki, Ermənistanın baş naziri Paşinyan xalqımızı “Qarabağ Ermənistandır” deməklə təhqir etdi. Təbii ki, biz də bu təhqirə göz yuma bilməzdik. İllər boyu davam edən hücumların nəticəsi olaraq da nəhayət, əks-hücumla öz torpaqlarımızı işğaldan azad etmək qərarına gəldik və bu qərarla şəxsən mən də hər bir azərbaycanlı kimi Ali Baş Komandanı dəstəkləyirəm.

 

 

Görülən işlərə gəldikdə isə, bilirsiniz, Avropada həm media, həm də parlament ikili standart nümayiş etdirir. Müharibənin sanki islam-xristian dinləri arasında getdiyini qabardırlar, həm Türkiyəyə qarşı nifrətləri olduğu üçün bizi dəstəkləmirlər, həm də erməni lobbilərinin fəaliyyəti nəticəsində bizə qarşı məqalələr və bəyanatlar verməyə çalışırlar. Biz də öz növbəmizdə maksimum çalışırıq media ilə əlaqə saxlayaq, etirazlarımızı bildirək.

 

Bir neçə gün öncə Niderlandın ən böyük media şirkəti olan NOS-a müsahibə verib, Azərbaycanın mövqeyini oxuculara çatdırmışıq. Həmçinin Azərbaycan diasporasının köməyi ilə Azərbaycanın Müstəqillik Günündə  Haaqada etiraz aksiyası təşkil etmişik. Etirazımız isə günahsız yerə insanlarımızı, uşaqlarımızı öldürən və torpaqlarımızı işğal siyasətini davam etdirən Ermənistan hökumətinə idi. Bundan əlavə,  Gəncə hadisələrində həlak olmuş insanların adını əbədiləşdirmək və zərərçəkmiş şəxslərə yardım toplamaq məqsədilə dostum Orxanla birlikdə www.prayforganja.com saytını qurduq. Sonda isə Niderlandda yaşayan yerli əhaliyə  Qarabağ həqiqətlərini çatdırmaq üçün yerli dildə bir sosial şəbəkə hesabı açdıq və oradan məlumatlar paylaşırıq. Təbii ki, burada yaşayan ermənilər bundan çox qıcıqlansalar da, buna qarşı heç nə edə bilmirlər, çünki haqq bizim tərəfimizdədir. Ümid edirəm ki,  tezliklə bu müharibə bizim qələbəmizlə, ermənilərin işğal etdiyi torpaqlarımızı tərk etməsi ilə yekunlaşar. Allah ordumuzu qorusun!

 

Oruc MUSTAFAYEV



23.10.2020 | 13:26